Saxta erməni iddiaları və soyqırımı həqiqətləri

"Etnik təmizləmə" genosid ilə bağlı olmaya da bilər. 1941-ci ilə qədər yəhudilərin təqib edilməsi ilə bağlı nasistlərin məqsədi onların Almaniyanı tərk etməsi olub. Daha sonra isə bu siyasət kütləvi məhv etməyə çevrilmişdir. Brdanin işində YBCT müəyyən etmişdir ki, aydın, ardıcıl, uyğunlaşdırılmış "bosniyalıların təmizlənməsi" cinayət strategiyası həyata keçirilmiş, lakin həmin təmizlənmənin bosniyalıların bir millət kimi məhv edilməsi ilə bağlı məqsədlə həyata keçirilməsini təsdiq edən heç bir sübut olmamışdır! Bu məsələ Bosniyalıların Genosidi işində BƏM tərəfindən aydın şəkildə yekunlaşdırılmışdır: "Nə ərazini etnik eyniliyə çevrilməsi ilə bağlı dövlət siyasətinin bir hissəsi kimi niyyət, nə həmin siyasətin həyata keçirilməsi üçün həmin dövlət tərəfindən keçirilən əməliyyatlar genosid kimi təsvir edilə bilməz. genosidin səciyyəvi xüsusiyyətlərini göstərən yeganə məqsəd müəyyən qrupun tam və ya qismən məhv edilməsidir."
Beynəlxalq məhkəmələrin məhkəmə presedentlərindən aydın görünür ki, 1915-ci il tarixi hadisələri zamanı da müşahidə olunan məcburi köçürülmə siyasəti "qrupun" tam və ya qismən məhv edilməsi ilə bağlı xüsusi niyyət olmadıqda, genosid tərkibi elementlərinə malik olmur. Osmanlı hökumətinin niyyətinin məhv etmə yox, köçürülmə olması isə 26 may 1915-ci il tarixli "Deportasiya haqqında qanunla" sübut edilir. Qanunun 1-ci maddəsinə uyğun olaraq, "müharibə zamanı ordu korpusu, ordu və diviziya komandirlərinə milli müdafiə və qayda-qanunun saxlanması məqsədləri ilə həyat keçirilən hökumət əmrləri və tədbirlərinə hər hansı əks təsir göstərən şəxslərə qarşı mütləq və qəti surətdə silahlı qüvvə ilə cəzanın tətbiq edilməsi tapşırılır və əmr edilir." Həmin qanunun 2-ci maddəsinə müvafiq olaraq, hərbi komandanlığa "hərbi tələblərə uyğun olaraq kənd və şəhər əhalisinin fərdi və ya kollektiv surətdə digər yerlərə göndərilməsi" üçün icazə verilirdi.
Hərbi əməliyyatlar zamanı milli azlıqların məcburi köçürülməsi siyasəti digər dövlətlər tərəfindən də geniş olaraq tətbiq edilirdi. Məsələn, Böyük Vətən müharibəsi zamanı (1941-1945) Sovet İttifaqında Stalin və L.Beriyanın rəhbərliyi ilə, əsasən kollaborasionizmdə təqsirləndirilən kalmıkların, inquşların, çeçenlərin, qaraçaylıların, balkarların, Krım tatarlarının, noqayların, mesxeti türklərinin, ponti yunanlarının, bolqarların, Krım qaraçılarının, kürdlərin kütləvi surətdə deportasiyası həyata keçirilmişdir. Ümumilikdə, Böyük Vətən müharibəsi illərində 61 millətdən olan qrup və xalq köçürülməyə məruz qalmışdır.
Əlbəttə ki, bu deportasiya zamanı köçürülən əhalinin bir hissəsi həlak olmuşdur. Onlar erməni hadisələrində olduğu kimi aktiv müqavimət göstərmiş olsaydılar, onları ən ağır cəza gözləyərdi. Lakin heç kim heç vaxt Stalini və sovet hökumətini milli azlıqlara qarşı soyqırım törətməkdə təqsirləndirməmişdir.
Belə qrup arasında uşaq doğumlarının qarşısının alınması üçün hesablanmış tədbirlər. Maddəyə bu bəndin salınması nasistlər tərəfindən İkinci Dünya müharibəsindən əvvəl və müharibə zamanı zorla dölsüzləşdirmə (axtalama) təcrübəsi səbəb olmuşdur. Belə tədbirlərə nümunə Akayesu işində cinsi mutilyasiya, axtalama, doğuşların zorla nəzarət altında saxlanması və nikahların qadağan olunması ola bilər.
Uşaqların bir insan qrupundan digərinə zorla verilməsi: Maddənin bu bəndi geniş hüquqi müzakirə olunmamışdır. BCM Cinayətləri Tərkibi Elementləri uşaqları 18 yaşından aşağı şəxslər kimi müəyyən edir. Burada həmçinin "zor" termininin təkcə fiziki zorakılıq nəzərdə tutmadığı da müəyyən edilmişdir. Bu həmçinin, həmin şəxslərə və ya digər şəxsə qarşı hədə və ya mümkün qüvvə - zorakılıq, təzyiq, azadlıqdan məhrum etmə, psixoloji əsarət və ya hakimiyyətdən sui-istifadə tətbiq edilməsini nəzərdə tutur.
Subyektiv tərəfin əlamətləri
Soyqırımın bu əlamətləri yuxarıda qeyd edilmiş qadağan olunmuş əməllərin həyata keçirilməsinin zəruri niyyətlərini, həm də soyqırımın xüsusi niyyətini ehtiva edir. Məhz bu xüsusi niyyət - "insan qrupunu özlüyündə tam və ya qismən məhv etmək" qəsdi soyqırımı digər cinayətlərdən fərqləndirir. Bu yerdə 3 qarşılıqlı əlaqəli aspektləri nəzərdən keçirmək lazımdır:
"Məhv etmək"
Kambanda işində RBCT belə qənaətə gəldi ki, bu kontekstdə məhv etmə insan qrupunun fiziki və ya bioloji məhvini bildirir. Özü də onların məhvi bu qrup üzvlərinin ölümünə səbəb ola biləcək müxtəlif hərəkətlərdən irəli gələ bilər. Sosial assimilyasiya və ya mədəni xüsusiyyətlərə hücum kimi digər qırğın formaları fiziki və ya bioloji məhvlə əlaqədar olmadıqda cinayət tərkibi əlamətləri daşımır. Ermənilərin onların mədəni dəyərlərinin məhv edilməsi barədə iddiaları, beynəlxalq tribunalların mühakimə üsulundan irəli gələrək soyqırım törədilməsi ittihamlarının səsləndirilməsinə hüquqi əsas vermir. Bəzi ölkələrin qanunvericiliyində isə bu maddədəki məhv anlayışı genişləndirilir. Krstiç işində YBCT bir dəfə də qeyd etmişdir ki, son illərin inkişafına baxmayaraq, beynəlxalq ənənəvi hüquq soyqırımı insan qrupunun tam və ya qismən yalnız fiziki və ya bioloji məhvi ilə nəticələnən hərəkətlərlə məhdudlaşır. Bosniyalıların genosidi işində BƏM bu iddianı təsdiqləmişdir.
"Tam və ya qismən"
Niyyətin bu tərəfi əhəmiyyətli fikir ayrılığına səbəb olmuşdur. Fikir ayrılıqları soyqırım qadağaları ilə təmin olunmuş müdafiə həddinin bu və ya digər qrupun nə dərəcədə ümumiləşdirilməsindən yetərli qədər ciddi asılı olmasından irəli gəlir. Birinci mübahisəli məsələ coğrafidir: insan qrupunun konkret coğrafi ərazidə qismən və ya tam məhv edilməsi niyyətidir. Məsələn, Ruanda hadisələrində qutuların niyyəti Ruanda ərazisində yaşayan tutsilərin məhvi idi. Tutsilər isə yetərli qədər kompakt şəkildə qonşu dövlətlərin də ərazisində yaşayırdılar. Aydındır ki, bu halda Ruanda tutsiləri milli qrupu kimi Tutsilərin "bir hissəsini" təşkil edirdilər. Osmanlı İmperiyası dövründə də ermənilər yetərli qədər kompakt şəkildə Rusiya İmperiyasının ərazilərində yaşayırdılar.
Bosniyalıların genosidi işinə müvafiq olaraq, müəyyən coğrafi ərazidə insan qrupunun məhv edilməsi niyyəti soyqırım tərkibi daşıya bilər. Bu halda digər bir problem çıxır: həmin qrupun "bir hissəsi" nəyi bildirir? Kayişema işində YBCT müəyyən etmişdir ki, əgər qrupun məhv edilən hissəsi "əhəmiyyətli"dən aşağıdırsa qrupun o hissənin məhv edilməsi soyqırım təşkil etmir. Bunu BƏM bosniyalıların genosidində təsdiqləmişdir.
Həmin qrupun minimum olaraq əhəmiyyətli hissəsinin məhv edilməsi niyyət edilməlidir. Bunu soyqırım cinayətinin təbiəti tələb edir. Konvensiyanın məqsədi ümumilikdə qrupların qəsdən məhv edilməsinin qarşısının alınmasıdır. həmin qrupun bir hissəsi elə əhəmiyyətli olmalıdır ki, ümumilikdə bütün qrupa təsir etmiş olsun.
Məsələnin mahiyyətinə əsasən, YBCT Krstiç işində həmçinin, qeyd etmişdir ki, həmin hissənin "əhəmiyyətli" olub-olmamasını müəyyən etmək üçün say göstəriciləri nəzərə alına bilər: "kəmiyyət göstəriciləri bu məsələnin həllində vacib və lazımi bənd olsa da, nəticə çıxarmaq üçün yeganə deyildir. Qurbanların sayı qəti sayılmaqla yanaşı, həmin insan qrupunun ümumi sayı nisbətində də hesablanmalıdır". Qurbanların sayından əlavə, ümumi qrup üçün əhəmiyyətli olması da nəticə çıxarmaq üçün vacib ola bilər. Əgər bu hissə "simvolik" və ya həmin insan qrupunun həyatda qalması üçün vacibdirsə, onda bu halda qrup "əhəmiyyətli" sayıla bilər. Cinayətin bu aspekti çox mürəkkəbdir və erməni məsələsində demək olar ki, həll olunmazdır. Türk mənbələrində qeyd olunur ki, bu zaman Türkiyə ərazisində 1,5 milyon erməni yaşayırdı ki, onların da təxminən 200 000-i həlak olmuşdur. Ermənilər isə tamam başqa rəqəmlər göstərirlər. Buna görə də əhalinin "əhəmiyyətli" hissəsinin analizini aparmaq, demək olar ki, mümkün deyildir.
"Niyyət"
Təcavüz kimi, beynəlxalq cinayətlərdən fərqli olaraq, soyqırımı yalnız kütləvi qırğın törətməyə başçılıq edən və ya onu planlaşdıranlar tərəfindən törədilmir. Kayişema işində də deyildiyi kimi, sadə sıravilər də əsas müttəhim ola bilərlər: bir şərtlə ki, onların buna yetərli niyyətləri olsun. Akayesuda da həmçinin göstərilmişdir ki, soyqırım tələblərinə görə xüsusi niyyət, hər bir icraçı fərdin bu və ya digər qadağan olunmuş hərəkəti edərkən, onun rəhbər və ya sıravi əsgər olmağından asılı olmayaraq, insan qrupunu tam və ya qismən məhv etmək niyyəti olmalıdır.
Əsas məqsədi düşmən tərəfə qalib gəlməkdən ibarət olan hərbi toqquşma zamanı kütləvi qırğının soyqırım və ya müharibəni qazanmaq məqsədi ilə törədildiyini müəyyən etmək çox çətindir. YBCT-nın Krstiç işini və Darfur komissiyasının məruzəsini təhlil edərək bu mürəkkəb məsələnin beynəlxalq arenada necə həll edildiyinin izahını əldə etmək olar. General Krstiç tərəfindən Srebrenitsanın (Bosniya müsəlmanları) əlində silah tuta bilən bütün kişi əhalisinin məhv edilməsini əmr edən Krstiç işində müdafiə sübut etməyə çalışırdı ki, qırğınların əsas məqsədi qrupu özlüyündə məhv etmək deyil, hərbi təhlükəni aradan qaldırmaq idi.
Lakin məhkəmin nəticəsinə görə, bu qırğınların nəticəsində Srebrenitsada Bosniya müsəlmanlarının soyqırımı həyata keçirilmişdir. Öz qərarını onlar onunla əsaslandırmışlar ki, Bosniya serblərinin hərbi qüvvələri döyüş qabiliyyətli kişi əhalinin məhv edilməsi haqqında qərar verərkən bilirdilər ki, qadınların, uşaqların və qocaların zor gücünə köçürülməsi ilə birgə bu, Srebrenitsada Bosniya müsəlmanlarının tam fiziki yox olmasına gətirəcəkdir. Döyüş qabiliyyətli kişi əhalini məhv edərkən Bosniya serbləri Srebrenitsada ümumilikdə Bosniya müsəlmanları icmasını məhv etmiş və Srebrenitsada onların yenidən bərpa olmasının bütün ehtimallarını istisna etmişlər.
Generalın özünə gəldikdə isə, apelyasiya komissiyası belə qətnamə çıxarır ki, onun öz niyyəti əhalinin məcburi köçürülməsi idi. Serbiya hərbi qüvvələrinin digər üzvləri isə bu əmri yerinə yetirərkən öz soyqırım niyyətlərini həyata keçirmişdir. Bütün sübut və dəlillər onu göstərir ki, general Srebrinitsada baş verən azğınlıqlardan xəbərdar idi, lakin bunun qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Lakin kollegiyanın gəldiyi qərara əsasən şəxsin soyqırımda günahlandırılması üçün bu yetərli deyildir. Öz qərarlarını onunla əsaslandırmışlar ki, soyqırımı bəşəriyyətə məlum olan ən ağır cinayətdir və onun ağırlığı vacib xüsusi niyyətdə əks olunmalıdır. Ona görə də serb silahlı qüvvələrinin komandanı və Serbiya hökumətinin siyasətini həyata keçirən general Krstiç belə niyyətə malik olmadığına görə soyqırıma görə məhkum olmamışdır. Müvafiq olaraq Serbiya hökuməti də buna görə məsuliyyət daşımamışdır.
Osmanlı imperiyasının siyasətini həyata keçirən məcburi köçürülmə və "deportasiya haqqında qanun" çıxaran Tələt paşa və Ənvər paşa həmçinin soyqırımı niyyətində olmamışlar və general Krstiç kimi onlar da soyqırımda günahlandırıla bilməzlər. Krstiç işində deyildiyi kimi, bu tapşırığı yerinə yetirərkən icraçılar öz soyqırım niyyətlərini həyata keçirə bilərdilər. Lakin onların məcburi köçürülməsi haqqında əmr vermiş, lakin belə niyyətə malik olmayan rəhbərləri, YBCT-nın presedentinə əsasən, soyqırımı cinayəti törətməkdə günahlandırıla bilməzlər. Ona görə də, Osmanlı hökumətinin ünvanına ittihamlar əsassızdır!
BMT-nin Darfur komissiyası öz məruzəsində bu istiqaməti dəstəkləmişdir. Komissiya belə nəticəyə gəldi ki, bu hücumlar, qətllər və Darfurda bəzi tayfaların məcburi köçürülməsi Sudan hökumətinin soyqırımı niyyətində olduğunu sübut etmir. Komissiya müəyyən etmişdir ki, Sudan hökumətinin niyyəti özlüyündə milli azlıqların məhvi deyil, ölkə silahlı qüvvələrinə qarşı müqavimət və hücumun qarşısını almaq idi. Sudan hökuməti soyqırımı törətməkdə günahlandırılmadı. Bu qarar BMT yanında fəaliyyət göstərən Təhlükəsizlik Şurasnıın xüsusi komissiyası tərəfindən verilmişdir. Bu komissiyanın qərarı soyqırımı haqqında işin həlli üçün vacib presedentdir.
Osmanlı imperiyası tərəfindən ermənilərin deportasiya siyasəti Sarıqamış əməliyyatından qayıdan türk əsgərlərinə hücumdan sonra başlamışdır. Deportasiyanın əsas fazası Van üsyanından sonra başlamışdır. Birinci Dünya müharibəsində Rusiya İmperiyasının silahlı qüvvələrinin tərkibində iştirakçı olan (1917) Fyodor Yeliseyev öz xatirələrində yazır: "Vanda aprel ayında üsyan baş verdi. Ermənilər türklərin kiçik qarnizonunu məğlub edib şəhərdə hakimiyyəti ələ aldılar". Ermənilərin Osmanlı ordusunun arxa cəbhəsində üsyan faktına rus ordusunun bu istiqamətdə irəliləməsindən ayrı baxmaq düzgün olmazdı. Bunun ən yaxşı təsdiqi Rusiya hərbi qüvvələrinin Van istiqamətində irəliləməsinə sinxron olaraq üsyanın baş verməsidir.

{nl}

(ardı var)
Orxan HACIYEV, "Queen Mary, University of London" Universitetinin beynəlxalq hüquq fakültəsinin magistri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında