Xalqdan ayrı düşənlərin dağıdıcı "birlik" çağırışları

Bu günlərdə xalq arasında heç bir sosial dayağı olmayan radikal müxalifətin mətbuatda sərsəm çıxışlar edərək öz sıralarını genişləndirmək cəhdlərini, bir sıra köçkün rayonları ilə yanaşı, bizim rayonun da adını hallandırmalarını biz laçınlılar kəskin etiraz və hiddətlə qarşılamışıq.
Dövlət müstəqilliyinin ilk illərində hakimiyyəti qəsb etmiş bu siyasətbazların səriştəsizliyi, naşılığı ucbatından xalqımızın düçar olduğu bəlalar, xaos və anarxiya yaddaşımızdan silinməmişdir. Bu gün demokratiyadan, vətəndaş həmrəyliyindən danışan, xalqa özünü canıyanan göstərən bu adamlar Xocalı, Şuşa, Laçın və digər torpaqlarımız düşmənlə üzbəüz qaldığı bir vaxtda hakimiyyət davası edir, nəzarətlərində saxladıqları hərbi birləşmələri düşmənə qarşı çevirmək əvəzinə, Bakıya gətirir, xalqı yalan vədlərlə çaş-baş salırdılar. Biz laçınlı ağsaqqallar və ziyalılar acı təəssüf hissi ilə bildiririk ki, bu naşı siyasətbazların fəaliyyəti zamanı ölkədə qaçqın və məcburi köçkünlərə ikinci qrup insanlar kimi baxılır, onlar əzaba məruz qoyulurdular. Ancaq şükürlər olsun ki, müdrik xalqımız o zaman belələrinin ardınca getmədi.
O çətin anlarda yeganə düzgün seçim edən xalqımız ümummilli lider Heydər Əliyevə üz tutdu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı isə nəinki məcburi köçkünlərin, eləcə də bütün ölkə vətəndaşlarının yaşamaq əzmini, qurub-yaratmaq amalını özünə qaytardı. Ölkəmiz hakimiyyətsizlikdən, xaos və anarxiyadan, qarşıdurma və qardaş qırğınından qurtuldu. Bu gün Sülhəddin Əkbərov kimilərin ölkəmizdə sürətli inkişafın, dayanıqlı sabitliyin, əmin-amanlığın bərqərar edildiyi bir vaxtda köhnə əyyamlara qayıdaraq "Birlik və barışıq fiquru məhz Rəsul Quliyev ola bilər" kimi sərsəm, məsuliyyətsiz bəyanatlar səsləndirmələri bizi aldada bilməz. İndi xalqımız kimin kim olduğunu yaxşı bilir və ümummilli lider Heydər Əliyev ideyaları ətrafında sıx birləşmişdir. Azərbaycanı bəlalara salmış adamlar hansı birlik və barışıqdan dəm vururlar. Özlərini xalqdan ayrı salanların birlikdən danışmağa haqqı varmı?
2003-cü ildən Heydər Əliyev strategiyası ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük məharət və bacarıqla davam etdirilir. Hakimiyyəti xalqa xidmət etmək üçün bir fürsət, vasitə hesab edən cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkəmizdə işsizlik aradan qaldırılmış, yeni və müasir müəssisələr fəaliyyətə başlamış, xalqımızın rifah halı daha da yaxşılaşmışdır. Ölkəmizin bir çox mötəbər yarışlara ev sahibliyi etməsi, anbaan gözəlləşən paytaxtımızın qonaqları heyran etməsi hər bir azərbaycanlının qəlbində iftixar hissi yaradır. Ölkə başçısının ata-baba torpaqlarından didərgin salınmış insanlara daha həssaslıqla yanaşmasını, respublikamızın ərazisindəki bütün çadır şəhərciklərini ləğv edərək abad qəsəbələr salmasını biz laçınlılar da yüksək qiymətləndiririk. Bu diqqət və qayğının bariz nümunəsi kimi 24 dekabr 2011-ci il tarixdə, əlli yaşının tamam olduğu bir gündə Prezident İlham Əliyevin müvəqqəti məskunlaşdığımız Ağcabədi rayonu Taxtakörpü ərazisinə səfəri, köçkünlər üçün inşa edilmiş 556 evdən ibarət, bütün infrastruktura malik qəsəbənin açılışında iştirak etməsi hər bir laçınlının yaddaşına əbədi həkk olunmuşdur.
Qoy müxalifət liderləri yaxşı bilsinlər ki, həmişə olduğu kimi, bu gün də hər bir laçınlı ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. İşğal altındakı torpaqlarımız ölkə rəhbərinin apardığı müdrik, qətiyyətli siyasət nəticəsində tezliklə azad ediləcək, bütün məcburi köçkünlər ata-baba yurdlarına qayıdacaqlar. Birmənalı şəkildə bəyan edirik ki, Sülhəddin Əkbərov kimilərinin rəhbərlik etdikləri partiyanın sıralarına üzv qəbul olunanların daha çox Qubadlı, Zəngilan və Laçından olmasını bəyan etmələri ağ yalandır. Oxuculara belə məlumatların həqiqətə uyğun olmadığını, xalqı yenidən çaşdırmaq məqsədi daşıdığını bildiririk. Bu gün laçınlıların ardınca getdikləri, ümid və inamlarını bağladıqları yeganə siyasi qüvvə Yeni Azərbaycan Partiyasıdır. Məhz bunun nəticəsidir ki, rayonda Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı artaraq 2600 nəfəri ötmüşdür. Bunların da əksəriyyətini gənclər təşkil edir. Biz laçınlı ağsaqqal və ziyalılar xalq arasında bütün nüfuz və dayaqlarını itirmiş özlərinə yeni "büt" axtaran radikal müxalifət nümayəndələrinə üzümüzü tutaraq bir daha bildiririk ki, möhtərəm Prezidentimiz İlham Əliyevin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizdə formalaşmış milli birliyi, vətəndaş həmrəyliyini heç bir qüvvə sarsıda bilməyib və bundan sonra da sarsıda bilməz.
Son illər Taxtakörpü ərazisində bütün infrastruktura malik, 610 ailəlik 3 qəsəbə salınmış, obalarda 50 km uzunluğunda çınqıl örtüklü yol çəkilmişdir. 3 artezian quyusu qazılmış, 2 sutəmizləyici qurğu quraşdırılmışdır. 8,5 km içməli su xətti, 40-dan çox müxtəlif gücə malik transformator, 60 km elektrik hava xətti yenisi ilə əvəz olunmuş, Taxtakörpü qəsəbəsinə təbii qaz xətti çəkilmiş, yaxın vaxtlarda isə ərazidə 1500 ailə üçün yeni evlərin inşasına başlanılacaqdır. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin biz laçınlılara olan diqqət və qayğısının bir daha əyani təzahürüdür.
Laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Taxtakörpü ərazisində görülən geniş tikinti, quruculuq, abadlıq və yaşıllıq işləri, həmçinin məcburi köçkünlərimizin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər son 9 ildə bir neçə dəfə artmışdır. Lakin bu işgüzar və sağlam mühiti gözü götürməyən insanlar "Yeni Müsavat", "Gündəlik Bakı" qəzetlərində həqiqətdən uzaq, heç bir real faktı özündə əks etdirməyən cəfəng fikirlər yayırlar. Müxalif nəşrlərdə rayon başçısının, idarə, müəssisə rəhbərlərinin şəxsiyyətini təhqir edən səviyyəsiz və etikaya zidd məqalələr dərc olunur. Həmin məqalələrdə rayonda aparılan müsbət işlərə kölgə salır, yaradılmış sağlam atmosferi pozmağa cəhd göstərilir. Belə böhtan xarakterli informasiyalar jurnalist adına bir ləkədir. Biz laçınlılar radikal müxalifətin belə antimilli fəaliyyətini pisləyir, ona "yox!" deyirik.

{nl}

Laçınlı məcburi köçkünlər adından: Ağayar İSMAYILOV, əməkdar müəllim, Elçin İSGƏNDƏROV, əməkdar həkim, Əmirxan ZEYNALOV, rayon ziyalısı, Şərqiyyə VƏLİYEVA, Prezident təqaüdçüsü, İxtiyar Əzizov, rayon ağsaqqalı Cəmi: 478 nəfər


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında