Qax rayonunda 2012-ci ilin birinci yarısında rayonda görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş iclas keçirilmişdir. İclasda müzakirə edilən məsələ ilə bağlı məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Nazirlər Kabinetinin iclasının yekunları barədə məlumat vermiş, cari ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarını, qarşıda duran vəzifələri geniş təhlil etmişdir.
Qeyd etmişdir ki, hesabat dövrü ərzində rayonda ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artmışdır. O cümlədən sənayedə 26,6, kənd təsərrüfatında 11,1, tikinti-quruculuq işlərində 54, nəqliyyatda 7,8, rabitədə 8,5 faiz artıma nail olunmuşdur. Əhalinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 859 min manat artmışdır. Əsas kapitala yönəldilən investisiya 13 milyon 503 min manat olmuşdur ki, bu da ötən yarımildəkindən 3 milyon 744 min manat çoxdur.
Qax şəhərinin qaz təchizatının yaxşılaşdırılması, rayonun kəndlərinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışan icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, ilin sonunadək rayonun daha 12 kəndi mavi yanacaqla təchiz ediləcək. Qax şəhərində, Qaxbaş və Qaxingiloy kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin inşası sürətlə davam edir. Elektrik enerjisi ilə təchizatın və rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində də bir sıra önəmli tədbirlər həyata keçirilmişdir.
Məruzədə xüsusilə qeyd olunmuşdur ki, rayonun təsərrüfatlarının suvarma suyu ilə təchizatı və sel-sularından mühafizə məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Şəki-Qax avtomobil yolunun və Kürmükçay üzərində 700 paqonmetr uzunluğunda, Malax çayı üzərində isə 3 aşırımlı körpülərin inşası sürətlə davam edir. Büdcədə nəzərdə tutulmuş 841 min manat vəsait hesabına Turaclı-Marsan, Almalı, Qum-Çinarlı və Tasmalı-Marsan kəndlərinin giriş yollarının təmirinə başlanmışdır.
Zəyəm kəndində 300 şagird yerlik tam orta, Əmbərçay kəndində 80 şagird yerlik ümumi orta məktəb binalarının, şəhərdə 80 yerlik uşaq bağçasının, təhsil şöbəsinin inzibati binasının inşası, şəhər 3 saylı uşaq bağçasının təmiri davam edir.
Respublika Prezidentinin sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan ayrılan 2 milyon manat vəsait hesabına artıq şəhərin mərkəzində yerləşən qədim yaşayış məhəlləsi olan Azərbaycan və Heydər Əliyev prospektlərinin, İmam Mustafayev, M. V.Vidadi, 28 May, Qaçaq Nəbi və Füzuli küçələrində, yeni yaşayış massivlərində yerləşən B.Vahabzadə, Yunus Əmrə, M.Gəncəvi, C.Əhmədzadə, H.Tağıyeva, M.Rahim, Ə.Cavad və C.Məmmədquluzadə küçələrində təmir-bərpa, abadlıq işlərinə başlanmışdır. Cari ildə şəhərin Heydər Əliyev parkında yenidənqurma, yeni inşa olunmaqda olan Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə abadlıq işlərinin aparılması planlaşdırılmışdır.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev daha sonra bildirdi ki, cari ildə İdman Kompleksinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, rayon baytarlıq idarəsinin, Əlibəyli kənd xəstəxanasının, "El-Resort" hotel kompleksinin ikimərtəbəli konfrans zalının, Heydər Əliyev Mərkəzinin, süd emalı müəssisəsinin, 40 mənzilli doqquzmərtəbəli yaşayış binasının, "Səngər qala" istirahət kompleksində beşmərtəbəli hotel binasının və digər bir sıra böyük sosial-iqtisadi əhəmiyyət kəsb edən obyektlərin təmir-bərpa işləri sürətlə davam edir.
Məruzədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışan Musa Şəkiliyev qeyd etmişdir ki, ötən ilin müvafiq dövrünə nisbətən 3253 ton çox taxıl toplanmışdır. Biçin bu gün də davam edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda ət istehsalı 40,6 ton, süd istehsalı 55,3 ton, yumurta istehsalı 39 min ədəd artmışdır.
Sonra o, çıxışında rayonda təhsilin inkişafı, əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərə də geniş yer ayırmışdır.
Musa Şəkiliyev hesabat dövrü ərzində əldə edilmiş uğurların möhkəmləndirilməsi, buraxılmış nöqsanların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən də ətraflı söz açdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafına həsr olunmuş iclasındakı dərin məzmunlu, proqram xarakterli çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün daxili imkanlardan səmərəli istifadə etməklə daha səylə çalışacağıq.
Yığıncaqda çıxış edən digər natiqlər cari ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafı istiqamətində əldə edilmiş uğurlardan danışdılar və xüsusilə qeyd etdilər ki, birinci yarımil Qax üçün böyük tikinti-quruculuq işləri ilə daha yaddaqalan dövr olmuşdur və rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşərək əzmlə çalışacaqlar.
{nl}
İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.