Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların ərizə və müraciətlərinə vaxtında baxılması, insanları narahat edən problemlərin operativ şəkildə aradan qaldırılması ilə əlaqədar verdiyi göstəriş və tapşırıqlar bu gün uğurla icra olunur.
{nl}
Bu məsələ icra hakimiyyəti orqanları qarşısında qoyulan prioritet vəzifələrdən biridir. Məhz bu məqsədlə yerli icra hakimiyyəti orqanları mütəmadi olaraq səyyar qəbullar keçirir, insanları narahat edən əsas problemlərin operativ şəkildə aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görür. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin rayon sakinləri ilə səyyar görüş - qəbulları bir qayda olaraq ayda iki dəfədən az olmayaraq keçirilir. Həmin görüşlər rayonun ayrı- ayrı məhəllələrində və həyətlərində təşkil olunur. Ən əsası isə daha çox problemlər yaşanan məhəllələrdə səyyar görüş - qəbulların keçirilməsi planlaşdırılır. Çünki belə görüşlərdə rayonun hüquq - mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak edirlər. Bununla yanaşı, müvafiq nazirlik və komitələrin, həmçinin səhmdar cəmiyyətlərin nümayəndələri də görüş - qəbullara dəvət olunurlar.
Onu da qeyd edək ki, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyinin təşəbbüsü ilə 2011-2012-ci illərdə səyyar - görüş qəbulları davam etdirilmiş və bu qəbullarda 4700 nəfərdən çox rayon sakini iştirak etmişdir. Səyyar görüş-qəbullarda müxtəlif poblemlərin aradan qaldırılması ilə əlaqədar müraciət edənlərin şikayəti əsasən məhəlli yollara asfalt örtüyün vurulması, yaşayış evlərinin ümumu istifadədə olan giriş - çıxış yerlərinin təmiri, istilik sisteminin əsaslı təmiri, nümunəvi abadlaşdırılmış məhəllələrin, yaşıllıq zolaqlarının yaradılması və həyətlərdə uşaqların oynamaları üçüm meydançaların tikilməsindən ibarətdir.
Rayon İcra Hakimiyyəti rəhbərliyinin növbəti səyyar qəbulu Şəfayət Mehdiyev küçəsi, 75 a saylı binanın həyətində oldu. Bu da təsadüfi deyildi. Açığını deyək ki, binanın həyətində sakinlərin istirahəti və uşaqların oynamaları üçün heç bir şərait yox idi. Çünki həyət sakinlər tərəfindən zəbt olunmuş, hər kəs özü üçün bir obyekt tikmiş, həyətin bir hissəsini hasarlamış, maşın qarajı tikmiş, xalça, palaz və maşın yumaq üçün qeyri - qanuni sex açılmışdır. Bir sözlə, bu binanın qarşısına gələnlər qarşılaşdıqları mənzərədən dəhşətə gəlirdilər. Adama elə gəlir ki, qarşı - qarşıya olan iki hündürmərtəbəli binanın həyəti sanki 5- 6 nəfər üçün nəzərdə tutulubmuş.Bu ərazidə Müdafiə Nazirliyinin 5 saylı evlər idarəsinə məxsus, mənzil-tikinti kooperativlərinin və 1-ci Alatava yaşayış massivinin sakinləri yaşayırlar. Həyətdəki özbaşına tikililər və qeyri - qanuni obyektlərin fəaliyyət göstərməsi sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Ona görə də burada nümunəvi məhəllənin yaradılması qərara alınmışdır. Görüş ərəfəsində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev həmin həyətdə olmuş, ərazini diqqətlə nəzərdən keçirmiş və burada nümunəvi məhəllə yaradılması barədə qəti qərara gəlmişdir. Sakinləri on bir ayın sultanı olan Ramazan ayının başlaması münasibəti ilə təbrik edən İ.Mehdiyev bildirdi ki, bu məhəllədəki problemlərlə qabaqcadan yerində tanış olmuş, sonra sakinlərlə görüşüb onları narahat edən digər məsələləri də öyrənmək məqsədi ilə səyyar qəbulu məhz bu həyətdə keçirməyi qərara almışdır. Budəfəki səyyar qəbulda 200 nəfərdən çox məhəllə sakini iştirak edirdi. Görüşdə rayonun hüquq - mühafizə orqanlarının və xidmət idarələrinin rəhbərləri də iştirak edirdilər. Çıxış edən sakinlərdən Zöhrab Həsənli, Mətanət İsmayılova, Ramiz Cəbrayılov, Sədrəddin Qurbanov, Oqtay Salamov və digərləri onları daha çox narahat edən problemlər barəsində məlumat verdilər. Sakinlər həyətin abadlaşdırılmasını, buradakı qeyri -qanuni tikililərin sökülməsini, müxtəlif uşaq əyləncə meydançalarının tikilməsini, kanalizasiya probleminin aradan qaldırılmasını və işıqlandırma sisteminin qurulmasını həlli vacib məsələ hesab etdilər. Çıxış edənlər başçıdan xahiş etdilər ki, bu problemlərin ilk növbədə aradan qaldırılmasında öz köməyini əsirgəməsin. Qaz, işıq, içməli su, binaların zirzəmilərinə dolmuş çirkli suyun təmizlənməsi, bəzi küçələrə asfalt örtüyün vurulması və digər problemlərin operativ şəkildə aradan qaldırılması ilə əlaqədar müvafiq təşkilatların rəhbərlərinə göstəriş verildi və konkret vaxt qoyuldu. Bəzi məsələlər isə yerindəcə həll olundu.
İ.Mehdiyev bildrdi ki, Prezident İlham Əliyev Bakı və Bakıətrafı qəsəbələrin abadlaşdırılması ilə əlaqədar olaraq müvafiq sərəncam imzalayıb və Dövlət Proqramını təsdiqləyib. Dövlət Proqramında Yasamal royonunda da bir sıra obyektlərin tikintisi nəzərdə tutulub. Bütün bunlar bu ərazidə yaşayan insanların rahatlığı, həyat səviyyəsinin daha da yüksəldilməsi üçün nəzərdə tutulub. Proqramın qarşıya qoyduğu bütün vəzifələr tam icra olunacaq. Başçı dedi ki, bugünkü səyyar qəbulda rayon icra hakimiyyətinin memarı da iştirak edir. O, burada nümunəvi həyətin layihəsini hazırlayacaq. Sonra isə həmin layihə əsasında nümunəvi həyət yaradılaraq sizin istifadənizə veriləcək. Qeyd olundu ki, həyətdəki qeyri - qanuni tikililər kimlərə məxsusluğundan asılı olmayaraq söküləcək.
Səyyar qəbulun gedişi zamanı məlumat verildi ki, burada qeyri - qanuni fəaliyyət göstərən maşınyuma sexinin işıqları artıq kəsilib. İ.Mehdiyev bildirdi k, qanunsuz fəaliyyət göstərən digər obyektlər də qısa müddət ərzində söküləcək və yerində nümunəvi həyət yaradılacaq. Sakinlər onlara göstərilən yüksək diqqət və qayğıya görə başçıya minnətdarlıqlarını bildirdilər.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.