"Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda beynəlxalq simpozium işə başlamışdır

"Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda beynəlxalq simpozium işə başlamışdır
İyulun 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda beynəlxalq simpozium işə başlamışdır.
Simpoziumun iştirakçıları əvvəlcə sarayın foyesində Naxçıvanın tarixi ilə bağlı yazılmış kitab və monoqrafiyalardan, arxeoloji qazıntılar və aparılan tədqiqatlar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrindən ibarət sərgiyə baxmışlar.
Sonra simpozium öz işinə başlamışdır. Tədbirin iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Televiziyasının hazırladığı "Naxçıvanda ilkin şəhər mədəniyyəti" sənədli filminə baxmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək demişdir: Azərbaycan xalqı çox qədim və zəngin tarixə malikdir. Təəssüf ki, ölkəmizin tarixi uzun müddət lazımınca araşdırılmamış, xalqımızın mənsub olduğu dəyərlərin öyrənilməsinə imkan və şərait yaradılmamışdır. Azərbaycan müstəqillik qazandıqdan və müdrik dövlət xadimi, ulu öndər Heydər Əliyev ikinci dəfə ali hakimiyyətə qayıtdıqdan sonra bir sıra taleyüklü məsələlər kimi, Azərbaycan tarixinin, arxeologiya və etnoqrafiyasının, milli dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında tədqiq olunması sahəsində də əsaslı tədbirlər görülmüş, ayrı-ayrı bölgələrin, o cümlədən Naxçıvan tarixinin də araşdırılmasına başlanmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvanın tarixinin öyrənilməsində və bu sahənin yenidən elmi düşüncənin məhsuluna çevrilməsində 1996-cı ildə keçirilən "Uluslararası qaynaqlarda Naxçıvan" Beynəlxalq simpoziumu mühüm mərhələ təşkil edir. Bu simpoziumdan ötən dövr ərzində keçirilən 10-a yaxın beynəlxalq elmi simpozium bu ideyanı əməli fəaliyyət müstəvisinə keçirmiş, qısa müddətdə xeyli iş görülmüşdür.
Bildirilmişdir ki, muxtar respublika ərazisində 1200-ə yaxın tarixi abidə mövcuddur. Onların da yarıdan çoxu dünya və ölkə əhəmiyyətlidir. Elmi araşdırmalar nəticəsində aydın olmuşdur ki, təkcə indiki Naxçıvan şəhəri ətrafında - kiçik bir tarixi ərazidə 20-yə yaxın qədim yaşayış məskəni salınmış, bu məskənlər tədricən birləşərək 7-5 min il bundan əvvəl Naxçıvan ilkin şəhər mədəniyyətinin əsasını təşkil etmişdir.
Naxçıvanın müqəddəsliyinin bu ərazidə ən qədim ziyarətgah yerləri və eləcə də "Nuh-Naxçıvan" bağlılığı ilə əlaqədar olduğu vurğulanaraq qeyd edilmişdir ki, 1996-cı ildən sonra aparılan tədqiqatlar bu məsələyə də aydınlıq gətirmiş, Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarının yeri müəyyənləşdirilmiş və qədim mənbələr əsas götürülərək bərpa olunmuşdur. 2009-cu ildə keçirilmiş "Nuh peyğəmbər: Dünya tufanı və Naxçıvan" Beynəlxalq simpoziumu ən azı 7 min il bundan əvvəl baş vermiş ümumdünya tufanının Naxçıvanla bağlılığına aydınlıq gətirmişdir. Simpoziumun irəli sürdüyü elmi nəticə isə bundan ibarət olmuşdur ki, Naxçıvan Nuhla bağlı növbəti sivilizasiyanın beşiyi olan müqəddəs yerdir. Naxçıvan ətrafında eramızdan əvvəl 5-ci minilliyə aid "Əshabi-Kəhf" ziyarətgahı vardır ki, bu da ilkin şəhərsalmada mühüm rol oynayan vacib elementdir. Naxçıvan şəhərinin qala içində və Nuh peyğəmbərin məzarı ətrafında salınması ilkin şəhər nəzəriyyəsinin Naxçıvan ərazisində bir daha öz təsdiqini tapmasının daha bir göstəricisidir.
Bu mənada Naxçıvan həm də yeni həyatın başlandığı yerdir və bu, o deməkdir ki, Nuh peyğəmbərlə başlanan həyat bu ərazidə təşəkkül tapmışdır. Naxçıvan şəhəri ətrafında bol sulu çayların, təbii nemət kimi Duzdağının mövcudluğu qədim dövrlərdən bu ərazinin ilkin yaşayış yeri kimi seçilməsinə səbəb olmuşdur. 2011-ci ildə "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" mövzusunda keçirilmiş beynəlxalq simpozium bu mülahizəni elmi dəlillərlə daha da zənginləşdirmiş, tədbirdə ilk dəfə olaraq Naxçıvan şəhərinin yaşı və ilkin şəhər yeri öz təsdiqini tapmışdır. Əldə olunmuş maddi-mədəniyyət nümunələri sübut edir ki, Naxçıvan şəhərinin əsası 5 min il bundan əvvəl qoyulmuşdur. Həmin simpoziumda qarşıya qoyulan mühüm elmi istiqamətlərdən biri də Naxçıvan Duzdağ mədəniyyətinin araşdırılması idi.
Tədqiqatlar göstərir ki, bu ərazidə yaşamış ulu əcdadlarımız duzun üstün keyfiyyətlərini bildiklərindən eneolit dövründən başlayaraq Naxçıvanda duz mədənçiliyinin əsasını qoymuşlar. Faktlar sübut edir ki, Naxçıvan Duzdağı dünyanın tunel üsulu ilə duz çıxarılan ən qədim mədən yerlərindən biridir. Naxçıvan Duzdağı təkcə ilkin yaşayış yeri və ya təkcə ilkin mədənçilik yeri kimi deyil, eyni zamanda, Naxçıvan şəhər mədəniyyətinə bilavasitə təsir göstərən mədəniyyət yeri kimi də öyrənilməli və tədqiq edilməlidir.
Ali Məclisin sədri Azərbaycan alimlərinin və dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislərin fikirlərinin Naxçıvan şəhər mədəniyyəti məsələsini maraqlı elmi nəticələrlə daha da zənginləşdirəcəyinə əminliyini bildirmiş, bu yolda simpozium iştirakçılarına uğurlar, beynəlxalq elmi simpoziuma isə səmərəli və nəticəli fəaliyyət arzulamışdır.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov çıxış edərək dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda ölkə və dünya alimlərinin iştirakı ilə "Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzusunda beynəlxalq simpoziumun keçirilməsini ölkəmizin elmi-ictimai həyatında mühüm hadisə kimi dəyərləndirmişdir.
Simpoziumun plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nailə Vəlixanlı "Naxçıvan ilkin şəhər mədəniyyətinin tədqiqində və təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin materiallarının əhəmiyyəti", Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli "Nuhdaban oturaq məkanı və Duzdağ şəhərətrafı mədəniyyəti", ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşı, dosent-doktor Lauren Ristvet "2008-2012-ci illərdə Oğlanqalada aparılmış Azərbaycan-Amerikan qazıntı işləri", Fransa Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent-doktor Katerine Marro "Duzdağda duz mədən sənayesinin mənşəyi və inkişafı", Rusiyadan gəlmiş tarix elmləri doktoru, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Rudolf İvanov "Naxçıvan duz mədənlərinin rusiyalı tədqiqatçıları", Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov "Naxçıvan - müasir sivilizasiyanın ən qədim mərkəzlərindən biri kimi" və Ukrayna Elmlər Akademiyasının Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Vitali Otroşenko "Gəmiqaya petroqliflərinin dünyası: yanaşmalar və şərhlər" mövzularında məruzə etmişlər.
Beynəlxalq simpoziumun plenar iclası "nakhchivan.az" və "qedim.nakhchivan.az" internet saytlarında canlı yayımlanmış, simpoziumun gedişində 28 ölkədən 594 internet istifadəçisi bu saytlara müraciət etmişdir.
Beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirəcək, mövzu ilə bağlı məruzələr və çıxışlar dinləniləcək, elmi müzakirələr aparılacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında