Niderlandın Milli Qəhrəmanı Məmməd Məmmədov Osterveyklə Zaqatalanı qardaşlaşdırdı
{nl}
{nl}
İndi qələmə almaq istədiyimiz bu mövzu həm kədərli notlarıyla, həm də iftixar gətirən məqamlarıyla həddən artıq kövrək və bəlkə də ürək ağrıdan bir məsələdir. Çünki, uzaq Nilderlandda dəfn olunmuş soydaşımızın məzarının üstünə Zaqataladan bir ovuc torpaq aparılması, onun xatirəsini əbədiləşdirmək üçün qoyulmuş abidənin adi, klassik şəkildə deyil, bir növ gah görünüb, dah da görünməyən - ruh şəklində ucaldılması, Babəkin, Nəbinin soyundan olan bir insanın Niderlandın Kral ailəsinin üzvü elan edilməsi... sakitcə qələmə alınacaq cümlələr deyildi. Üstəlik bu əhvalatı mənə danışan adam - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də bir çox məqamları elə şəkildə nəql elədi ki, onu ancaq görmək lazım idi.
Əslində, bu qəbildən olan bir yazını hələ iki-üç ay əvvəl, ulu öndər Heydər Əliyev haqqında hazırlanmış bir televiziya verilişinə baxandan sonra hazırlamaq istəyirdim. Amma belə qismət imiş. Həmin verilişdə ümummilli liderin faşizm üzərində qələbənin ildönümü münasibətiylə müharibə veteranlarıyla keçirilən görüşlərdən birində səsləndirdiyi fikirlər də var idi. O, müharibənin ağrı-acıları barədə özünəməxsus məntiq və arqumentlərlə danışdı və qısa bir pauzadan sonra məhz indi qələmə aldığımız yazının qəhrəmanı kimi onlarla, yüzlərlə soydaşımız haqqında ümumi bir fikir söylədi:
"Biz İkinci Dünya müharibəsinin ağrı-acılarını hələ çox xatırlayacağıq. Ancaq o müharibədə xalqımıza üz ağlığı, baş ucalığı gətirmiş soydaşlarımız barədə də hələ çox məqamları öyrənəcəyik". Heydər Əliyevin bütün proqnozları, bütün fikirləri həyatda öz təsdiqini elə bir şəkildə tapır ki, adam onun məntiqinə, uzaqgörənliyinə heyran olmaya bilmir. Faşizmə qarşı mübarizədə həlak olmuş soydaşlarımızın qəhrəmanlığı haqqında hələ çox məqamları sonralar öyrənəcəyimizi söyləyən ulu öndərin həmin fikirlərinin təsdiqini son zamanlar Zaqatalada gördüm. "Medo" təxəllüslü partizan, əslən Zaqatalanın Muğanlı kəndindən olan Məmməd Məmmədovun keçdiyi döyüş yolundan, onun Niderlandın ən yüksək fəxri adı olan "Kraliça cəngavəri" tituluna layiq görülməsindən, yaşadığı küçədə heykəlinin ucaldılmasından, fəxri vətəndaşı olduğu Osterveyk şəhərinin küçələrindən birinə onun adının verilməsindən və bir çox başqa məqamlardan xəbər tutdum.
Zaqatalada eşitdiyim həmin məlumat bütün soydaşlarımız kimi məni də duyğulandırdı. Amma alman əsirliyində olmuş, Avropanın başqa bir ölkəsinin faşizm taunundan təmizlənməsi üçün təşkil olunan Müqavimət Hərəkatında qəhrəmancasına iştirak edib ad-san qazanmış, fəqət qürbətdə vəfat edib dəfn olunmuş soydaşımızla qeyri-adi bir iftixar hissi yaşadım. Bakılı Mehdi Hüseynzadənin "Mixaylo" adıyla Adriatik sahillərində, şəkili Əhmədiyyə Cəbrayılovun "Xarqo" adıyla Fransada, pirşağılı Hüseyn Balayevin "Hüseynbala" adıyla Leninqrad səmalarında göstərdiyi qəhrəmanlıqları Avropa xalqları heç zaman unutmayacaq. Nə yaxşı ki, bu sırada zaqatalalı "Medo" təxəllüslü Məmməd Məmmədovun da adı, qəhrəmanlığı ilə yanaşı öz xalqına gətirdiyi üz ağlığı da var...
