Əhalinin etibarlı ərzaq təminatı sosial dayanıqlığın, iqtisadi sabitliyin və hərbi gücün başlıca meyarıdır
{nl}
Üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri ölkədə üzümçülük və şərabçılıq fəaliyyətinin genişləndirilməsindən, bu sahədə kooperasiya prosesinin stimullaşdırılması vasitəsi ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsul istehsalının və ixracının haqsız rəqabətdən qorunmasından ibarətdir.
Heydər ƏLİYEV Ümummilli lider
{nl}
1984-cü ildə üzüm sahələri 20,3 dəfə, üzüm yığımı 6 dəfə artmaqla, məhsul istesalı 2 milyon tona yüksəldilmiş, məhsuldarlıq isə 2 dəfədən çox artırılaraq ən yüksək həddə çatmaqla, 99,2 sentner/hektar təşkil etmişdir. Bununla da o dövrdə Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxmışdır.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Günü-gündən yeniləşən Azərbaycanımızın Naxçıvan bölgəsi özünün hazırkı sürətli inkişaf dövründə ötən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurur.
Bu illərdə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları əsasında muxtar respublikanın sosial-iqtisadi strategiyasına uyğun olaraq bir sıra mühüm qərarlar qəbul edilmişdir. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" və "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı" muxtar respublikada aqrar sektorun müasir tələblər səviyyəsində dinamik inkişafını təmin etməklə, əhalinin meyvə-tərəvəz və üzüm məhsulları ilə daha yaxşı təchiz olunmasına, nəticədə kənd adamlarının maddi-rifah halının daha da yüksəldilməsinə müsbət təsir göstərəcəkdir.
Muxtar respublikada davamlı xarakter alan inkişaf və tərəqqi regionda müxtəlif sahələrin inkişafını sürətləndirmişdir və bu sahələr içərisində kənd təsərrüfatı aparıcı mövqeyə malikdir. Kənd təsərrüfatının iqtisadi səmərəliliyininin yüksəldilməsində üzümçülük, meyvəçilik və tərəvəzçilik mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 avqust 2008-ci ildə "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamında 2015-ci ilə qədər əhalinin müxtəlif meyvə məhsullarına olan tələbatını adambaşına 88,5 kiloqrama çatdırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu qərara müvafiq olaraq muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması, stimullaşdırılması və əhalinin ərzaq təminatının yerli istehsal hesabına daha da yaxşılaşdırılması haqqında "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı" (2005-2010-cu illərdə), 17 sentyabr 2008-ci il tarixli "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" kimi mühüm sənədlərin icrası kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün maddi-texniki bazanın yaradılmasına imkan vermişdir. Ancaq görülən tədbirlərlə yanaşı, muxtar respublika ərazisində ayrı-ayrı kənd təsərrüfatı məhsullarının artırılması üçün stimullaşdırıcı təsirə malik olan, işlək mexanizmə əsaslanan istehsalçı - alıcı - satıcı şəbəkəsinin yaradılmasına, pul dövriyyəsinin sürətləndirilməsi üçün satış bazarlarının genişləndirilməsinə və yeniləşdirilməsinə, bir sıra yeyinti məhsullarının saxlanılma müddətinin uzadılmasına, ixracat şəbəkəsinin yaradılması üçün iritutumlu xüsusi anbarların, soyüdücü kameraların tikilməsinə, yerli və idxal məhsullarının keyfiyyətinə nəzarətin artırılmasına ciddi ehtiyac duyulur. Bu baxımdan Naxçıvan şəhərində ərzaq məhsullarının keyfiyyət müayinəsinin aparılması üçün müasir tipli laboratoriyanın fəaliyyət dairəsi genişləndirilməli, mütəxəssis rəylərinin ciddi nəzərə alınması imkanları daha da təkmilləşdirilməli və məsuliyyəti artırılmalıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 14 fevral 2012-ci ildə təsdiq etdiyi "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı" isə (bundan sonra Dövlət Proqramı) aqrar siyasətin hazırkı dövrdə əhalinin artan tələbatına uyğun olaraq meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul edilmiş mühüm dövlət sənətidir. Həmin sənəddə muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq, 2015-ci ildə ümumi meyvə istehsalını 45 min tona çatdırmaq bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu məqsədə nail olunması üçün intensiv texnologiyaya əsaslanan yüksək keyfiyyətli və məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, unudulmuş aborigen sortların bərpası, tərəvəz məhsullarının, əkin sahələrinin genişləndirilməsi və artımına nail olunması, yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının müəyyənləşdirilməsi, meyvə və tərəvəzçiliyin genişləndirilməsi zamanı müasir texnologiyanın tətbiqi, əkin sahələrini gübrələrlə, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizəsi üçün kimyəvi preparatlarla dolğun təmin edilməsi, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz giləmeyvə, meyvə və tərəvəz məhsulları ilə təmin edilməsi üçün anbar şəbəkələrinin və saxlama soyuducu kameraların yaradılması, daxili bazarın qorunması, meyvə-tərəvəz məhsullarının tədricən idxalının azaldılması və ixracının təşkili, yeni müasir istehsal müəsissələrinin yaradılması kimi mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həllivacib tədbirlər haqqında vaxtında çıxardığı müvafiq qərar və sərəncamlar aqrar sektorda da ayrı-ayrı sahələrin inkişafı üçün əlverişli şərait yaratmışdır.
Üzümçülük Azərbaycanda, o cümlədən muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 15 dekabr 2011-ci il tarixli sərəncamında isə üzümçülüyün əsas istiqamətləri, müasir vəziyyəti, inkişafının məqsəd və vəzifələri, maliyyə mənbələri və gözlənilən nəticələr müəyyənləşdirilmişdir. Üzümçülüyün yenidən inkişaf etdirilməsi gələcəkdə Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının büdcəsinə külli miqdarda maddi gəlir verməklə yanaşı, üzümün becərilməsi ilə məşğul olan kənd əhalisinin maddi-rifah halının da yüksəldilməsində mühüm rol oynayacaqdır.
Hələ b.e.ə. 3000 il öncə qədim Naxçıvan diyarında yaşayan türk tayfalarının əsas məşğulluq sahələrindən biri də üzümçülük olmuşdur. Ona görə də uzun illərdən bəri xalq seleksiyası nəticəsində çoxlu sayda qiymətli üzüm sortları yaradılaraq nəsildən-nəslə ötürülmüşdür. İslam dininin qəbul edilməsinə qədərki dövrdə bu ərazidə süfrə üzümçülüyü ilə yanaşı, üzümdən əsasən şərab məhsullarının hazırlanmasına daha çox diqqət yetirildiyindən üzüm bağlarında texniki sortlar üstünlük təşkil etmişdir. Lakin İslam dininin qəbul edilməsi ilə əlaqədar olaraq şərab məhsulları istehsalı qadağan olunduğuna görə üzüm bağlarında daha çox süfrə sortlarının becərilməsinə başlanılmışdır. O dovrdə üzüm məhsulundan həm təzə halda, həm də müxtəlif spirtsiz məhsulların, həmçinin qurudulmuş kişmiş və mövüc hazırlanmasında istifadə olunmuşdur, hətta belə məhsullar Yaxın Şərq ölkələrinə də ixrac edilmişdir. Hazırda Sankt-Peterburq şəhərində Ermitajda saxlanılan və Naxçıvan ərazisindən tapılmış VII əsrə aid üzüm salxımları ilə bəzədilmiş tunc at fiquru əyani şəkildə göstərir ki, bu diyarın yerli əhalisi çox qədimdən üzüm bitkisini necə sevmiş və qiymətləndirmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin birinci hakimiyyəti dövründə bütün inzibati ərazilərdə olduğu kimi, muxtar respublikada da kənd təsərrüfatı yenidən qurulmuş, bütün istehsal sahələri demək olar ki, dinamik inkişaf yoluna qədəm qoymuşdur. Xüsusilə, 22 fevral 1979-cu ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında" tarixi qərardan sonra muxtar respublikada o dövrdə əkinə yararlı sahələrin 65-72 %-ni yeni salınmış üzüm plantasiyaları tutmaqla, əhalinin illik maddi gəlirinin artımı 40-55 % təşkil etmişdi. Lakin o dövrdə üzüm plantasiyaları salınarkən ərazidəki üzüm genofondunun yaxşı öyrənilməməsi səbəbindən çox qiymətli yerli sortlardan az istifadə olunmuş, əkin materialları, xüsusən texniki sortlar ən çox kənar respublikalardan gətirilmişdir.
Tarixi mənbələrdə qeyd edildiyi kimi, regionda tez, orta və gecyetişən, xoşagəlimli əmtəə görünüşlü, gilələrinin müxtəlif rəngləri olan Ağ kişmişi, Qırmızı kişmişi, Sarı kişmişi, Qara kişmişi Qəhvəyi kişmişi, Əsgəri, Xəlili, Kürdəşi, həmçinin Naxçıvan Hüseynisi, Bəndi, Bənənyari, Miskalı, Haçabaş, Ağ tayfı, Ağ aldərə, Nənəqırna, Naxçıvan şanısı, Naxçıvan qara üzümü, Sahibi, Xan üzümü və s. aborigen üzüm sortları ulu babalarımızın bizə miras qoyub getdikləri ən gözəl seleksiya nümunələridir. Üzümdən həm təzə, həm də kişmiş, mövüc, sirkə, bəhməz və s. hazırlanılmasında istifadə edilirdi. Vaxtilə bu bölgədə becərilən çoxlu sayda üzüm sortları buradan keçən səyyahların, tacirlərin diqqətini cəlb etdiyindən sortların bir qismi qonşu bölgələrə, dünyanın bir sıra ölkələrinə yayılmış və müvafiq ad və sinonimlərlə adlandırılmışdı. Xüsusilə, Rusiyada, Ukraynada və Ermənistanda belə sortlarımız daha çoxdur. Statistik göstəricilərə əsasən, bu ərazidə üzüm bağları 1937-ci ildə 1516 hektar, 1940-cı ildə 1850 hektar olmuşdur. 1949-cu ildə muxtar respublika ərazisində becərilən sortların 76,9 %-ni texniki, 13,4 %-ni süfrə, 9,3 % -ni isə kişmişi sortları təşkil edirdi. Muxtar respublikada 1970-ci ildə 23,3 min, 1980-ci ildə 62,1 min, 1982-ci ildə 66 min, 1986-cı ildə isə 88,2 min ton üzüm istehsal edilmişdi. Lakin keçmiş SSRİ məkanında "Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri" haqqında 1985-ci ildə qəbul edilmiş məlum qərardan sonra Azərbaycanda olduğu kimi, üzüm istehsalı muxtar respublikada da sürətlə azalmağa başlamışdı. Üzüm sortları ancaq həyətyanı üzüm bağlarında qorunub saxlanılmışdı. Qiymətli sortlarımız məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Üzüm bağlarından 1988-ci ildə 9828 hektardan 73158 ton, 1990-cı ildə isə 7770 hektardan 65225 ton məhsul toplanılmışdı. Müstəqil dövlət quruculuğunun ilk illərində bütün sahələrdə olduğu kimi, muxtar respublikanın aqrar sektorunda, o cümlədən üzümçülükdə də bir sıra çətinliklər yaranmışdı. Kollektiv mülkiyyətin ləğv olunması, özəl qurumların isə gec formalaşmasının obyektiv çətinlikləri ilə əlaqədar şərab məhsullarının satışa çıxarılmaması, üzüm plantasiyalarının kütləvi məhv edilməsinə, şərabçılığın isə dayandırılmasına gətirib çıxardı. Lakin görülən tədbirlər nəticəsində üzümçülük ildən-ilə genisləndirilirdi. Muxtar respublika üzrə 1995-ci ildə 5351 hektardan 18736 ton, 2009-cu ildə 13780,3 ton, 2010-cu ildə isə 13912,3 ton üzüm məhsulu toplanılmışdı.
(ardı var)
{nl}
Tariyel TALIBOV, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Varis QULİYEV, meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, dosent
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.