Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 2012-ci ilin ilk altı ayı ərzindəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir
{nl}
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 2012-ci ilin ilk 6 ayı ərzindəki fəaliyyəti məhsuldar hesab edilmişdir. Bu dövrdə elmi-tədqiqat layihələri və həyata keçirilmiş tədbirlər üzrə SAM tərəfindən bir neçə kitab layihələri üzərində iş yekunlaşmışdır: Azərbaycanda rus dilində "Azərbaycan müstəqillik yolunda (Analitik icmal)" adlı məqalələr toplusu və ABŞ-da ingilis dilində "Cənubi Qafqaz 2021: neft, demokratiya və geosiyasət" adlı kitab nəşr edilmişdir. SAM-ın mətbu orqanları olan və Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq münasibətlərə dair "Strateji təhlil" jurnalının 4-cü sayı və ingilis dilində Türkiyədə nəşr edilən "Caucasus International" jurnalının növbəti sayı hesabat dövründə işıq üzü görmüşdür.
2012-ci ilin yanvar-iyun aylarında SAM tərəfindən Azərbaycanda və xaricdə on səkkiz müxtəlif tədbir təşkil edilmişdir.
Azərbaycanda keçirilmiş on üç tədbir arasında üç kitab təqdimatını: (SAM və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə hazırladıqları "Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə. Uğurlar və imkanlar" mövzusunda məqalələr toplusu, Taleh Ziyadov və Brenda Şafferin redaktorluğu altında nəşr edilmiş "Resursların lənətinin fövqündə" kitabı və SAM və ABŞ-ın Ceymstaun Fondunun birgə nəşr etdikləri "Cənubi Qafqaz 2021: neft, demokratiya və geosiyasət" kitabı); üç qapalı ekspert görüşünü (Helsinki Universitetinin Aleksanteri İnstitutu və SAM-ın birgə səyləri ilə "Müasir dünyada münaqişə, həll və barışıq məsələləri", Azərbaycan-İran münasibətləri müasir mərhələdə" və SAM və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun birgə tərəfdaşlığı ilə "Cənubi Tirolun milli azlıqların qorunması modeli" mövzularında qapalı ekspert görüşləri); üç "dəyirmi masa"nı ("Türk ocaqları" İctimai Birliyi idarə heyətinin, eləcə də Türkiyədəki bir neçə universitet müəllimlərinin və türk mətbuatının nümayəndələrinin iştirakı ilə "Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi", ABŞ senatorlarının aparat rəhbərlərinin iştirakı ilə "Azərbaycanda vətəndaş cəmiyyəti; reallıq və perspektivlər", ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovardın iştirakı ilə "Araşdırma mərkəzləri: inkişaf üçün əməkdaşlıq" mövzularında "dəyirmi masa"lar); üç beynəlxalq konfransı (Helsinki Universitetinin Aleksanteri İnstitutu və SAM-ın birgə təşkilatçılığı ilə "Əsas regional perspektivlər: Xəzər hövzəsi və Avropa arasında enerji tranziti marşrutları", İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutu və SAM-ın birgə tərəfdaşlığı ilə "Avropada milli azlıqlar: Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu", SAM-ın, Turkish Policy Quarterly (TPQ) və Caucasus İnternational jurnallarının birgə təşkilatçılığı ilə Qafqazın gələcəyi naminə birgə səylər: Ötən 20 il və onun dərsləri mövzusunda beynəlxalq konfranslar) eləcə də mart ayında SAM-ın təşkilatçılığı ilə 100-ə yaxın xarici qonağın iştirakı ilə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunu qeyd etmək olar.
2012-ci ilin yanvar-iyun aylarında SAM-ın öz tərəfdaşları ilə birgə xaricdə beş beynəlxalq tədbir təşkil edilmişdir. Onların arsında ABŞ-da təşkil edilmiş iki konfransı (Kolumbiya Universitetində və Sent Luizdə yerləşən Vaşinqton Universitetində), Fransa Beynəlxalq Münasibətlər İnstitutu və TEAS ilə birgə "Azərbaycanın Avropanın enerji təhlükəsizliyi strategiyasında rolu" mövzusunda Parisdə təşkil edilmiş beynəlxalq konfransı, Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutunun və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə "Avropa və qlobal enerji təhlükəsizliyi kontekstində Qara dəniz və Xəzər regionunun rolu" mövzusunda Kiyevdə keçirilmiş "dəyirmi masa"nı və eləcə də Moldova Respublikasının İctimai İdarəçilik Akademiyasının, Moldova Respublikası İctimai Siyasət İnstitutunun və Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin birgə səyləri nəticəsində "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Dnestryanı münaqişə: müasir vəziyyət və nizamlama perspektivləri" mövzusunda Kişinyovda keçirilmiş beynəlxalq konfransı misal gətirmək olar.
2012-ci ilin ilk 6 ayı ərzində həyata keçirilən bir neçə elmi-tədqiqat layihəsi başa çatdırılmışdır. Onların arasında "Azərbaycanda orta sinif: sosial-iqtisadi və siyasi aspektlər" və "Azərbaycanda siyasi partiya və hərəkatlarda gənclərin ictimai-siyasi fəallığı və təşkilatlanma səviyyəsi" mövzularında keçirilmiş sosioloji sorğular qeyd edilməlidir.
2012-ci ilin ilk altı ayı ərzində SAM əməkdaşları tərəfindən 55 qapalı xarakter daşıyan arayış və eləcə də hesabatlar hazırlanmış, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediasında 127 məqalə çap edilmiş və 10 müsahibə verilmişdir.
Bu dövrdə beynəlxalq əməkdaşlıq çərçivəsində də SAM-ın fəaliyyəti yüksək dəyərləndirilməlidir. 9 beyin mərkəzi ilə memorandum və sazişlər imzalanmışdır. Bu mərkəzlər arasında Stratfor (ABŞ), Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu, Tacikistan Respublikasının Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi, İslamabad Siyasi Araşdırmalar İnstitutu (Pakistan), Strateji Araşdırmalar üzrə Milli İnstitut (Qirğızıstan), Helsinki Universitetinin Aleksanteri İnstitutu, Fransanın Beynəlxalq Münasibətlər İnstitutu, Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutu, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondu vardır.
2012-ci ilin ilk altı ayı ərzində SAM-ın əməkdaşları Rusiya Federasiyası, Türkiyə Respublikası, Fransa, Böyük Britaniya, Ukrayna, Moldova, Qazaxıstan, ABŞ, Polşa, Gürcüstan, İsrail, Yunanıstan, Bolqarıstan, Niderland, Avstriya, BƏƏ-də 52 dəfə xarici ezamiyyətlərdə olmuşlar. Bütün bu ezamiyyətlər dövründə SAM-ın əməkdaşları müxtəlif konfrans və tədbirlərdə məruzəçi kimi çıxış etmiş, işgüzar görüşlərə qatılmaqla təşkilatı uğurla təmsil etmiş və eləcə də 2012-ci il üçün elmi-təşkilati işlərinin planına uyğun olaraq bu qurumun xarici tərəfdaşları ilə birgə xaricdə bir sıra tədbirlər təşkil etmiş, beynəlxalq əməkdaşlıq sahəsində memorandum və sazişlərin imzalanmasında yaxından iştirak etmişlər.
SAM-ın yeddi əməkdaşı (T.Allahyarova, R.İbrahimov, V.Qasımlı, S.Cəfərov, Z.Şiriyev, Z.Vəliyev, A.Qəribov) 2012-ci ilin ilk altı ayında Azərbaycanın altı ali təhsil ocağında (Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti) saathesabı müəllim kimi fəaliyyət göstərmişlər.
Hesabat dövründə SAM-ın ayrı - ayrı əməkdaşlarının müxtəlif nominasiyalarda qazandıqları uğurlar da diqqət çəkən məqamlardan olmuşdur. İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin baş elmi işçisi Vüsal Qasımlının "Valyutamagedon: beynəlxalq maliyyə arxitekturasının məhək daşı" adlı analitik məqaləsi "G-Global platformasının ən yaxşı məqaləsi" nominasiyasında üçüncü yer tutaraq, Fəxri Prezidenti Qazaxıstanın rəhbəri Nursultan Nazarbayev olan Avrasiya Alimlərinin İqtisadi Klubunun diplomu və 250 min təngə məbləğində pul mükafatına layiq görülmüşdür. Təşkilatın ekspertinin məqaləsi yeni dünya maliyyə sistemi və vahid dünya valyutasının yaranması işinə töhfə kimi qəbul edilmiş və məqalədəki tezislər də nəzərə alınmaqla, hazırlanmış yol xəritəsi "Böyük 20-lik ölkələri"nə təqdim edilmişdir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.