Nəsimi rayonunda 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, 2012-ci ilin ilk yarısında ölkəmizdə sosial-iqtisadi sahədə nailiyyətlər əldə edilmiş, qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir. Bu dövrdə ümumi daxili məhsul 1,5 faiz artmış, əhalinin pul gəlirləri 14,2 faiz yüksəlmiş, 46 min yeni iş yeri açılmışdır. Hazırda ölkəmizin valyuta ehtiyatları 44 milyard dollar səviyyəsindədir.
Ümumilikdə, 2012-ci ilin birinci yarısı sosial-iqtisadi sahədə uğurlu olmuşdur. Bütün bunlar dövlət başçımız möhtərəm İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş uğurlu siaysətinin nəticəsində mümkün olmuşdur.
2012-ci ilin 6 ayı Nəsimi rayonu üçün də uğurlu olmuş, sosial-iqtisadi sahələrdə bir sıra nailiyyətlər əldə edilmişdir.
Bu dövrdə rayon sənayesində 160 milyon 700 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. İlin birinci yarısında işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7 faiz artaraq 415 manat olmuşdur. Həmin dövrdə rayonda 1040 yeni iş yeri yaradılmışdır.
Rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış etdi. O dedi ki, ilin 6 ayı ərzində rayonda istehlak bazarında dinamik inkişaf davam etmiş və əhaliyə 542 milyon 200 min manatlıq geniş çeşidli mallar satılmış və pullu xidmətlər göstərilmişdir. Hesabat dövründə rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə 11 milyon 100 min manatlıq xidmət göstərilmiş, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 196 milyon 400 min manatlıq iş görülmüş və xidmətlər göstərilmişdir.
2012-ci ilin 6 ayı ərzində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2604 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşları tərəfindən 359 nəfər ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2011-2013-cü illər)" çərçivəsində nəzrədə tutulan tədbirlərin icrası rayonda uğurla həyata keçirilir. Hazırda tədbirlər planında nəzərdə tutulan 1, 5, 11, 14 saylı məktəblərdə, 45, 74, 92 saylı körpələr evi - uşaq bağçalarında əsaslı təmir işləri aparılır. İşlərin gedişi rayon icra hakimiyyətinin nəzarətindədir.
İyun ayının 21-də Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəti Fondunun təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilmiş, tədbirin sonunda Nəsimi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədilə fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir. Müsabiqənin şərtlərinə görə, qaliblər pul mükafatları və diplomlarla mükafatlandırılacaqdır.
Rayonda xidmət sahələrinin işi daim diqqət mərkəzindədir və əhaliyə göstərilən xidmət növlərinin səmərə və keyfiyyətinin yüksəldilməsi hakimiyyət orqanlarının başlıca vəzifələrindən biridir.
2012-ci ilin 6 ayı ərzində Nəsimi Rayon Qaz İstismar Sahəsi tərəfindən 3-cü Alatava yaşayış massivində, H. Seyidzadə, F. Qasımzadə, Cavadxan, S. Rüstəm, A. Səhhət və digər küçələrdə, ümumilikdə 5679 mexaniki sayğac "Smart - kart" sayğacları ilə əvəz olunmuşdur. Hesabat dövründə istehlakçılara 6 milyon, o cümlədən əhaliyə 3 milyon 614 min manatlıq təbii qaz satılmışdır. Ümumi satışın 110,3 faizi ödənilmişdir.
Rayon enerji satışı və təchizatı idarəsi tərəfindən 124 min 897 metr kabel və naqillər dəyişdirilmiş, 537 ədəd elektrik dayağı quraşdırılmışdır. 19 ədəd transformator məntəqəsi əsaslı təmir olunmuş, 75 ədəd transformator məntəqəsində yeni elektrik avadanlıqları tətbiq edilmişdir. Elektrik enerjisinin dəyərinin ödənilməsi 100,5 faiz təşkil etmişdir.
Hesabat dövründə Nəsimi Rayon Sukanal İdarəsi tərəfindən Xətai, Vaqif prospektlərində, S. Rəhimov, Füzuli, D. Əliyeva, Nizami, Cavadxan küçələrində, ümumilikdə 10 min 467 paqonometr su borusu çəkilmişdir.
Ölkənin hər yerində olduğu kimi Nəsimi rayonunda da irimiqyaslı abadlıq, quruculuq işləri davam etdirilir. Hazırda Hüseynbala Əliyev və Rəşid Məmmədov küçələrinin kəsişməsində yerləşən "Heydər parkı"nda əsaslı təmir işləri aparılır, Cavadxan küçəsində yeni park salınır.
Vaqif, Azadlıq prospektlərində, Nizami, S. Rüstəm, Ə. Qasımzadə, M. Qaşqay, 28 May küçələrindəki müxtəlif ünvanlarda binaların fasadlarında təmir işləri aparılır. Nizami küçəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilir. Hesabat dövründə Zorqe, Y. Çəmənzəminli, C. Səlimov küçələrində, Azadlıq prospektində təmir işləri görülmüşdür. Azərbaycan Tibb Universitetinin Tədris - Cərrahiyyə Korpusunda tikinti- quraşdırma işləri davam etdirilir.
Rayon ərazisində istehsal olunan və satılan istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış və çox sayda reydlər təşkil edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir və bu barədə Nəsimi Rayon İcra Hakimiyyəti başçısına mütəmadi olaraq məlumat verilir.
Rayondakı "Təzə Bazar" MMC-nin və 3-cü mikrorayondakı "Kəndli yarmarkası"nın ərazisində satış yarmarkaları təşkil edilib. Burada hər həftə bazar qiymətlərindən aşağı 40-50 ton kənd təsərrüfatı məhsulu satılır ki, bu da süni qiymət artımının qarşısını almağa və əhalinin rifah halının yaxşılaşmasına xidmət edir. Həmin proses rayon icra hakimiyyətinin daim nəzarətindədir.
Sonra Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon enerji təchizatı və satışı idarəsinin rəisi Arif Məmmədov, rayon qaz istismar sahəsinin rəisi Məcid Kərimli və başqaları çıxış etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun çıxışı etdi.
Tədbirdə Milli Məclisin deputatı Ziyad Səmədzadə iştirak edirdi.
{nl}
Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.