Dünən Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə tər gül dəstələri düzdülər. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq iyulun 11-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2012-ci ilin ötən altı ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları ilə bağlı məruzə etdi. Natiq bildirdi ki, iyul ayının 11-də Prezident Sarayında dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ərzində ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirilmişdir.
Ölkəmizin dinamik inkişafının təmin olunmasında Nizami rayonunun da yaxından iştirak etdiyini vurğulayan məruzəçi bildirdi ki, 2012-ci ilin ilk yarısında rayonun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, sənaye məhsulunun və bu sahədə göstərilən xidmətlərin həcmi 198,4 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 1,5 faiz çoxdur. İstehsal olunmuş ümumi məhsulun 32,9 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Sənayenin dövlət sektorunda isə 133,1 milyon manatlıq və ya ümumi istehsalın 67,1 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Rayon üzrə ötən ilin eyni dövrü ilə müqayisədə gips və sement məmulatlarının istehsalı 41,7 faiz, elektrik enerjisi istehsalı və qazın bölüşdürülməsi 6,3 faiz, qarğıdalı yağı istehsalı 96 faiz, günəbaxan yağları istehsalı 46,4 faiz, marqarin yağı istehsalı 28,6 faiz, kimyəvi məhsulların istehsalı 33,7 faiz, şokolad istehsalı 8,1 faiz, rezin və plastmas məmulatlar istehsalı isə 73,3 faiz çox olmuşdur. Bu artımda rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Neftqaztikinti" Tresti, "NJT-2000" firması, "Kaspi Yıldız" MMC, "Bakı Yağ Qida Sənaye" ASC, "Körpü Tunel" ASC, "Azərtunelmetrotikinti" SC-nin DBK zavodu, "Ulduz" fabriki və digər müəssisələrin müstəsna xidmətləri olmuşdur.
Natiq bildirdi ki, hesabat dövründə rayonun tikinti təşkilatları öz gücləri ilə 142,5 milyon manatlıq podrat işləri görmüşlər ki, bu da ötən ilin müvafiq dövründəkindən 68,8 faiz çoxdur. Cari ilin ilk yarısında rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 26,5 milyon manat həcmində investisiya yönəldildiyini diqqətə çatdıran natiq qeyd etdi ki, həmin vəsaitin 21,6 milyon manatı və ya 81,5 fazi dövlət, 4,9 milyon manatı və ya 18,5 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. İlin ötən altı ayı ərzində istifadə edilmiş investisiyaların 7,1 milyon manatı və ya 26,8 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf olunmuşdur.
Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən altı ayı ərzində də rayon üzrə əmtəə dövriyyəsi və pullu xidmət göstəricisi xeyli yüksəlmiş, pərakəndə ticarət dövriyyəsinin həcmi 49,9 faiz artaraq 700,3 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 107,3 milyon manata çatmışdır. Hesabat dövründə rabitə xidmətləri sahəsində 33,5 milyon manat, nəqliyyat sahəsində isə 27,5 milyon manat dəyərində xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 68,6 və 44,7 faiz çoxdur. İ. Mehdiyev bildirdi ki, 2012-ci ilin yanvar-iyun aylarında rayonda 498, 2010-2012-ci illər ərzində isə 4194 yeni iş yeri açılmışdır. Cari ilin yanvar-may aylarında rayon üzrə orta aylıq əmək haqqı 392,6 min manat təşkil etmişdir.
Məruzəçi 2012-ci ilin ötən dövrü ərzində rayonun elektrik enerjisi, istilik, qaz və içməli su təchizatı sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verdi, rayonda reallaşdırılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən söhbət açdı. Natiq, həmçinin 2012-ci ilin ötən dövrünü rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olduğunu qiqqətə çatdırdı, bu sahədə əldə olunmuş uğurları sadaladı.
Tədbirdə digər natiqlər 2012-ci ilin birinci yarısında Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğuladılar.
Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2012-ci ilin altı ayının yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak edirdilər.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.