Qubalıların strateji hədəfi

Cari ilin birinci yarısı respublikanın digər rayon və şəhərləri kimi, Quba rayonu üçün də genişmiqyasli tikinti, abadlıq və quruculuq işləri ilə əlamətdar olmuşdur. Bu mənada Quba şəhəri və rayonun bir sıra kəndləri, sözün əsl mənasında, başdan-başa tikinti meydançasına çevrilmişdir. Qısa müddət ərzində gərgin zəhmət, fəal təşkilatçılıq işi və təbiidir ki, böyük investisiyalar qoyuluşu hesabına həyata keçirilən irimiqyaslı layihələr rayonun sosial-mədəni simasını daha da gözəlləşdirmişdir.
Bütün bunlar barəsində 2012-ci ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında ətraflı bəhs olunmuşdur. Hesabat dövründə rayon mərkəzindəki "Quba meydanı" əsaslı şəkildə yenidən qurulmuş, orada 4300 kvadratmetrdən çox sahəyə mərmər, ağlay və tamet plitələr döşənmiş, 4500 kvadratmetrdən çox sahədə yaşıllıq salınmış və orada böyük ölçülü monitor quraşdırılmışdır. Rayon mədəniyyət evi qarşısında yeni parkın yaradılması şəhərin ümumi görkəminə xüsusi gözəllik qatmış, həmahənglik gətirmişdir. "Quba meydanı"nın ətrafındakı inzibati, ticarət və xidmət obyektlərinin dam örtükləri dəyişdirilmiş, fasadları yenilənmişdir. Mədəniyyət və istirahət parkında musiqili fəvvarə, uşaqlar üçün əyləncə mərkəzi, xidmət və istirahət obyektləri, müasir işıqlandırma sistemi istifadəyə verilmiş, piyadalar üçün yerüstü keçid tikilmiş, park ərazisində 7000 ədəddən çox gül, 5000 ədəddən çox ağac və bəzək kolları əkilmişdir. Qədimliyi və tarixi-memarlıq üslubu ilə fərqlənən binalar o, cümlədən Quba Şəhər Musiqi Məktəbi, Uşaq Texniki Yaradıcılıq Mərkəzi, habelə Qələbə və Bakıxanov küçələrindəki kommersiya və yaşayış binalarının dam örtükləri şəhərin ümumi görkəminə uyğun olaraq yenilənmişdir.
Heydər Əliyev prospekti ilə M.Qorki küçələrinin qovşağında qədim Qubanın rəmzi olan "Qala Qapı" kompleksi inşa edilmiş, "Dədə-Qorqud" abidə-kompleksində isə yenidənqurma işləri başa çatdırılmışdır. Heydər Əliyev prospektində şəhərin ümumi görkəmi ilə uzlaşmayan yaşayış evlərinin və sosial obyektlərin fasadları, dam örtükləri, yeraltı kabel şəbəkəsi, işıq dirəkləri və küçə işıqlandırılma sistemi başdan-başa yenilənmişdir. Ümumilikdə, Quba şəhərində və bir neçə kənddə 800-ə yaxın yaşayış evinin dam örtükləri tamamilə dəyişdirilmiş, bu istiqamətdə işlər hazırda da davam etdirilir.
Heydər Əliyev prospekti, Əliqulu Nərimanov, Memar Əcəmi, F.Xoyski, General Əsədov, S.Vurğun, İstiqlal, Tuti Bikə, Səkinəxanım küçələrində səkilər yenidən tikilmiş, yeni asfalt örtüyü döşənmiş, çoxmərtəbəli yaşayış evlərinin fasadları şəhərin ümumi mənzərəsinə uyğun olaraq alkopon, digər binaların fasad və divarları isə ağlay və ya qaya daşı ilə üzlənmişdir.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ərazisində rayon icra hakimiyyəti üçün yeni üçmərtəbəli inzibati binanın, onun yaxınlığında "Gənclər mərkəzi" və "Bayraq meydanı" kompleksinin tikintisinə başlanmışdır. Bunlardan əlavə, şəhərin giriş qapısının, poçtamt, məhkəmə və tarix-diyarşünaslıq muzeyi üçün yeni inzibatı binaların tikintisi də sürətlə davam etdirilməkdədir. 2012-ci ildə Qubada həyata keçirilən ən böyük layihələrdən biri də şəhərin su təchizatı və kanalizasiya şəbəkəsinin əsaslı şəkildə yenidən qurulmasıdır. Şəhərin Heydər Əliyev prospektində, Əliqulu Nərimanov küçəsində və ona paralel küçələrdə su və kanalizasiya xətlərinin çəkilişi artıq başa çatdırılmış, hazırda M.Qorki, 20 Yanvar, Y.Qasımov, A.Hüseynzadə, Ə.Orucov, Ərdəbil və digər küçələrdə, həmçinin "Qəçrəş yolu" yaşayış massivində də bu işlər davam etdirilir. Qudyalçay hövzəsindəki suqəbuledici anbarlarda betonlama işləri də artıq başa çatdırılmışdır.
Quba şəhəri ilə yanaşı, rayonun dıgər qəsəbə və kəndlərində də memarlıq baxımından zövq oxşayan giriş qapıları və nişanların tikintisinə başlanılmışdır. Talabıqışlaq, Amsar, I Nügədi, II Nügədi, Hacıhüseynli və Əlik inzibati ərazi nümayəndəliklərində giriş qapılarının tikintisi artıq yekunlaşdırılmışdır.
Quba-Bakı, Quba-Qusar, Quba-Xaçmaz və Quba-Qonaqkənd avtomobil yollarının kənarları abadlaşdırılmış, ərazidəki xidmət və ticarət obyektlərinin bir qismi təmir edilmiş, hasarlar bərpa edilmiş və rənglənmişdir. II Nügədi, Dağlı, Alpan, Rustov, Sofikənd, Şuduq, Qonaqkənd, Xaltan, Qəçrəş, Amsar, Yerfi, Söhüb və Xınalıq kəndlərində kənddaxili və kəndlərarası yollara çınqıl döşənərək hamarlanmışdır. İqriq və Təngəaltı kəndlərində asfalt örtüklü yollarda təmir işləri aparılmış, Çiçi və Xanəgah kəndlərində körpülər təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Quba-Qəçrəş avtomobil yolunun 300 metrlik hissəsi yenidən asfaltlanmış, ərazidəki 31 fərdi yaşayış evinin və köməkçi binaların dam örtükləri dəyişdirilmiş, 1500 metr uzunluğunda hasarlar əsaslı təmir olunaraq rənglənmişdir. Kənd ərazisində 3 yeni avtodayanacaq yaradılmışdır. Vəlvələ və Paşaoba kəndlərində kənd təsərrüfatı məhsullarının satışı üçün satış mərkəzlərinin tikintisinə başlanılmışdır. Rayon icra hakimiyyətinin sifarişi əsasında Talabı kəndində 80, Möhüc, İspik, Talabıqışlaq kəndlərinin hər birində 180, II Nügədi, Qaraçay kəndlərində isə 360 şagird yeri olan məktəb binalarının tikintisi davam etdirilir. Dağlı, Küpçal, Hacıqayıb, Xucbala, Aşağı Tüləkaran kəndlərində isə yeni məktəb binalarının tikintisi ilə əlaqədar sənədləşdirilmə işləri aparılır. Quba şəhər 2 saylı məktəb-liseyin əsaslı təmiri başa çatdırılmaq üzrədir.
Son vaxtlar Nazirlər Kabineti və əlaqədar nazirliklər tərəfindən rayon ərazisində yerləşən, əsaslı təmirə və yeni binaya ehtiyacı olan 56 məktəbdə və 13 uşaq bağçasında monitorinq aparılmışdır. Yaxın vaxtlarda həmin obyektlərin də tikintisinin plana salınması istiqamətində hazırlıq işləri gedir.
Cari ilin birinci yarısında rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini qaldırmaq məqsədilə səhiyyə binalarının təmiri, tikintisi və yenidən qurulması sahəsində də müəyyən işlər görülmüşdür. Rayonlararası Psixonervoloji Reabilitasiya Mərkəzində təmir işləri başa çatdırılmış, mərkəzin əsas su xətti tamamilə dəyişdirilmişdir. Qonaqkənd qəsəbə xəstəxanası üçün isə yeni binanın tikintisinə başlanmışdır.
Şəhərin Heydər Əliyev prospektində, M.Qorki, Əliqulu Nərimanov, 20 Yanvar, Memar Əcəmi və Səkinə xanım küçələrində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənmişdir. Mənzillərdə 1332 ədəd istismara yararsız qaz sayğacı yenisi ilə əvəz olunmuş, yeni tikilən mənzillərdə 28 ədəd qaz sayğacı quraşdırılmışdır. Rayonda yeni - birpilləli sistem əsaslında qaz xətləri çəkilişinə başlanılmış və artıq 1119 abonent bu yolla mavi yanacaqla təmin olunmuşdur. Hazırda Alpan, Kürkün, Uzunmeşə, Gəray və Susay kəndlərində də yeni sistem əsasında qaz xəttinin çəkilişi davam etdirilir.
Xatırıladaq ki, hesabat dövründə Quba rayonu bütövlükdə 22 milyon 391 min kubmetr həcmində təbii qaz almış və bunun müqabilində 1 milyon 893 min manat vəsait toplanmışdır ki, bu da verilən qazın dəyərinin 84,6 faiz ödənilməsi deməkdir. Hesabat yığıncağında həmçinin elektrik enerjisi ilə təchizat sahəsində də mühüm işlər görüldüyü, lakin bu sahədə yığımın hələlik qənaətbəxş olmadığı bildirilib.
Mədəniyyət və Turizm Nazirliyinin 1 fevral 2012-ci tarixli qərarı ilə Quba rayonu Azərbaycan Respublikasının "Sənətkarlıq paytaxtı" elan olunmuşdur. 30 may 2012-ci il tarixdə bu məqsədlə rayonda xüsusi təqdimat mərasimi keçirilmiş və ilboyu belə silsilə tədbirlərin təşkili nəzərdə tutulmuşdur. Yeri gəlmişkən, onu da xatırladaq ki, son vaxtlar turizmin inkişafı ilə əlaqədar rayonda xeyli iş görülmüş, müasir standartlara uyğun neçə-neçə yeni turist obyektləri tikilib istifadəyə verilmişdir. Hazırda Əski İqrıq kəndi yaxınlığında dünya standartlarına uyğun daha bir möhtəşəm turuzm obyekti - "Riksos otel" kompleksinin tikintisi davam etdirilir. Daha bir yenilik odur ki, kompleksin ərazisində möhtəşəm qolf meydançası da olacaqdır.
Rayon icra hakimiyyəti rəhbərliyi I Nügədi və II Nügədi kənd sakinlərinin müraciətlərini nəzərə alaraq həmin kəndlərə qəsəbə statusu verilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə müraciət etmişdir. Bununla əlaqədar Milli Məclisdən aidiyyatı vəzifəli şəxslər rayona dəvət olunmuş və məsələnin həlli istiqamətində zəruri hüquqi addımlar atılmışdır.
Rəsmi qonaqlara və turistlərə rayonu daha yaxşı tanıtmaq məqsədilə rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə Quba haqqında ensiklopedik xarakterli kitabın hazırlanılmasına başlanılmışdır. Kitab bu yaxınlarda işıq üzü görəcəkdir.
Qubanın qədim meyvəçilik ənənələrinin yaşadılması və daha da inkişaf etdirilməsi məqsədi ilə cari ilin sonlarında rayonda "Alma bayramı"nın keçirilməsi nəzərdə tutulur.
Hesabat dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə rayonda bir sıra tədbirlər görülmüşdür. Quba yay sarayında gənclərin ümumrayon forumu keçirilmiş, tədbirdə gənclərin problemlərinin həlli yolları müzakirə edilərək, onların təklifləri dinlənilmişdir. Görülən tədbirlərin nəticəsi olaraq Quba idmançıları hesabat dövründə müxtəlif səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə etmişlər. Ümumilikdə, müxtəlif idman növləri üzrə keçirilən zona və respublika yarışlarında 329 nəfər rayon idmançısının iştirakı təmin edilmiş, onlardan 28-i qızıl, 22-si gümüş, 21-i isə bürünc olmaqla 71 medal qazanılmışdır. Beynəlxalq səviyyəli yarışlarda isə Quba idmançılarından 18 nəfər iştirak edərək 2 qızıl, 5 gümüş və 9 bürünc medal qazanmışdır.
Bütün bunlar son bir neçə ay ərzində Qubada görülmüş işlərin yalnız bir hissəsidir. Biz hələlik görülməkdə olan işlərin, həyata keçirilməkdə olan irimiqyaslı layihələrin hamısı barədə söhbət aça bilmədik. Etiraf edək ki, son illər ayrı-ayrı kadrların səriştəsizliyi, ölkə rəhbərliyi tərəfindən onlara göstərilən etimada layiq işləməmələri, vəzifə səlahiyyətlərinin icrası zamanı sui-istifadə hallarına yol vermələri, rayon sakinlərinin arzu, təklif və müraciətlərini, bütövlükdə formalaşmış olan geniş ictimai rəyi yetərincə nəzərə almamaları ucbatından Qubanın sosial-iqtisadi və mədəni yüksəlişi sahəsində gözlənilən uğurlar əldə olunmamışdır. Bu mənada indi qubalıların ölkə Prezidenti cənab İlham Əliyevin 15 mart 2012-ci il tarixli sərəncamı ilə təyin olunmuş yeni icra başçısı Mübariz Ağayevlə birlikdə görəcəkləri işlər, həqiqətən, olduqca çoxdur. Rayon rəhbərləri və sakinlərlə görüşlərdən onu da duyduq ki, qubalılar görülən işlərlə kifayətlənmək əzmində deyillər. Son olaraq belə bir məqamı da qeyd etmək istərdim ki, ayrı-ayrı mətbuat orqanlarında Qubanın və qubalıların ünvanına sifarişlə yazılan şər-böhtan dolu cızmaqaralarla qurub-yaratmaq eşqi ilə çalışan insanların əlini işdən soyutmaq qeyri-mümkündür. Çünki qubalıların hədəfi daha böyükdür. Qubanı lap yaxın gələcəkdə tarixi ad-sanına, regiondakı mövqeyinə və statusuna uyğun nümunəvi bir rayona çevirmək - qubalıların əsas strateji hədəfi də elə budur.

{nl}

Q.CƏFƏROĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında