İqlim dəyişmələri təbiətdə baş verən
qlobal istiləşmənin nəticəsidir
{nl}
Dünyanın nüfuzlu beynəlxalq təşkilatları bu gün iqlim dəyişməsinin təzahürləri ilə mübarizəyə qalxaraq, bəşəriyyəti bu bəladan qurtarmağın yollarını arayırılar. Bu doğrudan da, artıq qlobal problemə çevrilməklə bəşəriyyətə hədsiz fəlakətlər gətirir. İqlim dəyişmələri təbii fəlakətlər yaradır, daşqınlar, qasırğalar, sunamilər, zəlzələlər, vulkanlar, meşə yanğınları törədir, içməli su ehtiyatlarının çatışmazlığı problemini ortaya çıxarır.
Qlobal istiləşmə ilə bağlı, ayrı-ayrı elmi məktəblər tərəfindən və müxtəlif zamanlarda verilmiş proqnozlar bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, akademik M.İ.Butıkov və bəzi amerikalı tədqiqatçılar 1980-ci illərdə belə fərz edirdilər ki, XXI əsrin birinci rübünün axırına qədər Yer atmosferinin illik orta temperaturu 1,5°C, Arktikada havanın maksimal yay və qış temperaturları isə 10-15°C artacaqdır. Bu, iqlimin kəskin surətdə dəyişməsinə səbəb olardı. Həmin halda əbədi donuşluq zonasının cənub sərhədləri xeyli şimala tərəf çəkilər, Arktikadakı buzların çox hissəsi əriyər, Qrenlandiyanın buz örtüyü ildə 0,5-0,7 m azalar, Antarktidadakı şelf buzlaqları dağılmağa başlayardı. Mülayim qurşaqda qlobal istiləşmənin təsiri bundan az hiss olunardı.
Alimlər belə fikirdədir ki, qlobal istiləşmə uzun müddət davam edərsə, Yerin iqliminə güclü təsir göstərər. İstiləşmənin nəticəsi kimi tropik bölgələrdə havada su buxarının miqdarı artar ki, bu da yağıntıların çoxalmasına səbəb olar. İstixana qazlarından olan su buxarının atmosferdə miqdarının artması istiləşməni daha da şiddətləndirər. Nisbətən quraqlıq bölgələrdə yağışların miqdarı kəskin surətdə azalar, burada güclü səhralaşma prosesi gedər. Temperaturun qalxması nəticəsində dünyanın müxtəlif bölgələrində yerləşmiş dağlardakı, Qrenlandiyadakı və Antarktikadakı buzlaqlar əriyər, bunlardan ayrılan su isə son nəticədə axıb dəniz və okeanlara tökülər.
Kontinental buzlaqların tam əriməsi və suyun istidən genişlənməsi nəticəsində Dünya okeanının səviyyəsi indikinə nisbətən 70-80 sm yuxarı qalxar, hazırda milyonlarla insanın məskunlaşdığı sahilyanı yaşayış yerlərini su basar. Çayların deltaları və aşağı axarları ətrafında yerləşmiş münbit torpaqların su altında qalması nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı kəskin surətdə aşağı düşər və bütün dünyada ciddi ərzaq qıtlığı başlayar. Siklonların və antisiklonlarin illik hərəkət trayektoriyaları dəyişər, bu, iqlimin daha da dəyişməsinə, bir çox bitki və heyvan növlərinin nəslinin kəsilməsinə səbəb olar.
Belə hesab olunur ki, 2050-ci il üçün təbii və antropogen təsirlərdən Yer səthinin orta illik temperaturu təqribən 2°C arta bilər. Belə olarsa, Avropada tundranın və meşə-tundranın ümumi sahəsi 6 dəfə, iynəyarpaqlı meşələrin sahəsi 3 dəfə azalar, enliyarpaqlı meşələrin sahəsi isə 4 dəfə artar. Dünya okeanının səviyyəsinin nə qədər arta biləcəyi barədə proqnozlar fərqlidir. Norveçin baş naziri Q.H.Bruntlandın başçılıq etdiyi Ətraf Mühit və İnkişaf Üzrə Beynəlxalq Komissiyanın apardığı işin nəticələrinə görə, bizim əsrin axırına qədər okeanın səviyyəsi 140 sm, akademik A.Y.Kondratyevin fikrincə, 30 sm, akademik V.M.Kotlyakovun fikrincə isə 7 sm qalxa bilər.
Hər necə olsa da, dünya okeanının səviyyəsinin azacıq belə qalxması sahilyanı düzənlik zonalarda yerləşmiş ölkələr üçün çox ciddi problemlər yaradar. İqlim Dəyişmələri üzrə Beynəlxalq Komissiyanın hesablamalarına görə, əgər istilik effekti yaradan qazların havaya atılmasını azaltmaq üçün radikal tədbirlər görülməzsə, atmosferdə karbon qazının miqdarının iki dəfə artması nəticəsində XXI əsrin sonunda qlobal istiləşmə 2,5°C və bəlkə də 5,8°C olacaqdır. Bu rəqəm arxasında regional və hətta qlobal xarakterli real coğrafi dəyişikliklər durur.
Xoşbəxtlikdən, tədricən məlum olur ki, bir çox həyəcanlı proqnozlar özünü tam doğrultmur, son yüz ildə Yer səthinin orta illik temperaturu cəmi 0,6°C, Dünya okeanının səviyyəsi isə buzlaqların əriməsi və okean sularının istidən genişlənməsi nəticəsində 15-17 sm yuxarı qalxmışdır. Əlbəttə, bu məsələyə dair başqa nöqteyi-nəzərlər də vardır. Bir sıra alimlər hesab edirlər ki, orta illik temperaturun qalxması davam edərsə, 2025-ci il üçün o, indikindən təxminən 1°C yuxarı qalxar, bu da okean səviyyəsinin daha 15 sm artmasına səbəb olar.
Antarktidanın və Qrenlandiyanın materik buzlarının əriyəcəyi fərziyyəsinin də yanlış olduğu güman edilir, çünki Antarktidanın buz örtüyü 35 milyon il əvvəl əmələ gəlmiş və o vaxtdan Yer kürəsində indikindən də güclü bir çox istiləşmələr zamanı da dəyişməz qalmışdır. Belə güman edilir ki, qlobal istiləşmə Antarktidanın və Qrenlandiyanın buz örtüklərinin bir qədər kiçilməsinə gətirib çıxaracaqdır. Okean səviyyəsi isə 50 sm-ə qədər arta bilər ki, bu da bəşəriyyət üçün xüsusilə böyük təhlükə yaratmayacaqdır. Belə bir fikir də vardır ki, qlobal istiləşmənin səbəblərini əsasən insan tərəfindən atmosferə atılan istixana qazlarının miqdarının artması ilə əlaqələndirmək düzgün deyildir. Belə Proqnozlar çoxdur. Onların bir çoxu bəşəriyyəti nikbin olmağa əsas verir.
Azərbaycan da qlobal iqlim dəyişikliklərinin bilavasitə təsiri altındadır. Ölkəmizdə baş verən daşqınlar, torpaq sürüşmələri və digər təbii fəlakətlər bunu bir daha təsdiq edir. Xüsusilə son vaxtlar dəhşətli qasırğalar ciddi narahatlıq yaradır. Bütün bunlarla mübarizəyə Azərbaycan dövləti də qoşulmuş, dövlətimiz ekoloji problemlərin həlli istiqamətində bir sıra əhəmiyyətli layihələr reallaşdırır. 2010-cu ilin "Ekologiya ili" elan edilməsi və bu günlər ekoloji tədbirlərin davam etdirilməsi bu istiqamətdə atılan uğurlu addımlardır.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.