İsa Qəmbər Tbilisiyə niyə getmişdi?

Müsavat Partiyasının qurultayını keçirmək üçün yer axtarmağa, yoxsa erməni dostu ilə görüşməyə?
Neçə vaxtdır ki, Müsavat Partiyası qurultay keçirmək üçün Azərbaycanda guya yer "tapmır". Dünyanın ən nüfuzlu beynəlxalq qurumları son vaxtlar öz tədbirlərini respublikamızda keçirir və bu tədbirlərin yüksək səviyyədə başa çatmasına görə hətta minnətdarlıqlarını da bildirirlər. Ancaq nədənsə müsavatçılar qurultay keçirməyə münasib yer "tapa bimirlər". Bir neçə ay əvvəl Müsavat Partiyasının başqanı partiyanın qurultayını "keçirmək üçün" qardaş Türkiyəyə getmişdi. Orada deyib ki, guya Azərbaycanda qurultay keçirmək üçün əlverişli zal tapa bilmirlər. Ona görə də qurultayı Ankarada və ya İstanbulda keçirməyi qərara alıblar. Bunu eşidənlər ona sadəcə gülüblər və deyiblər ki, bu gün dünyanın ən nüfuzlu qurumları öz tədbirlərini Bakıda keçirir, siz isə başqa ölkələrdə yer axtarırsınız.
Müsavat başqanının diqqətinə çatdırılıb ki, bu yaxınlarda başa çatmış "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi Kristal Zal dünyanın möcüzəsi hesab olunur. Tədbirin iştirakçıları və turistlər hələ bu vaxta qədər də bu mədəni tədbirin möhtəşəmliyindən ayrıla bilməyiblər. Bu gün Azərbaycan ən böyük beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyi bir vaxtda müsavatçıların başqa ölkələrdə qurultay keçirmək ideyası başa düşülən deyil. Təbii ki, türk qardaşlarımız da Müsavat başqanının Türkiyə səfərinin arxasında başqa məqsədlərin gizləndiyini biliblər, ancaq özlərini bilməməzliyə vurublar. Bununla belə, İ.Qəmbərin səfərinin əsas məqsədini öyrənmək üçün kiçik bir araşdırma aparıblar. Müsavat başqanı türk arkadaşları ilə ayrılandan sonra qardaş ölkədə bir neçə banka baş çəkib. Sonradan məlum olub ki, başqan 90-cı illərin əvəllərində vəzifədə olarkən qardaş Türkiyənin banklarına yerləşdirdiyi pulların faizi ilə maraqlanırmış. Partiyanın qurultayını keçirmək bəhanəsi ilə Türkiyəyə getməsinin əsas məqsədi də bu imiş.
İ.Qəmbər Bakıya qayıtdıqdan sonra Türkiyə səfərinin əsas məqsədini ört - basdır etmək üçün bu dəfə Gürcüstana getməyi qərara alır. Guya bu ölkənin rəhbərliyi ilə danışıqlar aparacaq və Müsavatın qurultayını keçirmək üçün münasib yer ayrılmasını xahiş edəcək. Halbuki, Müsavat Partiyasına Bakıda qurultay keçirmək üçün Bakıxanov qəsəbəsindəki mədəniyyət sarayı təklif olunmuşdu. Müsavatçılar buranı bəyənməmiş, guya mərkəzdən uzaq olduğunu demişdilər. Görəsən Türkiyə və ya Gürcüstan Bakının mərkəzinə Bakıxanov qəsəbəsindən yaxındırmı? Müsavatçılara qurultay keçirmək üçün "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi Kristal Zal təklif olundu. Müsavatçılar bundan da imtina etdilər. Buranın da baha olduğunu bəhanə etdilər. Sən demə, İsa Qəmbərin Gürcüstan səfərinin də arxasında başqa niyyətlər var imiş. Ona görə də Gürcüstana getməkdə israrlı oldu və getdi. Sonradan məlum oldu ki, Müsavat başqanının Tbilisiyə səfərinin əsas məqsədi heç də qurultay keçirmək üçün münasib zal axtarışı deyil, əməkdaşlıq etdiyi erməni dostu Aram Manukyanla görüşmək, ona ölkəmiz haqqında qəttəzə "faktlar" vermək və düşmənimizin əli ilə həmin faktları beynəlxalq təşkilatlara ötürmək imiş.
Məlumat üçün deyək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan arasında hələ 2010-cu ilin oktyabr ayında birgə əməkdaşlığa dair müqavilə imzalanmışdı. Müsavat Partiyasının guya beynəlxalq aləmdə tanındığını və əlqələrinin olduğunu bəhanə gətirən İ.Qəmbər ermənilərlə əməkdaşlığını rəsmiləşdirmişdi. Əslinə qalsa, Müsavat başqanı məcburiyyət qarşısında qalaraq bu əməkdaşlığı rəsmiləşdirdi. Çünki radikal müxalifətin hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək yolunda ermənilərlə əlaqəyə girmələri barədə hakimiyyət dairələrində kifayət qədər faktlar var idi. Hətta AXCP sədri Əli Kərimlinin nümayəndəsinin Tbilisidə ermənilərlə danışıqlar aparması və onlardan hakimiyyətə gəlmək üçün kömək istəmələrinin üstü açılmışdı. İ.Qəmbər isə vəziyyətin bu həddə çatmaması üçün Aram Manukyanla qabaqcadan birgə əməkdaşlıq barədə müqavilə imzalamışdır. Bundan sonra Müsavat Partiyasının ən fəal üzvləri bir- birinin ardınca istefa verdilər. Onlar başqanın bütün antimilli hərəkətlərinə bu vaxta qədər birtəhər dözdüklərini etiraf etdilər, ancaq torpaqlarımızın 20 faizini işğal edən, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün halına salan düşmənlərimizlə əməkdaşlıq edilməsinə dözmədilər.
İ.Qəmbərin budəfəki Gürcüstan səfərinin əsas məqsədi heç də qurultay keçirmək üçün yer axtarmaq yox, Aram Manukyanla görüşmək idi. Bu görüş Tbilisidə baş tutdu. Budəfəki görüşdə də hədəf yenə Azərbaycan dövlətçiliyi və xalqı idi.
Azərbaycan xalqı radikal müxalifətin, xüsusilə İctimai Palata adlı qeyri formal qurumun üzvlərinin ümummilli maraqları dəfələrlə öz şəxsi mənafelərinə qurban verdiyinin şahidi olub. Bununla bağlı çoxlu faktlar söyləmək olar. Bu yaxınlarda başa çatmış "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində və müsabiqənin gedişi zamanı İctimai Palata üzvlərinin antimilli hərəkətlərini xatırlayaq. Onlar gah icazəsiz mitinq keçirməyə cəhd göstərir, gah da aclıq aksiyası keçirməklə ölkəmizə gəlmiş qonaqlarda Azərbaycan haqqında mənfi rəy yaratmaq istəyirdilər. Ancaq şəhərimizi gəzən əcnəbilər respublikamızın inkişafından, paytaxtımızın gözəlliyindən, səliqə - sahmandan böyük razılıq edirdilər. Dünyanın tanınmış sənətçiləri mədəniyyətə və incəsənətə verilən yüksək qiymətdən məmnun qaldıqlarını bildirdilər. Radikal müxalifətin bütün cəhdləri iflasa uğradı. Hətta onlar mahnı müsabiqəsinin iştirakçılarından birini ələ almaq və çıxışı zamanı səhnədə ölkəmizin əleyhinə kəskin ifadələr işlətməsini istədilər. Əvəzində ona səs verəcəklərini vəd etmişdilər. Bu dəfə də çirkin məqsədlərinə çata bilmədilər. Həmin iştirakçı xanım onlara demişdir ki, o, Azərbaycana öz qabiliyyətini nümayiş etdirməyə gəlib, daha siyasi oyunların oyunçusu olmağa yox. İctimai Palatanın üzvləri bu cavabdan sonra utanıb - xəcalət çəkmək əvəzinə, bu dəfə başqa hədəf axtarmağa başladılar. Lakin yenə də oxları daşa dəydi.
Biz hamımız dövlətimizin hər bir uğuruna sevinməli, bununla fəxr etməli, qürur duymalı, Azərbaycana qarşı edilən hər bir hərəkətə qarşı birgə mübarizə aparmalıyıq. Siyasi mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlı, xalqın, millətin təəssübünü çəkməlidir. Məgər müxalifət öz xalqına,Vətəninə düşmən kəsilməlidir? Bu gün öz şəxsi maraqları naminə mənfur düşmənlərimizlə əməkdaşlıq edənlərə müxalifət adı yaraşırmı? Elə bu səbəbdən də Müsavat Partiyasının başqanı İsa Qəmbərin ermənilərlə əməkdaşlıq etməsi, onların əlini sıxması ciddi narazılıqlara səbəb olub. Müraciət etdiyimiz istənilən paytaxt sakini İ.Qəmbərin bu hərəkətini antimilli, xəyanətkar hərəkət kimi dəyərləndirdi. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının fikirləri də bu qəbildəndir. O, İ.Qəmbərin bu hərəkətinə münasibət bildirərkən demişdir: "Azərbaycandan kənarda dövlətin, xalqın marağına zidd hərəkət edən hər bir adam milli maraqları tapdamış sayılır. Milli maraq hər şeydən ucada dayanmalıdır. Dövlətə qarşı müxalifətçilik ola bilməz. Müxalifətçilik siyasi hakimiyyətlə mübarizədə özünü göstərə bilər və bu da seçki zamanı özünü göstərməlidir. Amma kimsə üçüncü qüvvə ilə birləşib dövlətinin marağına qarşı çıxırsa, bu milli marağı tapdamaqdır. Müxalifətin radikal qanadı zaman-zaman xarici ölkələrə, beynəlxalq təşkilatlara şikayətlər edir, danos yazır. Onların nə qədər milli maraqlara zidd mövqe tutduğunu hamı "Eurovision-2012" yarışması günlərində gördü. O zaman bir daha özlərinin əsl simalarını nümayiş etdirdilər. Milli maraq hər bir kəsi xalqına, millətinə bağlamalıdır. Məhz ona görə də, bu müxalifət xalq tərəfindən inkar edilir. Mən hətta onları "məsciddən qovulmuşlar" adlandırıram. Onlar heç vaxt Azərbaycan xalqının adından danışa bilməzlər. Bu düşərgənin rəhbərləri Azərbaycanda siyasi hakimiyyətə gəlmək hərisliyini o həddə çatdırıblar ki, bu hərislik onların ağlını başından çıxarıb, gözünü, qulaqlarını tutub. Onlar həqiqəti görə bilmirlər, hər şeydə qara axtarırlar. İsa Qəmbərin hərəkətinə gəldikdə isə, bu birinci dəfə deyil.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər dövlət səviyyəsində danışıqlar aparırlar. Azərbaycan Prezidenti, xarici işlər naziri, millət vəkilləri sülh naminə ermənilərlə danışıqlarda bir masa arxasında otururlar. Amma müxtəlif qurumların, QHT-lərin, siyasi təşkilatların "xalq diplomatiyası" adı altında işğalçılarla görüşməsi nəticə etibarı ilə ermənilərin öz işğalını pərdələməsinə xidmət edə bilər. Bəli, mən tərəflər arasında etimad yaradılması üçün icmalar arasında görüşlərin keçirilməsinin tərəfdarıyam. Amma siyasi partiyalar səviyyəsində görüşüb əməkdaşlıq etmək, saziş imzalamaq yolverilməzdir. Bu mənada Erməni Ümummilli Hərəkatı ilə Potsdam bəyannaməsi imzalamaq, daha sonra görüşlər keçirib əməkdaşlıq etmək hansısa bir formada erməni tərəfinə əl uzatmaqdır. Ermənistan işğalçı bir dövlətdir və işğalçı siyasəti həyata keçirmiş bir siyasi partiyanın nümayəndələri ilə bir masa arxasında oturub bunu da şişirdərək guya Müsavat Partiyasının beynəlxalq aləmdə uğuru kimi göstərmək gülüncdür. Müsavatçılar Erməni Ümummilli Hərəkatı ilə 2012-ci ildə imzalanmış sənədin sadəcə, demokratiyanın inkişafı ilə bağlı əməkdaşlığı nəzərdə tutduğunu bildirirdilər və burada milli maraqlara zidd məsələ olmadığını iddia edirdilər. Amma nəzərə almaq lazımdır ki, Erməni Ümummilli Hərəkatı Azərbaycan torpaqlarının işğalını dəstəkləyən qüvvədir və bunu partiyanın sənədlərində, bəyanatlarında da açıq-aşkar görmək olar. Belə olan təqdirdə, torpaqlarımızın işğalını dəstəkləyən siyasi qüvvə ilə əməkdaşlığı milli maraqlarımıza uyğun hesab etmək olarmı? Əlbəttə, yox.
Əslində, İsa Qəmbər və onun tərəfdarlarının Müsavat ideologiyasına vurduğu zərbəni heç kim vurmayıb. Onlar özlərini Məhəmməd Əmin Rəsulzadənin davamçıları sayırlar. Amma o dövrdə yaranan Müsavat Partiyasının ideologiyasının indiki Müsavata heç bir dəxli yoxdur. Bunların gözünü hakimiyyət hərisliyi o qədər yumub ki, məqsədlərinə çatmaq üçün milli maraqları tapdalayaraq hər kəslə əməkdaşlıq etməyə hazırdırlar".
Bax, belə yerdə xoruzun quyruğu görünməyə başlayır. Məlum olur ki, İsa Qəmbər 2013-cü ildə keçiriləcək prezident seçkilərində vahid namizəd olmaq üçün Müsavat Partiyasının qurultayının keçirilməsini əsassız bəhanələrlə əngəlləyir. Yaxşı bilir ki, qurultayda onu başqanlıq kreslosundan zorla da olsa, qoparacaqlar. Türkiyəyə və ya Gürcüstana səfərinin əsas məqsədi isə partiyanın qurultayını keçirmək üçün əlverişli yer axtarmaq yox, banklardakı əmanətlərini yoxlamaq və erməni dostu ilə görüşüb ona "qatı açılmamış faktlar" vermək imiş.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında