Taxıl biçini. Ağsu rayonu da 100 min tonluq həddi keçdi

Keçən ilə nisbətən bu il zəmilərdə məhsul yığımı daha mütəşəkkil keçirilir. Bu isə məhsul itkisinin qarşısını alır və daha çox taxıl tədarük edilməsinə şərait yaradır. Dövlət Statistika Komitəsinin iyul ayının 22-nə hazırladığı yığım cədvəli də bunu təsdiqləyir. Respublika üzrə mövcud olan 995888 hektar arpa və buğda sahəsinin 916221 hektarında biçin yekunlaşıb.
Daşkəsən və Gədəbəy rayonlarında məhsul yığımına hələ də başlanılmayıb. Yerdə qalan 57 rayondan 33-də isə bu iş başa çatdırılıb. Fermerlər və fərdi torpaq sahibkarları indiyədək xırmanlara 2 milyon 405 min 591 ton məhsul yığmışlar ki, bu da keçən ilin müvafiq dövrünədək tədarük olunan taxıldan 205181 ton çoxdur. Əvvəlki ilə nisbətən hər hektardan orta hesabla 1,6 sentner çox taxıl yığan kombaynçılar son nəticəni 26,3 sentnerə çatdırmışlar.
Məlumat üçün bildirək ki, keçən il avqust ayının 22-nə olan məlumata görə, ölkədə cəmi 2 milyon 300 min tondan bir qədər artıq taxıl tədarük edilmişdi. Bu il isə vəziyyət ürəkaçandır. Məhsul yığımının qurtarmasına bir ay qalmış tədarük edilmiş taxılın ümumi miqdarı keçənilki göstəricini xeyli arxada qoyub. Ölkə üzrə hələ məhsulu yığılası 79667 hektar zəmi qalıb. Deməli, mütəxəssislərin dediyi kimi, bu il respublikada azı 2,7 milyon tondan çox arpa və buğda tədarük etmək mümkün olacaqdır.
Artıq dörd rayon məhsul istehsalına dair 100 min tonluq həddi keçmişdir. Əgər Şəki, Cəlilabad və Neftçala rayonlarında bu adi hal kimi qarşılanırsa, Ağsu rayonunda əldə edilən 101405 tonluq nəticə ilk dəfə qazanılan böyük nailiyyətdir. Ümumiyyətlə, ağsulular cari ildə taxıl istehsalını əvvəlki ilə nisbətən 34570 ton artıraraq ölkə üzrə rekord nəticə qazanmışlar. Naxçıvan Muxtar Respublikası da 100 min tonluq həddi keçmək üzrədir. Burada hər hektardan orta hesabla 29 sentner taxıl yığılır. Hesabat gününədək muxtar respublikada 89220 ton arpa və buğda tədarük olunub. Daha 6 min hektardan çox sahənin taxılı biçiləcək. Bu, onu deməyə əsas verir ki, naxçıvanlılar da keçən ilki göstəricilərini (107398 ton) yaxşılaşdırmaq əzmindədirlər.
İndiyədək ölkə üzrə tədarük olunmuş taxılın 1 milyon 687 min 907 tonunu buğda məhsulu təşkil edir. Bu, onu göstərir ki, Azərbaycan özünün istehsal etdiyi qiymətli ərzaq məhsulu ilə əhalini tam şəkildə təmin edə bilər. Bunun üçün ölkədə taxıl tədarükünü 3 milyon tona çatdırmaq kifayətdir. Cari ildə məhsulu yığılan sahələrin hər hektarından orta hesabla 26,9 sentner buğda götürülür ki, bu da keçənilki göstəricini 1,8 sentner üstələyir. Mövsümün sonunadək 60 min hektara yaxın buğda sahəsinin məhsulu yığılmalıdır. Deməli, son nəticədə haradasa 1,8 milyon ton buğda məhsulu istehsal ediləcəkdir. Bu isə keçənilki göstəricini azı 200 min ton arxada qoymaq deməkdir.
Respublika üzrə hər hektardan ən yüksək buğda məhsulu Şəmkir rayonunda yığılır - 39,6 sentner. Həmin göstərici Ağcabədi, Beyləqan, Bərdə, Hacıqabul, Laçın, Saatlı, Sabirabad, Salyan, Samux, Şəki, Tərtər rayonlarında və Yevlax şəhərində 30 sentnerdən yuxarıdır. Əgər fermerlər və fərdi torpaq sahibkarları bütövlükdə hər hektarın məhsuldarlığını ölkə üzrə 30 sentnerə çatdıra bilsələr, xaricdən taxıl alınmasına ehtiyac qalmayacaqdır.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında