Külli miqdarda narkotik vasitə qaçaqmalçılığının qarşısı alınmışdır

Külli miqdarda narkotik vasitə qaçaqmalçılığının, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsinin qarşısı Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində alınmışdır.
MTN-in ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşları - Nəhmətov Amid Firudin oğlu, İmanverdiyev Ayaz Mahmud oğlu və hazırda şəxsiyyəti istintaqla araşdırılan Ərşad adlı İran İslam Respublikasının vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni İrandan gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmişlər.
Müəyyən edilmişdir ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən Ərşad narkotik vasitələri İran istiqamətindən qaçaq yolla Azərbaycanın Astara rayonunun Alaşa kəndi ərazisinə keçirmiş və orada gizlətmişdir. Ayaz İmanverdiyev həmin narkotik vasitələri əvvəlcədən müəyyən edilmiş yerdən götürərək Astara rayonunun Şahağacı kəndində Amid Nəhmətova təhvil vermişdir. MTN-in əməkdaşları Ayaz İmanverdiyev və Amid Nəhmətovu yaxalamış, sonuncunun yaşadığı evə keçirilmiş baxış zamanı mənzildən 24 kiloqram 402,8 qram həşiş qətranı aşkar edilərək götürülmüşdür.
MTN-in həyata keçirdiyi digər əməliyyat nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Özbəkistan vətəndaşı İskanderov Pulat İskanderoviç saxlanılmışdır.
Məlum olmuşdur ki, Pulat İskanderov və qeyriləri "Bakcell Ltd" MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə girmişlər. Onlar əldə etdikləri xaricdə istehsal olunmuş "GSM" kanal paylayıcılarını və digər texniki avadanlığı Bakı şəhərində müxtəlif ünvanlardakı mənzillərdə quraşdırmışlar. Pulat İskanderov "Bakcell Ltd" MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş 245 ədəd "GSM" mobil telefon nömrəsi almış, bu nömrələri həmin xüsusi texniki avadanlığa daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil etmişdir. Göstərilən ünvanlara keçirilən baxış zamanı həmin avadanlıq işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, qısa müddət ərzində qanunsuz təşkil edilmiş beynəlxalq telefon danışıqları nəticəsində RİTN-ə 104 min manatdan artıq ziyan vurulmuşdur.
Hər iki faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma), həmçinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında