Heydər Əliyev Mərkəzindəki yanğının səbəbləri araşdırılır

Heydər Əliyev Mərkəzindəki yanğının başvermə səbəbləri araşdırılır. Bu sözləri iyulun 21-də Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Heydər Əliyev Mərkəzində jurnalistlərə müsahibəsində bildirmişdir.
Eldar Sultanov demişdir ki, Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında baş vermiş yanğın hadisəsi ilə bağlı baş prokurorun tapşırığına əsasən dərhal Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəhbəri, müstəntiqləri, kriminalistika şöbəsinin prokurorları və mütəxəssisi müasir kriminalistik avadanlıqla təchiz edilmiş səyyar kriminalistika laboratoriyası ilə birlikdə yanğının baş verdiyi əraziyə gələrək hadisə yerinə baxış keçirmişlər. Baxışa Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və mütəxəssisləri cəlb olunmuşlar. Hadisə yerinə müfəssəl baxış keçirilərək müəyyən edilmişdir ki, yanğın Mərkəzin muzey korpusunun tavan hissəsini əhatə etmişdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən elektrik qaynağı aparatı, üzərində qaynaq işləri aparılmış metal hissələr götürülmüşdür. Yanğının başvermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə baş prokurorun göstərişinə əsasən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi üzrə məhkəmə-yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və trasoloji ekspertizalar təyin edilmişdir. Eyni zamanda, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilir.
Cinayət işi üzrə Azərbaycan Respublikası Baş prokurorunun, fövqəladə hallar, milli təhlükəsizlik və ədliyyə nazirlərinin 2012-ci il 20 iyul tarixli birgə əmri ilə həmin qurumların mütəxəssislərindən və təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Baş prokurorun eyni tarixli qərarı ilə cinayət işi üzrə Baş Prokurorluğun, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmışdır.
Sonra Eldar Sultanov jurnalistlərin suallarını cavablandırmışdır.
- Yanğının başvermə səbəbləri kimi KİV-lərdə müxtəlif fərziyyələr göstərilir. İstintaq hansı fərziyyələr üzərində işləyir?
- Əsas fərziyyə kimi qaynaq işləri görülərkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması səbəbindən yanğının baş verməsidir. Eyni zamanda, digər fərziyyələr ətrafında da intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaqdır.
- İş üzrə cinayət məsuliyyətinə cəlb olunan varmı?
- İlk növbədə qeyd edim ki, hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilməklə zəruri istintaq hərəkətləri, o cümlədən Mərkəzdə işləyən mütəxəssislər və digər şahidlərin dindirilməsi prosesləri həyata keçirilir.
- Yanğın zamanı xəsarət alanlar olmuşdurmu?
- Hadisə zamanı hər hansı bir şəxs, o cümlədən yanğınsöndürənlərdən, binanın mühafizə işçilərindən və təmir işləri aparan mütəxəssislərdən xəsarət alan olmamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında