Torpaq şəxsiyyətləri ilə tanınar

Görkəmli alim Müseyib Müseyibovun xatirəsinə
Qədim Oğuz yurdu olan Tovuz torpağının yetirdiyi görkəmli şəxsiyyətlər içərisində professor Müseyib Müseyibovun halal və toxunulmaz yeri vardır. Qeyri-adi qabiliyyəti və şəxsi keyfiyyətləri hesabına o, gəncliyindən həm elmdə, həm də ictimai həyatda nüfuzlu söz sahibinə çevrilə bilmişdi. Müseyib müəllim heç vaxt şöhrət dalınca qaçmasa da, şöhrət onun ətrafında fırlanıb həmişə. O, harada olurdusa, onun parlaq siması daima ətrafını işıqlandırırdı. Hər yerdə diqqət mərkəzinə çəkilirdi Müseyib müəllim.
Tanınmış rus şairi Robert Rojdestvenski yazırdı ki, 50-ci illərdə sovet şairlərinin bir yerdə çoxlu şəkli olub. Hansı şəkildə Səməd Vurğun var idi, orada bizim heç birimiz görünmürdük. Eyni fikri Müseyib müəllimə də aid etmək olar. O, harada olurdusa, məclisin yaraşığına, canına çevrilə bilirdi.
Müseyib Müseyibov, heç şübhəsiz, unikal şəxsiyyət idi: o, gənc yaşlarından elmlər doktoru kimi, coğrafiya elminin tanınan simalarından ola bilmişdi, eyni zamanda, elə o vaxtlardan əsl ağsaqqal missiyasını şərəflə daşıyırdı. Müseyib müəllim professor olduğu məmləkətimizin ən qədim ali məktəbi olan Bakı Dövlət Universitetinin hörmətli müəllimlərindən biri kimi hamı tərəfindən dəyərləndirilirdi. Onun Respublika Ağsaqqallar Şurası sədrinin müavini olması da təsadüfi deyildi. Müseyib müəllim əsl Ağsaqqal idi, onun sözü həmişə, hər yerdə keçirdi. Müseyib müəllim həm də vətənpərvər bir türk kişisi idi. O, millət sevgisini ömrünün bütün çağlarında ürəyində və əməllərində yaşatdı.
Qarabağ savaşının ən gərgin dönəmlərində doğma torpağın müdafiəsinin təşkilində əvəzsiz xidmətlər göstərdi. "Tovuz" Xeyriyyə Cəmiyyəti Ağsaqqallar Şurasının sədri olaraq eloğlularını səfərbər edərək gecə-gündüz sərhədlərdə dolaşdı. Əsgərlərə ərzaq daşıdı, onların yurd və torpaq sevgisinin yüksəldilməsində fəallıq göstərdi. Bir sözlə, Müseyib müəllim həmişə gördüyü işi daha böyük coşquyla davam etdirərək Vətən təəssübü çəkənlərə maddi və mənəvi dayaq oldu. O, həm də imkansız və ehtiyacı olan insanların ümid yeri idi. Belə şəxslərə təmənnasız kömək edən Müseyib müəllim, ona edilən müraciətləri heç vaxt cavabsız qoymur, problemlərinin həllinə nə yolla olursa-olsun nail olardı.
Müseyib müəllim sözünün sahibi idi. Onun sözü də söz idi: yerində deyilən, düz və amiranə...
Mən inanmıram ki, kimsə onun sözündən çıxmağa cəsarət edə bilərdi, kimsə bu müdrik sözlərə biganə qalmağı bacarardı.Və Müseyib müəllim heç vaxt haqsız iş tutmazdı. Əməli düz olduğundan idi ki, hər yerdə qətiyyətli addımlar atar, kəsərli söz danışardı. Düzlük və halallıq idi onun həyat kredosu, həm onilliklər boyu dərs dediyi universtitet auditoriyalarında, həm ictimai fəaliyyətində, həm də gündəlik həyatında.
Görkəmli, nüfuzlu elm adamı və parlaq şəxsiyyət olan Müseyib Müseyibov daim Azərbaycan dövlətçiliyini və ulu öndər Heydər Əliyevin cahanşümül siyasətini dəstəkləməklə, ulu öndərin Azərbaycan adına gördüyü böyük işlərin fəal təbliğatçısı idi. Onun bu fəaliyyəti də həmişə yüksək qiymətləndirilirdi. Həm ulu öndər Heydər Əliyev, həm də ölkə Prezidenti cənab İlham Əliyev professor Müseyib Müseyibova sayğı ilə yanaşaraq ona "Əməkdar elm xadimi" və Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü adını vermişdilər. Mən qürur duyuram ki, Müseyib Müseyibov kimi böyük Azərbaycan ziyalısı ilə tale məni tanış və yaxın eləmişdi. Sağlığında adı mənə necə əziz idisə, indi də ruhu və xatirəsi o qədər doğmadır.
Torpaq şəxsiyyətləri ilə tanınar. Millət də eləcə...
Müseyib müəllim torpağına şərəf, millətinə başucalığı gətirən şəxsiyyət idi. Onun adı torpağının və millətinin taleyində və tarixində daim qalacaq və yaşayacaqdır.
Ruhu şad, yeri behişt, millət və torpaq adına arzuları çin olsun.

{nl}

Musa SÜLEYMANOV, "Tovuz" Xeyriyyə Cəmiyyətinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında