Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq və nüfuzlu qurumlara üzv olmaq təşkil edir. Ölkəmizin bütün beynəlxalq və regional təşkilatlarda təmsil olunması, sivil birgəyaşayış qaydaları ilə tənzimlənən böyük dünya siyasətinə qatılması, beynəlxalq və regional münasibətlərin həllində fəal iştirak etməsi dünya siyasətçiləri tərəfindən maraq və ehtiramla qarşılanır. Bu tədbirlər nəticəsində isə gənc müstəqil Azərbaycanın dünyanın siyasi xəritəsində layiqli yer tutmasına zəngin baza yaranır. Dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri yaratmaqla respublikamızın iqtisadiyyatının, elminin və mədəniyyətinin inkişafında daha böyük nailiyyətlər əldə etmək mümkündür.
{nl}
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra mənafeləri respublikamızın dövlətçilik və milli mənafeləri ilə uyğun gələn dövlətlərlə, habelə mötəbər beynəlxalq qurumlarla tərəfdaşlıq və müttəfiqlik münasibətləri yaratmaq prioritet vəzifə kimi qarşıya qoyuldu. Müstəqillik yoluna yeni qədəm qoymuş respublikamızın beynəlxalq mövqelərinin möhkəmlənməsi, demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, müstəqil daxili və xarici siyasət yeritməsi, əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq normaların həyata keçirilməsi üçün inkişaf etmiş dövlətlərin və nüfuzlu qurumların imkanlarından və qabaqcıl təcrübəsindən yararlanmaq böyük əhəmiyyət kəsb edirdi. Müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ almış bəzi qüvvələrin dövlət idarəçiliyindəki naşılığı və siyasi səbatsızlığı nəticəsində ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığı demək olar ki, yox dərəcəsində idi. Bu da yenicə bərpa olunmuş dövlət müstəqilliyimizin davamlı olmasına mənfi təsir göstərirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişindən sonra yenidən hakimiyyətə gəlişi ilə bütün bunlara tədricən son qoyuldu. Böyük tarixi şəxsiyyətin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətləri və aparıcı ictimai təşkilatları ilə sıx əlaqələr yaratdı. Heydər Əliyev nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı xarici siyasətin prioriteti hesab edərək demişdir: "Respublika qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir".
Azərbaycan məhz ulu öndərin hakimiyyətdə olduğu dövrdə bütün beynəlxalq və regional təşkilatlarda təmsil olundu, sivil birgəyaşayış qaydaları ilə tənzimlənən böyük dünya siyasətinə qatıldı, beynəlxalq və regional münasibətlərin həllində fəal iştirak etməsi zəminində dünyanın siyasi xəritəsində layiqli yer tutmasına nail oldu.
Ölkəmiz mötəbər qurumlara üzv olarkən qarşıya qoyulan əsas vəzifə ilk növbədə milli maraqlarımızın qorunması olmuşdur. Bu minvalla siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq getdikcə inkişaf etdirilmiş və ölkəmizi nüfuzlu beynəlxalq təşkilatların fəal üzvünə çevirmişdir. Bu təşkilatlarla əməkdaşlıq, ən azından, ölkənin tanıdılması baxımından çox faydalı olmuşdur.
Ümumiyyətlə, fəaliyyət istiqamətindən asılı olmayaraq, dünyada mövcud olan beynəlxalq təşkilatların hər biri ilə əlaqələrin qurulması vacib və faydalıdır. Eyni zamanda, belə əlaqələr Azərbaycanın gələcək inkişafı üçün stimul rolunu oynayan amildir. Çünki Azərbaycan, bir sıra müstəqil və böyük dövlətlərlə müqayisədə, müasir dövlətçilik ənənələri baxımından gəncdir. Postsovet respublikaları ilə müqayisədə bu gün Azərbaycanın beynəlxalq qurumlarla sıx əməkdaşlığı çox yüksək qiymətləndirilir. Ulu öndərin siyasi xəttini və yarımçıq qalmış işlərini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin xarici siyasətinin əsas prioritetində beynəlxalq təşkilatlarla əməkdaşlıq başlıca yerlərdən birini tutur. Ermənistanın dünya birliyində işğalçı dövlət kimi tanınmasında beynəlxalq qurumlarla əməkdaşlığın böyük rol oynaması danılmaz faktlardandır. İşğalçı dövlətin Azərbaycana qarşı təcavüzkarlığının artması ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının zəruriliyinin bildirilməsi və bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd - şərtsiz çıxarılmasının öz əksini tapması ölkəmizin xarici siyasət sahəsində atdığı ilk uğurlu addım kimi dəyərləndirilməlidir. Eləcə də GUAM təşkilatına üzv olmaqla regional münaqişələrin gündəmə gətirilməsinə nail olmuşuq. Azərbaycanın getdikcə artan nüfuzu, beynəlxalq aləmdə reytinqinin yüksəlməsində də bu qurumun böyük rolu olub. Hətta GUAM-ın xarici işlər nazirlərinin təkidi ilə təşkilat Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında məhəlli münaqişələrin aradan qaldırılması məsələsini irəli sürdü. Nəticədə bu məsələ bir sıra dövlətlər tərəfindən müdafiə olundu. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının genişlənməsi və mövqelərinin getdikcə möhkəmlənməsində ölkə iqtisadiyyatının qüdrətlənməsi də böyük rol oynayıb. Dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüyəndə ölkəmizin iqtisadiyatında inkişaf müşahidə olundu, əhalinin əmək haqları, sosial müavinətlər və pensiyalar artırıldı. Bu nailiyyət dünya birliyinin diqqətindən yayınmadı. Bundan sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artdı. Artıq respublikamız beynəlxalq aləmdə nüfuz sahibi olan müstəqil dövlət kimi tanınırdı. Ötən ilin sonlarında BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçkilərində dünya birliyi tərəfindən ölkəmizə verilən dəstək də bunu təsdiqlədi.
Müstəqil Azərbaycanın diplomatiya tarixində qazandığı ən böyük uğurlardan biri, heç şübhəsiz, 2011-ci il oktyabrın 24-də 193 dövlətdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas faktorlarından birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır.
BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən, ilk növbədə həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanılması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmiz üçün böyük uğurdur. Hadisənin əhəmiyyəti o dərəcədə böyükdür ki, möhtərəm Prezidentimiz İlham Əliyev xalqı rəsmi bəyanatla təbrik edib. Dövlət başçısının bəyanatında bildirilirdi ki, ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasının dünyanın ən mötəbər qurumu olduğunu bildirən Prezident Azərbaycanın müstəqil dövlət kimi artıq bu qurumun üzvü olmasını çox böyük qələbə adlandırıb. İlham Əliyev bəyan edib ki, 155 ölkənin Azərbaycanı dəstəkləməsi Azərbaycana inamın, etimadın göstəricisidir: "Müstəqilliyimiz dövründə-20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu, Azərbaycan xalqının və dövlətinin qələbəsidir".
Prezidentin bəyanatında qeyd edilirdi ki, Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcək.
Sevindirici haldır ki, Azərbaycan bu ilin mayında bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu gün elə dövlətlər var ki, müstəqillik tarixi 40-50 il olsa da, hələ də BMT Təhlükəsizlik Şurasına üzv olmaq arzusu ilə yaşayırlar. Azərbaycan isə müstəqilliyinin 20 illik tarixində nəinki BMT Təhlükəsizlik Şurasının üzvü oldu, hətta bu quruma sədrlik də etdi. Onu da qeyd edək ki, postsovet respublikaları arasında Ukraynadan sonra bu uğura imza atan ikinci dövlət məhz Azərbaycan oldu. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi müddətdə qlobal əhəmiyyətli bir sıra məsələlərlə əlaqədar mötəbər qurumun iclaslarında əsaslı müzakirələr aparıldı.
Azərbaycan müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulmaqla ölkəmizin sosial - iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində qətiyyətli addımlar atır. Müstəqil dövlətimiz hazırda BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Birliyi, Beynəlxalq Valyuta Fondu, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankının və digər əhəmiyyətli qurumların üzvüdür. Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər nüfuzlu beynəlxalq və regional qurumlarla sıx əməkdaşlıq da yüksək qiymətə layiqdir. Müstəqil dövlət quruculuğu prosesində qarşıya çıxan problemlərin həllində bu təşkilatların potensialından istifadə etməklə ölkəmiz tədricən inkişaf etmiş dövlətlər sırasına qoşulub. Son illər xarici siyasət sahəsində qazanılan uğurlar respublikamıza nüfuzlu beynəlxalq təşkilatlarda xüsusi etimad qazandırıb. Bunu ölkəmizdə keçirilən mötəbər tədbirlər də təsdiqləyir. Artıq ATƏT Parlament Assambleyası da yay sessiyasını Azərbaycanda keçirməyi qərara alıb. Təşkilatın Daimi Komitəsində bu barədə qərar qəbul olunması ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarda xüsusi etimad qazandığını təsdiqləyən daha bir faktdır. Azərbaycanın bu sınaqdan da uğurla çıxacağına şübhə yoxdur. Çünki ölkəmiz ona göstərilən ümidləri dəfələrlə yüksək səviyyədə doğruldub.
Ölkəmizin beynəlxalq təşkilatlarda xüsusi etimad qazanması tanınmış diplomatlar və ictimai - siyasi xadimlər tərəfindən də yüksək dəyərləndirilir. Bu yaxınlarda respublikamızda səfərdə olmuş Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycan ilə Avropa institutları, eləcə də ölkəmizin əsas enerji tərəfdaşlarından olan Avropa İttifaqı arasında əlaqələri yüksək qiymətləndirərək demişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi və enerji sahələri ilə yanaşı, digər istiqamətlərdə də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Bu isə gənc müstəqil Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarda öz milli maraqlarını təmin etməsinə zəmin yaradır.
Azərbaycanın getdikcə artan siyasi və iqtisadi qüdrəti mötəbər beynəlxalq təşkilatlar sırasında olan nüfuzunu daha da artırır və ölkəmizi həmin qurumların əhəmiyyətli üzvünə çevirir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.