... "Medo"nun adının əbədiləşdirilməsi tədbirləri haqqında ən əhatəli məlumatı məhz həmin görüşlərdə iştirak etmiş Zaqatala Rayon İcra Hakimiyyəti nümayəndə heyətinin rəhbəri, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadədən ala bilərdim. Ancaq Mübariz müəllimin asudə bir saatı, dəqiqəsi olurmu ki, onun səfər təəssüratlarını eşidə bilək. Bir tərəfdən mayın 7-dən etibarən təxminən üç həftə davam edən iki zəlzələ və çoxsaylı yeraltı təkanların vurduğu ziyanların aradan qaldırılması, dağılmış sosial obyektlərin bərpası, bir tərəfdən mövsümi işlərin optimal müddətdə həyata keçirilməsi zərurəti, üstəlik, taxıl biçininin və mal-qara üçün yem tədarükünün qızğın çağında tez-tez yağışların yağması, dağıdıcı küləklər və başqa amillər rayon rəhbərinə bir dəqiqə də olsun, nəfəs dərmək imkanı vermir. Ancaq bütün bunlara baxmayaraq gecəli-gündüzlü iş yerində olan Mübariz müəllim "Holland Medo" haqqında (bu adda bir film çəkilib) ürəkdən, əhatəli şəkildə danışmağa macal tapdı. Özü də necə?
- Təkcə bizim xalqda deyil, ümumiyyətlə, bütün insanlarda belə bir fikir formalaşıb ki, ataların arzusunu onların oğulları reallaşdıra bilirlər. Ancaq çoxsaylı faktlar göstərir ki, bu məsələdə qızlar heç də oğlanlardan geri qalmırlar. Elə əfsanəvi partizan "Medo"nun - bizim həmyerlimiz Məmməd Məmmədovun Avropada böyük ehtiramla qarşılandığını, onun şəxsi qəhrəmanlıqlarını nəzərə alan Niderland dövlətinin "Medo"nu Kral ailəsinə qəbul etməsini, "Kraliça Cəngavəri" fəxri adına layiq görməsini də bizə - yəni Azərbaycanın Niderlanddakı səfirliyinə onun qızı Nensi Doomen (qızlıq adı Nənəxanım Məmmədovadır) bildirmişdi. Nensi öz əri Ed Doomenlə ökəmizin Niderlanddakı səfirliyinə gəlmiş, Məmməd Məmmədovdan qalan "Quran"ı, dua yazılarını, Azərbaycan dilində olan kitabları, sənəd və məktubları, Hollandiyada yaşamış azərbaycanlı əsirlərin şəkillərini səfirliyə təqdim etmişdir. Ölkənin ziyalı təbəqəsinə aid olan Doomenlər ailəsində Azərbaycana böyük maraq və ehtiram hissləri həmişə olub. "Medo"nun qızı Nensinin bu ailə ilə qohum olmasından sonra isə Doomenlərin xalqımıza olan marağı daha da artıb.
Mübariz müəllim bu fikirləri söyləyərkən, sanki Məmməd Məmmədovun 1943-cü ildən ömrünün sonuna - 2003-cü ilə qədər saxladığı "Quran"ı, duaları və Azərbaycanca olan kitabları görürmüş kimi, gözü yol çəkdi. Elə mən də təxminən o vəziyyətə düşdüm.
Öyrəndik ki, 1923-cü ildə Zaqatalanın Muğanlı kəndində anadan olmuş Məmməd müharibənin ilk günlərdə cəbhəyə göndərilmiş, 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafındakı döyüşlərdə almanlar tərəfindən əsir götürülmüş, 28 nəfər soydaşımızla birlikdə Hollandiyanın Osterveyk şəhərinə göndərilmişdir. İki il əsirlikdən qaçmağa çalışsa da, 1944-cü ildə buna nail olub və Niderland Müqavimət Hərəkatına qoşulub. Müharibənin sonunadək niderlandlı partizanlarla birlikdə vuruşan Məmməd "Medo" ləqəbiylə əfsanələşir. Müharibədən sonra yaşadığı Osterveyk şəhərindəki ayaqqabı fabrikində çalışır, polis birliyi təşkil edir, gənclərin futbol klubuna rəhbərlik edir və sairə. Sən insanda əyilməzlik, sınmazlıq ruhuna bax. Sonra isə yaşadığı şəhərdə doğulub böyümüş bir xanımla ailə qurur. Ən başlıcası, keçdiyi döyüş yoluna görə yuxarıda qeyd etdiyimiz adlara layiq görülür.
Mübariz müəllim danışır ki, Məmməd Məmmədov 1974-cü ildə çox böyük çətinliklə Zaqatalaya gəlibmiş. Həmin ildən sonra heç bir sorağı gəlməsə də, ötən il iyulun bu günlərində qızı Nensi (1961-ci ildə doğulub), kürəkəni Ed Doomen və nəvəsi - 12 yaşlı Sabrina Osterveyk şəhərinin meri cənab Hans Yansenin rəhbərlik etdiyi 10 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana gəlmişdi. Məmməd Məmmədovun 66 il arzuladığı Zaqatala görüşlərini qızı Nənəxanım Məmmədova böyük bir rəsmi nümayəndə heyəti ilə reallaşdıra bilib.
Mən elə bilirdim ki, söhbətin ən kövrək məqamı soydaşımız haqqında məlumatları eşitmək olacaq. Ancaq Azərbaycan nümayəndə heyətinin Niderlanda səfəri barədə məqamlar daha kövrək idi. Bu səfəri ölkəmizin Niderland Krallığındakı səfiri Fuad İsgəndərov təşkil etmişdi. Ümumiyyətlə, Fuad müəllim "Medo"nun qəhrəmanlığının təbliğ olunması istiqamətində çox böyük işlər görüb. Məhz səfirliyimizin apardığı işlər nəticəsində "Medo" haqqında Niderlandda çoxsaylı məqalələr dərc edilmişdir. Osterveykin 800 illik yubileyi çərçivəsində Məmməd Məmmədovun adının əbədiləşdirilməsi istiqamətində tədbirlərin olması da məhz birgə fəaliyyətin nəticəsi idi.
Həmsöhbətim Niderland səfəri barədə danışarkən çalışırdı ki, həmin səfər təəssüratlarını mən təkcə eşitməyim, həm də görüm. - Osterveykdən əvvəl Haaqa şəhərindəki Azərbaycan - Türk Kültür Dərnəyinin dəstəyi ilə ucaldılan Xocalı abidəsini ziyarət etdik. Çox möhtəşəm idi. Həmin şəhərdəki Azərbaycan - Türk Kültür Dərnəyində olduq, səfir Fuad İsgəndərovla görüşdük, səfirliyə və adı çəkilən dərnəyə Zaqatalanın tarixi abidələrini, milli ənənələrini və mədəniyyətini özündə əks etdirən xatirə hədiyyələri təqdim etdik. Osterveyk şəhərindəki tədbirlər isə Amsterdam, Haaqa və Rotterdamdakı tədbirlərdən daha həyəcanlı idi. Şəhər bələdiyyəsinin, Azərbaycan səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri bələdiyyə binasında Elxan Ələsgərov və Tahir Əliyevin "Salnamə" studiyasında çəkdikləri "Holland Medo" ("Dutch Medo") filminə tamaşa etdilər. Filmdən sonra başlanan tədbirdə Mer Hans Yansen, Krallığın İnteqrasiya və İmmiqrasiya naziri Qert Leyers, səfir Fuad İsgəndərov və nümayəndə heyətinin rəhbəri kimi mən çıxış etdim. Sonra Osterveyk və Zaqatala şəhərləri arasında "Dostluq bəyannaməsi" imzalandı. Daha sonra bu ölkənin Milli Qəhrəmanı - partizan "Medo"nun abidəsinin açılışı oldu. Abidənin önünə tər çiçək dəstələri düzən qonaqlar şəhərdəki Məmməd Məmmədov küçəsinə dəvət edildilər və oradakı xatirə lövhəsi də bizim iştirakımızla açıldı. Şüşənin içərisində qoyulmuş bu abidədən bir az aralananda, o, görünməz olur. Bu isə heykəltəraşın ruhun ölməzliyinə verdiyi işarədir. Bir sözlə, Zaqatalanın Muğanlı kəndində doğulub boya-başa çatmış Məmməd Məmmədov dövrün məhrumiyyətləri və məhdudiyyətləri üzündən doğma vətəninə qayıda bilməsə də, qəhrəmanlığı və şəxsi keyfiyyətləri ilə özünün iki vətənini bir-birinə qovuşdura bildi. İnanırıq ki, bu tədbirlər onun narahat ruhuna az da olsa sakitlik gətirə bilmişdir.
Həmsöhbətim qeyd etdi ki, səfər çərçivəsində keçirdiyimiz müxtəlif tədbirlərdə, xüsusən, Niderlanddakı diaspor təşkilatlarımızın fəalları ilə keçirilən görüşlərdə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, dövlət başçımızın Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi istiqamətində həyata keçirdiyi yorulmaz fəaliyyəti barədə geniş söhbət açdıq. Niderlandda Azərbaycana böyük bir maraq və ehtiram gördük.
... Mübariz müəllim danışır və danışdıqca sanki "Medo"nun keçdiyi qəhrəmanlıq yolunu filmdə gördüyü kimi, ya da eşitdiyi söhbətlərdən qalan təəssüratlar kimi yenidən xatırlayırdı. Qürbətdə uyuyan soydaşının taleyinə acımaq adi bir insani hissdir. Yad ölkənin Milli Qəhrəmanı adına layiq görülən, adı Avropada əbədiləşdirilən bir həmyerli ilə fəxr eləmək də həmçinin. Mən həmsöhbətimin gözlərində həmin fəxri, iftixarı görürdüm.
{nl}
İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.