Şriftin ölçüsü:
17.07.2012 10:58 | Oxunma sayı: 513
Toplantıda fondun sədri Səlim Müslümov DSMF-da vətəndaşlara göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsindən söz açdı. Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq elektron xidmətlərin təşkili məqsədilə DSMF-nin rəsmi internet səhifəsində interaktiv və informativ xidmətlərdən ibarət elektron xidmətlər bölməsinin yaradılması və bu bölmədən maneəsiz, sərbəst istifadənin təmin edilməsini bildirdi.
DSMF sədri qeyd etdi ki, interaktiv xidmətlər müxtəlif altbölmələr vasitəsi ilə həyata keçirilir. O, altbölmələr haqda məlumat verərək bildirdi ki, "Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması" altbölməsi sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın elektron formada mübadiləsini nəzərdə tutursa, "Məktub yazmaq" altbölməsi vasitəsilə sığorta-pensiya sisteminə dair elektron məktub göndərmək mümkündür. "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" altbölməsində hər bir sığortaolunan sosial sığorta stajı və məcburi dövlət sosial sığortasına cəlb edilən əməkhaqqı barədə müvafiq məlumatları daxil etməklə pensiya kalkulyatoru vasitəsilə pensiyasının məbləği barədə məlumat almaq imkanı əldə edir. "Elektron poçt sistemi" altbölməsi vasitəsilə sənədlərin elektron dövriyyəsi təmin edilir. "Mərkəzi çağrı sistemi" altbölməsində əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən sualları operativ şəkildə cavablandırılır və DSMF Aparatının məsul əməkdaşları ilə birbaşa canlı bağlantı qurulur. "Sual-cavab" altbölməsində istifadəçi onu maraqlandıran məlumatları tapmaqla bərabər bu bölməyə sual ünvanlayır.
İnformativ xidmətlər bölməsinin digər altbölmələri sığortaedənlər tərəfindən fonda elektron formada təqdim olunan hesabatların proqram təminatını və həmin hesabatların elektron sənəd formasında göndərilməsi üçün razılaşmanı əks etdirir. DSMF tərəfindən göstərilən elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınması məqsədilə xidmətlər üzrə inzibati reqlamentlər hazırlanmış və təsdiq olunmuşdur. Elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi məqsədilə fond ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında müqavilə imzalanmış və fondun əməkdaşlarının elektron imza ilə təmin olunması həyata keçirilmişdir.
Tədbir iştirakşılarının nəzərinə çatdırıldı ki, "Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi" müasir məlumatlandırma sistemi fondun rəsmi internet informasiya ehtiyatında olmaqla yanaşı, "Elektron Hökumət" Dövlət İnformasiya Sistemi (EHDİS) portalında yerləşdirilib. Bu xidmət vasitəsilə sığortaolunanlar DSMF tərəfindən açılmış fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə edə bilərlər. Sığortaolunanların özlərinin pensiya kapitalına nəzarət etmək imkanını əldə etməsi sistemdə şəffaflığı artırır. Bu proses həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcək.
Toplantıda elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsi xüsusi olaraq diqqətə çatdırıldı. DSMF tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsindən söz açıldı. Pensiya təminatının vahid sadələşdirilmiş qaydaya gətirilməsi və DSMF sistemində korporativ şəbəkənin qurulmasının təmin edilməsi, hazırda pensiya təyinatı üzrə əməliyyatların vahid mərkəzdən aparılmasını həyata keçirəcək proqram təminatının hazırlanması, həmçinin tətbiqi ilə bağlı tədbirlərinin görülməsi barədə fikirlər xüsusi vurğulandı.
Müzakirələrdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisləri çıxış edərək jurnalistlərin suallarını cavablandırdılar. "Elektron Hökumət" layihəsinin rəhbəri Məmməd Atakişiyev və "Elektron imza" layihəsinin rəhbəri Nadir Rəsulov DSMF tərəfindən göstərilən elektron xidmətləri yüksək dəyərləndirdilər.
{nl}
Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.