Ölkəmizin sürətlə inkişaf edən rayonlarından biri də Masallıdır. Yarımillik hesabat yığıncağında bu barədə ətraflı danışılmış və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial- iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulmuş vəzifələr"lə bağlı geniş məruzə ilə çıxış etdi. O bildirdi ki, 2012-ci ilin birinci yarısında ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir.
"Regionlarda gedən quruculuq-abadlıq işləri ənənəvi xarakter daşıyır. Mən bölgələrdə mütəmadi qaydada oluram və hər dəfə yeniliklər görəndə sevinirəm. Deyə bilərəm ki, rayonlar arasında sağlam rəqabət gedir. Həm rayon rəhbərləri, eyni zamanda, ictimaiyyət, əlbəttə hər bir rayon sakini istəyir ki, onun rayonu daha da gözəl, abad və inkişaf etmiş olsun. Biz bu meylləri gücləndiririk və Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin mütləq əksəriyyəti bölgələrin inkişafına yönəlibdir". - Ölkə rəhbəri Nazirlər Kabinetinin iclasında bölgələrlə bağlı qənaətlərini belə bölüşmüşdür. Masallı da bu quruculuq və abadlıq yürüşünün önündə gedir. Məruzəçi vurğuladı ki, ötən aylar rayon üçün əlamətdar olmuşdur. Martın 13-də Prezident İlham Əliyev rayona səfəri çərçivəsində su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak etmiş, Mədəniyyət Evində aparılan əsaslı təmir işləri ilə tanış olmuş, Gənclər Mərkəzinin açılışını etmişdir. Bundan başqa, rayonda yenicə istifadəyə verilmiş böyük istixana kompleksi və 1200 tonluq soyuducu anbara baxmış, tövsiyələrini vermişdir.
Hazırda Masallının inkişaf proqramında nəzərdə tutulmuş sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Rayon Mədəniyyət Evinin əsaslı təmiri başa çatıb. Şəhərin Z.Əliyeva, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq-quruculuq, H.Əliyev mərkəzində isə yenidənqurma və genişləndirmə işləri aparılır. Eyni zamanda YAP Masallı rayon təşkilatı üçün inzibati binanın, "Xatirə" parkının və rayonun giriş qapısının tikintisinə başlanılıb, "Veteranlar evi"nin inşası üçün isə hazırlıq işləri görülür.
Altı ayda rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz artaraq 185,2 milyon manat olub. Adambaşına düşən pul gəlirləri 896 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 241 manat təşkil edir.
Buğda sahələrindən 20315 ton, arpa sahələrindən 4737 ton, tərəvəz sahələrindən 34268 ton, kartof sahələrindən 20269 ton, bostan əkini sahələrindən isə 5736 ton məhsul istehsal olunub. İribuynuzlu mal-qara 71027 başa, xırda buynuzlular 77616 başa çatıb. Altı ay ərzində süd istehsalı 23682,4 ton, ət istehsalı 2645,2 ton, yumurta istehsalı 33.842.000 ədəd olub.
Məruzəçi sonra dedi:
-Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və məşğulluğun təmin edilməsi üçün əsas sahədir. Çünki rayon əhalisinin təxminən 85 faizə qədəri kəndlərdə yaşayır və torpaq mülkiyyətçisidir. Burada həm yeni təşəbbüslərin dəstəklənməsi, həm də təkmilləşmə proseslərinin sürətlə getməsi daha da gözəl nəticələr verəcək.Bu mənada Masallı kimi əhalinin çox, torpağın az olduğu rayonlarda torpaqdan daha səmərəli istifadə edilməli, yüksək mənfəət əldə etmək üçün əkin strukturu daha çox bazardakı tələb və təkliflərlə tənzimlənməlidir. Torpaq payçıları bazarda tələbatın çox olduğu və yüksək qiymətə satılan məhsulların istehsalına üstünlük verməlidirlər. İstehsal olunan məhsulların tədarükü və emalında aidiyyati təşkilatlar əlaqələndirici funksiyasını icra etməlidirlər. Bu istiqamətdə görülməsi nəzərdə tutulan tədbirlərin başında çayçılığın bərpa edilməsi durur. Bununla bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırılıb və 100 hektar sahədə yeni çay plantasiyasının salınması barədə ilkin razılıq əldə olunub. Eyni zamanda faraş tərəvəzçiliyin inkişafı prioritet məsələlərdəndir. Lakin bunu ləngidən səbəblər var. Problemlərin həlli ilə bağlı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri ilə davamlı məsləhətləşmələr aparılır.
Rayondan keçən ölkə və yerli əhəmiyyətli avtomobil yollarında cari təmir işləri davam etdirilir. Ölkə əhəmiyyətli Ələt-Astara avtomobil yolunun tikintisi ilə əlaqədar Sərçuvar kəndi ərazisindən başlayaraq yolun Masallı rayonundan keçən hissəsi də çəkilir. Həmçinin cənab Prezidentin sərəncamları ilə ayrılmış vəsaitlər hesabına Masallı rayonunda kəndlərarası yolların əsaslı təmiri və yenidən qurulması üzrə xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bir çox kənd yollarının təmirinə ehtiyac var. Biz çalışmalıyıq ki, gələn ilin sonuna qədər kənd yollarının əsaslı təmiri ilə bağlı problemləri həll edək.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün tədbirlər həyata keçirilir. Şəhər mərkəzində SİP kabelləşmənin həyata keçirilməsi və yeni Smartkart tipli sayğacların quraşdırılması davam etdirilir. Lakin enerji haqlarının toplanmasında problemlər qalır. Payız-qış mövsümünədək müşküllər həllini tapmalı və elektrik enerjisinin fasiləsiz verilişinə nail olunmalıdır.
Rayon üzrə qaz abonentlərinin sayı 22985-dir. Dövlət Proqramı üzrə rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xətti çəkilməlidir. İndiyədək 13 yaşayış məntəqəsində qaz çəkilişi yekunlaşdırılıb. Dörd kənddə iki minədək abonentin qaz təchizatı bərpa edilib. Bir sıra kəndlərin daxili qaz xətlərinin çəkilişi yekunlaşdırılaraq evlərə sayğac quraşdırılıb.
Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. Xatırladaq ki, bu gün rayonun 28 kəndinin əhalisi içməli su sarıdan korluq çəkir. Tezliklə bu yöndə müsbət nəticələr əldə olunacaq. Belə ki, hazırda Muğan zonasındakı 15 kəndin və Gəyəçöl-Qızılağac istiqamətindəki 13 kəndin su təchizatı üzrə layihə hazırlanır.
Küçələrin su axarları vaxtlı-vaxtında təmizlənməlidir. Bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanıb. Lakin bu, yetərli deyil. Avtotexnikanın qış mövsümü üçün hazır vəziyyətə gətirilməsi, işçi heyətinin normativə uyğun geyim və alətlərlə təmin olunması qısa vaxtda başa çatdırılmalıdır.
Masallıda məktəb tikintisi sürətlə həyata keçirilir. Amma mövcud məktəblərin istilik sistemlərinin təmiri məsələsi də həll olunmalıdır. Tibbi xidmətin səviyyəsini yüksəltmək, maddi-texniki bazasını möhkəmləndirmək üçün müəyyən işlər görülüb. Bir kənddə həkim məntəqəsinin tikintisi, birində isə əsaslı təmiri başa çatdırılıb. Mərkəzi Rayon Xəstəxanasının bütövlükdə əsaslı təmirə ehtiyacı var.
Masallı 2012-ci ildə Azərbaycanın "Folklor Paytaxtı" elan edilib və bununla bağlı tədbirlər keçirilir. Sentyabrda rayonda Beynəlxalq Folklor festivalı təşkil olunacaq.
"İdman ili" ilə əlaqədar Masallıda Boks və Taekvando məkəzlərinin tikintisinə başlanıb, Boradigahda isə İdman Kompleksinin inşası planlaşdırılır. Eyni zamanda rayonda çoxsaylı yarışlar keçirilir.
Hesabat dövründə icra hakimiyyətinə 827 ərizə-şikayət daxil olub ki, bunun da 357-si vətəndaşların, 470-i yuxarı təşkilatların payına düşür. İcra hakimiyyətində keçirilən qəbullar zamanı 544 şikayətçi dinlənilib. Səyyar qəbullarda 170 nəfər çıxış edərək sosial məsələlərlə bağlı təkliflər verib.
R.Hüseynov sonda bildirdi ki, müəyyən uğurlar olsa da, görüləsi işlər də çoxdur. Abadlıq və quruculuq işlərinin daha da genişləndirilməsi əsas vəzifələrdəndir.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.