Neftçilər neft və qaz hasilatını artırırlar

Azərbaycan neft sənayesinin qabaqcıl müəssisələrindən sayılan "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin fəaliyyətə başlamasından 110 il ötür. Məlumat üçün bildiririk ki, idarənin istismar etdiyi ilk quyu 1902-ci ildə "Pirallahı" yatağının quru hissəsində qazılmışdır. Bununla da, idarə üzrə neftin sənaye üsulu ilə çıxarılmasına başlanılmışdır. 1935-ci ildə isə adı çəkilən yatağın dəniz hissəsində dəmir konstruksiyalar üzərində 157 saylı quyu qazılaraq istismara verilmişdir. Bu həm də dünya üzrə açıq dənizdə qazılmış ilk hasilat quyusu olmuşdur. Maraqlıdır ki, dərinliyi 750 metr olan həmin quyu bu gün də neft verir. 
Hazırda "Abşeronneft" NQÇİ "Qərbi Abşeron", "Abşeron", "Darvin Bankəsi", "Pirallahı" və "Gürgan" yataqlarının istismarını həyata keçirir. Bundan əlavə, ötən ayın ortalarında "Qoşadaş" yatağında "Xəzər-6" üzən qazma qurğusu vasitəsilə ilk axtarış-kəşfiyyat quyusunun qazıntısına başlanımışdır. Layihə dərinliyi 3500 metr olan həmin quyuda artıq 420 metrdən çox qazma işi aparılmışdır. Bu yaxınlarda məhsuldarlığı ilə seçilən "Darvin Bankəsi" yatağında quraşdırılmış 720 saylı stasionar dəniz özülündən ilk hasilat quyusunun qazıntısına başlanılmışdır. Həmin quyudan sutkada 5-6 ton neft hasilatı proqnozlaşdırılır. Gələcəkdə isə burada quraşdırılması nəzərdə tutulan iki özülün bloklarının inşası davam etdirilir. Bundan əlavə, idarənin istismar etdiyi "Qərbi Abşeron" yatağının perspektivi nəzərə alınaraq burada daha üç özülün tikintisi planlaşdırılır. Hazırda isə bu yataqda 10 istismar quyusu fəaliyyət göstərir. Yeri gəlmişkən, uzun illər istismarda olan "Pirallahı" yatağının quru hissəsində qazılan 1200 saylı axtarış quyusunda da sınaq mənimsəmə və hazırlıq işləri görülür.
Son illər neft və qaz hasilatına dair proqnoz tapşırıqlarını vaxtında və artıqlaması ilə yerinə yetirən Pirallhı neftçiləri 2012-ci ilin birinci yarısını da yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə başa vurmuşlar. İdarədə hesab edirlər ki, qazanılmış bütün bu uğurların başlıca səbəbi neft sənayesinə, neftçi peşəsinə dövlət səviyyəsində qayğı və diqqətin ilbəil artırılması ilə bağlıdır. Məhz bütün bunlardan ruhlanan, gün-güzəranlarının getdikcə yaxşılaşmasını hiss edən neftçilər dövlət qayğısına əməli işlə cavab verməyə çalışırlar. Bu şərəfli peşə sahibləri bir sadə həqiqəti də dərk edirlər ki, ölkəmizin iqtisadi qüdrətinin ilbəil artması, xalqımızın rifah halının anbaan yaxşılaşması həm də onların fədakar əməyindən çox asılıdır.
İlin əvvəlindən uğurlu start götürən "Abşeronneft" NQÇİ-nin kollektivi ötən altı ay ərzində 96 min 200 ton əvəzinə 101 min 277 ton neft hasil edərək proqnoz tapşırığını 105,3 faiz yerinə yetirmişdir. Bu isə ötən ilin müvafiq dövründəkindən 10 min 197 ton çoxdur. Bundan əlavə, neftçilər ilin əvvəlindən 100 min 690,2 min ton "qara qızıl" təhvil vermişlər ki, bu da nəzərdə tutulduğundan 6 min 90,2 ton artıqdır. İdarənin qaz hasilatı və təhvili üzrə əldə etdiyi göstəricilər də uğurludur. Belə ki, yanvar-iyun ayları ərzində Pirallahı neftçiləri 21 milyon 980 min kubmetr əvəzinə 24 milyon 114 min kubmetr qaz hasil etmişlər ki, bu da proqnoz tapşırığının 106,4 faiz yerinə yetirilməsi deməkdir. İdarə üzrə qaz hasilatı ötən ilin birinci yarısı ilə müqayisədə 2,8 faiz çoxalmışdır. Yeri gəlmişkən, Pirallahı adasının 16 minlik əhalisinin, eləcə də buradakı sosial obyektlərin "mavi yanacağa" olan tələbatı məhz "Abşeronneft" NQÇİ tərəfindən istehsal edilən təbii qaz hesabına ödənilir. Cari ilin birinci yarısında idarə üzrə 15 milyon 966 min kubmetrdən artıq "mavi yanacaq" təhvil verilmişdir ki, bu da nəzərdə tutulduğundan xeyli çox və ya plana 115,5 faiz əməl olunması deməkdir.
"Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin rəisi Qoçalı Mahmudov əldə olunmuş bu uğurların başlıca səbəbinin ölkənin neft sənayesinə, neftçilərə göstərilən dövlət qayğısının məntiqi nəticəsi kimi dəyərləndirərək dedi: - Son illər Dövlət Neft Şirkəti və "Azneft" İstehsalat Birliyi rəhbərliklərinin diqqət və qayğısı nəticəsində idarəmizdə texniki-təşkilati tədbirlərin sayı xeyli artmışdır. Neft və qaz hasilatı üzrə proqnoz tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsinin əsas səbəblərindən biri istismar fonduna daxil olan quyuların hər birinin imkanlarının diqqətlə öyrənilməsi, işlək fondun təzələnməsi üçün məqsədyönlü tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi ilə bağlıdır. Hazırda idarəmizin ümumi istismar fonduna 510 quyu daxildir ki, bunlardan 7-si qaz quyularıdır. Həmin quyulardan 447-si işlək fonda aiddir. Onu da deyim ki, fəaliyyətdə olan quyuların 5-dən qaz çıxarılır. Müəyyən səbəblər üzündən istismarı dayandırılmış quyulardan isə daha məhsuldar hesab olunanların bərpa edilərək yenidən işlək fonda qaytarılması üçün lazımi tədbirlər görürük. 2012-ci ilin ötən altı ayında fəaliyyətsiz fondda olan 20 quyu təmir edilərək yenidən istismara daxil edilmişdir ki, bu da nəzərdə tutulduğundan 11 quyu çoxdur. Həmin quyulardan isə 440 ton əvəzinə 4845 ton əlavə neft alınmışdır. Yeri gəlmişkən, deyim ki, "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi yeganə müəssisədir ki, burada neft hasilatı ilə bağlı bütün üsullar tətbiq olunur. 2012-ci ilin ilk yarısında idarə üzrə çıxarılan ümumi neftin 89336 tonu dərinlik nasosu, 6370 tonu qazlift, 3621 tonu fontan, 1527 tonu erlift, 423 tonu isə svab üsulu ilə çıxarılmışdır. İdarəmizin istismar etdiyi yataqlar ehtiyatlarla zəngin olduğundan son illər qazma işləri xeyli intensivləşmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2012-ci ilin altı ayında qazmadan 21 quyu alınmışdır ki, bu da nəzərdə tutulduğundan 6 quyu çoxdur. Yeni quyulardan isə 7362 ton neft hasil olunmuşdur.
İdarə üzrə neft və qaz hasilatının sabit saxlanılması məqsədilə geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı təmir işlərinin vaxtlı-vaxtında aparılmasına da diqqəti getdikcə artırırıq. Cari ilin altı ayı ərzində mədənlərdə həyata keçirilmiş 28 geoloji tədbir hesabına 1040 ton neft çıxarılmışdır ki, bu da həmin göstərici üzrə nəzərdə tutulduğundan xeyli çoxdur. Bundan əlavə, hesabat dövründə həyata keçirilmiş texniki tədbirlər də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, quyularda aparılmış 224 texniki tədbir hesabına əvvəlcədən nəzərdə tutulmuş 950 ton əvəzinə 1050 ton neft hasil edilmişdir.
Hazırda dövlət başçısı İlham Əliyevin tövsiyəsinə uyğun olaraq ölkəmizin hər yerində ekoloji məsələlərə xüsusi diqqət göstərilir, yaşıllıq zolaqları salınır. Xəzərin ləpədöyənində yerləşən Pirallahı adasında isə bu işi, əsasən, "Abşeronneft" NQÇİ-nin kollektivi həyata keçirir. Son zamanlar idarənin yaxınlığında, eləcə də qəsəbənin ayrı-ayrı ərazilərində Abşeron yarımadasının iqlim şəraitinə uyğun olan minlərlə sərv, eldar şamı, zeytun ağacı və qızılgül kolları əkilmişdir. Bundan əlavə, idarənin daxili imkanları hesabına qəsəbə yolları təmizlənmiş, hamarlanmışdır. Ətraf ərazilərin məişət və istehsalat tullantılarından təmizlənməsində, qəsəbədə həyata keçirilən abadlaşdırma işlərində Pirallahı neftçiləri də yaxından iştirak etmişlər. Yeri gəlmişkən, "Abşeronneft" NQÇİ tərəfindən inşa olunmuş dəniz suyunu şirinləşdirən Əks-osmos tipli sutəmizləyici qurğusu artıq iki ildir ki, qəsəbədə yaşıllaşdırma işlərinin aparılmasına mühüm töhfələr verir.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında