Regionun əhəmiyyətli ölkələri olan Rusiya ilə Azərbaycan arasındakı strateji əlaqələr müasir dövrdə dövlətlərarası münasibətlərin bütün sahələrini əhatə edərək çoxşaxəli şəkildə inkişafdadır. Qarşılıqlı etimada əsaslanan bu əlaqələrə açıqlıq, səmimilik, etimad hakimdir. Bugünədək birgə səylər nəticəsində hər iki tərəf üçün çox vacib olan bir sıra məsələlərə dair optimal, məqbul və qarşılıqlı faydalı həll yolları tapılmış, münasibətlərin daha da sürətli inkişafı üçün əsaslı zəmin yaranmışdır. Son illərdə humanitar sahədə əlaqələrin xeyli genişlənməsi isə həm Azərbaycan, həm də ənənəvi dostluq münasibətlərimiz olan və ümumi keçmişə, tarixə malik olduğumuz Rusiya ictimaiyyəti tərəfindən alqışlanır.
Bu gün bizim səmimi dostluq münasibətlərimiz geniş normativ-hüquqi bazaya, əməkdaşlıq sahəsində zəngin təcrübəyə və çoxəsrlik ənənələrə əsaslanır. Onu da deməliyik ki, Azərbaycan-Rusiya əlaqələri ötən əsrin 90-cı illərinin əvvəllərində mürəkkəb bir dövr yaşamış, lakin xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gələndən sonra bu münasibətlər yenidən qurulmuşdur. Heydər Əliyevin Azərbaycan-Rusiya əlaqələrinin inkişafındakı ən böyük xidmətlərindən biri də bu olmuşdur ki, ulu öndər 1997-ci ildə iki ölkə arasında sülh, dostluq və əməkdaşlıq haqqında baza xarakterli müqavilə imzalanmasına nail olmuşdu. Birmənalı şəkildə qeyd etmək olar ki, 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri iki ölkənin qarşılıqlı münasibətləri tarixində dönüş anı kimi yadda qaldı. Bu gün Rusiya-Azərbaycan münasibətlərinin intensiv və dinamik inkişafı həmin səfərin və bu səfər zamanı Bakı Bəyannaməsinin imzalanmasının məntiqi nəticəsi, iki ölkənin dövlət başçıları - Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında səmimi dostluq və tərəfdaşlıq münasibətlərinin yaranması ilə əlaqədardır.
Təsadüfi deyil ki, bu il iyulun 7-də Rusiyanın Krasnodar diyarında 100-dən çox insanın həlak olması, onlarla insanın yaralanması, evsiz-eşiksiz qalması ilə nəticələnən təbii fəlakətdən sonra ilk olaraq Azərbaycan Respublikası fəlakət bölgəsinə humanitar yardım göndərmişdir. Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən 38 nəfər şəxsi heyətdən, 22 avtomobildən ibarət yardım karvanı axşam saatlarında Bakıdan Rusiyaya yola düşmüşdür. Dövlət başçımızın tapşırığı ilə Krasnodar diyarına yola salınan humanitar yardım müxtəlif sulardan, şirələrdən və digər qida məhsullarından ibarət idi. Bu, bir daha xalqlarımız arasındakı etibarlı dostluq əlaqələrinin bu gün də yaşadılmasından və Azərbaycanın bu dostluğa sədaqətli olmasından xəbər verir. Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasını göstərən əsaslı faktlardan biri də iqtisadi-ticarət münasibətləridir. Reallıq budur ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri və birincisi Rusiyadır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, MDB ölkələri ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 50 faizdən çoxu Rusiyanın payına düşür. Keçən il ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord həddə çataraq 2 milyard 828 milyon ABŞ dollarına bərabər olmuş, başqa sözlə, onun həcmi 2010-cu ildəkinə nisbətən 47,4 faiz artmışdır. Bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində heç vaxt belə nəticə olmamışdır. Bu, o deməkdir ki, ticarət əlaqələrimiz hər ötən il daha da inkişaf edir və gələcəkdə yeni ürəkaçan perspektivlər bizi gözləyir. Onu da deyək ki, hazırda respublikamızın ərazisində Rusiyanın 457 müəssisə və təşkilatı fəaliyyət göstərir. Onlardan 219-u 100 faiz Rusiya kapitalı əsasında yaradılmışdır, 149-u müştərək müəssisə, 89-u nümayəndəlik və filiallardır.
Dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin artması da əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir. İyulun 8-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaqları qəbul etmiş və ilk öncə Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar Sergey Narışkinə və bütün Rusiya xalqına başsağlığını çatdırmışdır. Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi yüksək dövlət vəzifəsinə seçilməsi münasibətilə Sergey Narışkini təbrik edən Prezident İlham Əliyev onun ilk xarici səfərlərindən birinin Azərbaycana etməsindən məmnunluğunu bildirmiş və bunu ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası və digər sahələrdə mövcud uğurlu əməkdaşlığın təzahürü kimi dəyərləndirmişdir. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini və bu münasibətlərin çoxəsrlik əməkdaşlıq tarixinə, dostluq və qarşılıqlı dəstəyə əsaslandığını da vurğulamışdır. Öz növbəsində, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar verdiyi başsağlığı və fəlakətdən zərər çəkmiş insanlara göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Azərbaycan Milli Məclisinin dəvətinə əsasən Rusiya Federasiyası Dövlət Dumasının sədri vəzifəsində ilk dəfə olaraq böyük parlament nümayəndə heyəti ilə respublikamıza səfər etdiyini vurğulayan Sergey Narışkin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmiş və bu əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini vurğulamışdır.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası əlaqələrin inkişafında və möhkəmləndirilməsi işində xüsusi xidmətlərinə görə, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin və Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın yüksək mükafatlarından birinə - "Dostluq" ordeninə layiq görülmüşlər. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sergey Narışkinin Rusiya Federasiyası Baş nazirinin müavini, hökumətlərarası birgə komissiyanın həmsədri, Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri vəzifələrində çalışarkən, hazırda isə Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, humanitar və digər sahələrdə daha da möhkəmləndirilməsi işində fəal rol oynadığını xüsusi vurğulamışdır. Dövlətimizin başçısı bildirmişdir ki, Sergey Narışkinin rəhbərliyi ilə hökumətlərarası birgə komissiya səmərəli fəaliyyət göstərərək iqtisadi xarakterli mühüm məsələlərin həllinə nail olub. Həmçinin Sergey Narışkinin uğurlu fəaliyyəti nəticəsində Rusiya-Azərbaycan humanitar forumu Beynəlxalq Humanitar Foruma çevrilib, Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlayıb.
Sergey Narışkin Azərbaycanın yüksək mükafatlarından birinə-"Dostluq" ordeninə layiq görülməsini Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi işinə verilən qiymət kimi dəyərləndirmiş, bu əməkdaşlığın və dostluğun gələcək illərdə də davam etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulamışdır. Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu bildirən Prezident İlham Əliyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun uzun illər bu sahədə ölkələrimizin və xalqlarımızın yaxınlaşması istiqamətində fəal işlər apardığını qeyd etmişdir. Dövlətimizin başçısı Mixail Şvıdkoyun MDB ölkələri çərçivəsində həyata keçirilən bütün humanitar layihələrdə fəal iştirak etdiyini vurğulamışdır.
Bütün bunlar, Rusiya - Azərbaycan əlaqələrinin səviyyəsini və münasibətlərdəki qarşılıqlı səmimiyyəti göstərir. Rusiya Federasiyası Dövlət Dumasının sədrinin və Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsinin Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən səsləndirdikləri fikirlər də belə deməyə əsas verir. Qəbulda həm də iki xüsusi məqama diqqət çəkildi: Rusiya-Azərbaycan Humanitar Forumunun Beynəlxalq Humanitar Foruma çevrilməsi, Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyəti. Hər iki məsələnin əhəmiyyəti ondan ibarətdir ki, məhz bu istiqamətdəki fəaliyyətlər ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, dövlətlərimiz arasındakı dostluq əlaqələrini gücləndirir, işbirliyimizi daha da möhkəmləndirir.
Xatırlayırsınızsa, 2011-ci il oktyabrın 10-11-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü və himayəsi ilə "XXI əsr: ümidlər və çağırışlar" devizi altında keçirilən Birinci Bakı Beynəlxalq Humanitar Forumunun təşkil edilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan - Rusiya Forumunda qəbul olunmuşdu. Humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu bir platforma kimi nəzərdə tutulmuş beynəlxalq tədbirin məqsədi müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etmək idi. Forumun Azərbaycan paytaxtında keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu daha da artırmışdır.
Forum iştirakçılarının bu tədbirin ənənəvi təşkil edilməsi barədə təklifini dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il oktyabrın 24-də Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalamışdı. Həmin sərəncama əsasən Bakı Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Prezident Administrasiyasının rəhbəri, görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. Onu da deyək ki, bu ilin oktyabr ayında Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında İkinci Beynəlxalq Humanitar Forumu keçiriləcəkdir. Forum bizə təkcə ikitərəfli və regional məsələləri deyil, dünya miqyaslı məsələləri də müzakirə etmək imkanı verir. Ümid edirik ki, bu forumun hər il keçirilməsi ilə əlaqədar Bakı tədricən bəşəriyyətin qlobal məsələlərinin müzakirə edildiyi beynəlxalq mərkəzə, belə demək olarsa, dünyanın "Humanitar Davos"una çevriləcəkdir.
Bu il iyunun 28-də Bakıda Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən keçirilən "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu da əməkdaşlığın genişləndirilməsi baxımından məhsuldar olmuşdur. Forumda Azərbaycan və Rusiya münasibətlərində işgüzar sahə ilə yanaşı, humanitar, mədəniyyət və gənclər siyasəti istiqamətlərinə də diqqət yetirilmiş, ölkələrimizin regionları arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunmuş, mövcud problemlərin həlli yolları axtarılmış, qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, bu kimi forumların müntəzəm keçirilməsi prezidentlərimiz İlham Əliyevin və Vladimir Putinin siyasi iradəsi sayəsində mümkün olmuşdur. Rusiya - Azərbaycan regional əməkdaşlıq forumunda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsi, dövlət başçılarının müəyyən etdiyi kursa müvafiq olaraq bütün istiqamətlər üzrə münasibətlərin müzakirə edilməsi və gələcək əməkdaşlığın prioritetlərinin müəyyən olunması vəzifəsi qoyulmuşdu və sevindirici haldır ki, iştirakçılar bu vəzifələri yüksək səviyyədə yerinə yetirdilər. Bütün bunlar göstərir ki, hər iki ölkənin siyasi elitası tərəfdaşlığın daha da dərinləşdirilməsində, həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişləndirilməsində maraqlıdır.
Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filalının fəaliyyəti də iki ölkə arasındakı humanitar münasibətlərin yüksək səviyyədə olmasını göstərir. Universitetin rektoru, akademik Viktor Sadovniçi məsələyə münasibət bildirərkən haqlı olaraq demişdir: "Bakı filialı Moskva Dövlət Universitetinin incisidir. Mübaliğəsiz demək olar ki, MDU-nun Bakı filialının yaradılması Rusiya - Azərbaycan münasibətlərinin zirvəsi olmuşdur". Tanınmış rusiyalı alim Viktor Sadovniçi professor Nərgiz xanım Paşayevanın rəhbərlik etdiyi Azərbaycan ali məktəbinin fəaliyyətini yüksək qiymətləndirərək xüsusi vurğulamışdır ki, MDU-nun filialları çoxdur, lakin Bakı filialı onların arasında seçilir. Viktor Sadovniçi ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında və dərinləşməsində, vahid elm və təhsil məkanının qorunub saxlanmasında böyük rolunu diqqətə çatdırmışdır. O demişdir: "MDU-nun Bakı filialının yaradılmasının əsasını Heydər Əliyev ideyaları, onun xalqlarımızın, ölkələrimizin həmişə bir yerdə olmasına yönəldilmiş fədakar əməyi təşkil edir".
Qeyd edək ki, iyulun 7-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ilk məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, nazirlər, komitə sədrləri, ali məktəblərin rektorları, deputatlar, valideynlər iştirak etmişlər.
Tədbirdə çıxış edən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayeva ikitərəfli humanitar əlaqələrimizə toxunaraq demişdir: "Bu gün Moskva Dövlət Universitetinin Bakı filialının həyatında əlamətdar tarixi gündür. Zənnimcə, bu mühüm və parlaq hadisə təkcə bu günlə bağlı deyildir. Mən bir məsələdə əminəm ki, hər şeyə qadir olan zaman gələcəkdə öz hökmünü və müdrikliyini göstərərək, bu mühüm hadisənin dövlətlərimizin həyatında, Azərbaycan və Rusiya vətəndaşlarının həyatında dolğun və parlaq qiymətini daha dəqiq verəcəkdir". Universitetlərin bütün zamanlarda bilik və nəcib məziyyətlərin yaradıcısı və qoruyucusu olduğunu qeyd edən Nərgiz Paşayeva demişdir ki, kəşməkəşli XXI əsrin əvvəlində ölkələrimiz sülh və əmin-amanlığın, qarşılıqlı hörmət və həmrəyliyin hökm sürdüyü, elmi mübahisələrdən başqa heç bir mübahisənin olmadığı ümumi bir ev - Moskva Dövlət Universitetinin Bakı filialını yaratmağa nail olmuşlar.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin məzunların üzərinə Rusiya - Azərbaycan dostluğunu möhkəmləndirmək kimi böyük mənəvi məsuliyyət düşdüyünü bildirərək demişdir: "Xahiş edirəm Rusiya ilə Azərbaycan arasında dostluğun ildən-ilə möhkəmlənməsi üçün əlinizdən gələni əsirgəməyin. Bu dostluğun, həqiqətən, dərin tarixi kökləri vardır. Sizin bu münasibətlərə əlavə edəcəyiniz enerjidən, hisslərdən Azərbaycanın gələcəyi, Rusiyanın gələcəyi çox asılıdır".
Həqiqətən də xalqlarımızın və ölkələrimizin çoxəsrlik dostluğu bizim ümumi tariximizdə - qələbələrdə də, uğursuzluq anlarında da bir-birimizin yanında olmağımızla təsdiqlənmişdir. Bizim dostluğumuz möhkəmdir və biz onu çox yüksək qiymətləndiririk. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün strateji tərəfdaşlığa əsaslanan Azərbaycan - Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir. İqtisadi, elmi-texniki və humanitar əlaqələrin dərinləşməsi hər iki ölkə vətəndaşlarının rifahının yüksəlməsinə, xalqlarımız arasında tarixi dostluq tellərinin möhkəmlənməsinə müsbət təsir göstərir və bu, gələcəkdə də belə olacaqdır. Rusiya ilə Azərbaycan arasında mövcud əlaqələr həm rus, həm də Azərbaycan xalqlarının maraqlarına cavab verir. Ümumi tarix, dövlətlərarası münasibətlərin nadir təcrübəsi, bir-birini qarşılıqlı tamamlayan iqtisadi strukturların mövcudluğu, humanitar əlaqələrin səviyyəsi - bütün bunlar strateji tərəfdaşlığın möhkəmlənməsi və durmadan irəliləməsi üçün zəmin yaradır.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.