"Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin dünyaya olduğu kimi təqdim edilməsində böyük rol oynadı. Müsabiqədə iştirak edən sənətçilər, həmçinin əcnəbi qonaqlar xalqımızın necə qonaqpərvər, sülhsevər olduğunu gördülər, Azərbaycanı, azərbaycanlıları daha yaxından tanıdılar. Bundan sonra həm ölkəmizə, həm də xalqımıza olan hörmət daha da artdı. Avropanın bu möhtəşəm mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi bir daha təsdiqlədi ki, müstəqil dövlətimiz ən nüfuzlu beynəlxalq tədbirləri keçirməyə qadirdir.
Buna bizim getdikcə artan iqtisadi gücümüz də imkan verir. Mötəbər mahnı yarışmasının iştirakçıları və tamaşaçı qismində gəlmiş turistlər hələ də Bakıda gördükləri ürəkaçan mənzərələrdən, gözəlliklərdən ayrıla bilmirlər. Milli xörəklərimizin dadı - tamı isə dillər əzbəri olub. Bütün bunlar ölkəmizin sürətli inkişaf yolunda olması barədə əcnəbi qonaqlarda tam təəssürat yaratdı.
Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna xələl gətirməyə çalışan qaragüruhçu qüvvələr, xüsusilə də qondarma İctimai Palatanın üzvləri sanki pusquda dayanıb məqam gözləyirlərmiş. Onlar bu müsabiqəni siyasiləşdirərək öz çirkin məqsədlərini həyata keçirmək üçün min oyndan çıxdılar. Müstəqillik tariximizdə bu qədər uğurlar əldə edildiyi halda, müxalifət adı ilə araqarışdıran xəyanətkar qrup ictimai - siyasi sabitliyi pozmağa cəhd etmək məqsədilə yerlərdə piketlər keçirmək və xarici jurnalistlərə yanlış məlumatlar verməklə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırdılar. Hətta onlar heç bir səbəb olmadan Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirməklə xarici qonaqların diqqətini özlərinə cəlb etmək istəyirdilər. Lakin onların bu riyakarlığı da baş tutmadı. Çünki xəyanətkarların yalnız axşamlar "aclıq edən" "aclarına" baş çəkən əcnəbi tapılmadı. Bunun əsas səbəbi o idi ki, xalq tərəfindən satqın, riyakar xəyanatkar kimi tanınan belələrinin iç üzləri artıq xarici ölkələrin ictimai - siyasi xadimlərinə də bəllidir. Elə buna görə də son illər ölkəmizə rəsmi səfərə gələn nüfuzlu ölkələrin və mötəbər qurumların nümayəndələri Azərbaycan müxalifəti ilə görüşməkdən imtina edirlər. Yaxşı bilirlər ki, müxalifətin onlara verəcəyi "faktlar" yalan və cəfəngiyatdır. Bu "faktlar" sonradan həmin təşkilatları da beynəlxalq aləmdə rüsvay edir və onlara olan inamı heçə endirir.
Yəqin ki, hər kəs AŞPA - nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin düşdüyü çətin vəziyyətdən xəbərdardır. Radikal müxalifətin yalan məlumatları əsasında Azərbaycanda olan "siyasi məhbuslar"ın siyahısını hazırlayan K.Ştrasser özünü və AŞPA kimi nüfuzlu bir qurumu çıxılmaz vəziyyətə salıb. Sonradan məlum olub ki, avropalı məruzəçinin "siyasi məhbus" siyahısında olanların əksəriyyəti çoxdan azadlığa buraxılıblar. Bəziləri isə ağır terror hadisələri törədənlər imiş. K.Ştrasserin bu siyahısı onun təmsil etdiyi quruma ağır zərbə vurdu. Eyni zamanda, radikal müxalifətə olan etimad heçə enib. Artıq ölkəmizə gələn diplomatlar onlarla görüşməkdən imtina edirlər. Bu yaxınlarda Azərbaycana gəlmiş ABŞ-ın dövlət katibi Hillari Klinton da İctimai Palatanın üzləri ilə görüşdən imtina etdi. Görünür, xanım Klinton radikalların yalanlarına çoxdan bələd imiş. H.Klintonla görüşə "yeni faktlarla" getməyə hazırlaşan İctimai Palatanın rəhbərləri Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli bir də onda ayıldılar ki, ABŞ-ın dövlət katibi artıq Türkiyədədir. İsa Qəmbər bilet sifariş verib Türkiyəyə getməyə hazırlaşan zaman eşitdi ki, xanım Klinton artıq Amerikadadır.
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycana rəsmi səfəri zamanı da belə bir hadisə baş verdi. Xəyanətkarlar bu görüşə də böyük həvəslə hazırlaşmışdılar. Avropalı diplomat Ştrasserin düşdüyü vəziyyətə düşməmək üçün İctimai Palatanın rəhbərləri ilə görüşməkdən imtina etdi. Azərbaycandakı inkişafdan, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasından, bu sahədə dövlətimizin həyata keçirdiyi siyasətdən, Prezident İlham Əliyevin bir - birinin ardınca imzaladığı əfv fərmanlarından məmnun qalan Herman Van Rompuy müxalifətlə görüşə ehtiyac qalmadığını bildirdi. Görünür, radikallar unudurlar ki, indi heç bir beynəlxalq təşkilat, habelə tanınmış diplomatlar xalqına, Vətəninə, millətinə qarşı çıxanları qəbul etmir. Ona görə də Azərbaycanın konstruktiv müxalifətini gözdən salan radikal müxalifətlə heç kim görüşmür.
İndi bütün beynəlxalq təşkilatlara məlumdur ki, Azərbaycanda demokratik proseslərin inkişafına xüsusi önəm verilir. Mitinq, piket və digər aksiyalar keçirmək istəyənlər üçün xusisi yerlər ayrılıb. Hətta "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində İctimai Palata bir neçə dəfə razılaşdırılmış mitinq keçirdi. Sonradan adam tapa bilmədiklərindən mitinqlərini dayandırıb şəhərin mərkəzi hissələrində icazəsiz aksiyalar keçirdilər. Avropanın möhtəşəm mahnı müsabiqəsi ərəfəsində təşkil olunmuş icazəsiz aksiyaların əsas məqsədi ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq idi. Əslində isə beynəlxalq təşklatların nümayəndələri çox yaxşı bilirlər ki, icazəsiz piket, mitinq keçirmək demokratiya uğrunda mübarizə yox, sadəcə olaraq xuliqanlıqdır. İcazəsiz aksiyalar keçirənlər və təşkil edənlər Azərbaycandakı inkişafı görməməzliyə vuran siyasi korlardır.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında da belə nankorları, öz xalqına, millətinə, Vətəninə qarşı çıxanları kəskin tənqid edərək dedi: "Öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar - milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr". Dövlətimizin başçısı bildirdi ki, inkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm-daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil etmişlər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək - bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi.
"Eurovision-2012" mahnı müsabiqəsi İctimai Palata adlı qondarma qurumun rəhbərlərinin xislətlərini, xəbis niyyətlərini bir daha açıb göstərdi. Onsuz da hamının xəyanətkar kimi tanıdığı belələrinin kimliyi bir daha aydın oldu. Ölkəmizdə keçirilən belə nüfuzlu tədbirdən istifadə edib qlobal problemləri, hamımızı narahat edən Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və erməni vandalizmi haqqında əsl həqiqəti ölkəmizə gələn qonaqlara çatdırmaq əvəzinə, gah qanunsuz piket, gah da aclıq aksiyaları keçirənlər heç olmazsa, bu əməllərinə görə azacıq da olsa, vicdan əzabı çəkirlərmi? Xeyr, çünki onlar artıq belə antimilli hərəkətlərə vərdiş ediblər. Adamın ağlına da gəlmir ki, insan bu dərəcədə antimilli duyğularla yaşayır və öz Vətəninə düşmən kəsilir. Təəccüblüdür ki, adlarını azərbaycanlı qoyan belələri ölkəmizdə bir yenilik görəndə üzülürlər, sanki yasa batırlar.
Neçə vaxtdır ki, xəyanərkar qüvvələr "xəlvəti dərəyə" çəkilblər. Səs - səmirləri gəlmir. İndi də başları öz aralarında didişməyə qarışıb. 2013-cü ildə keçiriləcək prezident seçkilərində vahid namizədlik uğrunda bir - birilərini az qala didib - parçalamaq istəyirlər. Ancaq öz köhnə vərdişlərindən də əl çəkə bilmirlər. Onlar ölkədə çaşqınlıq yaratmaq üçün məqam gözləyir, sanki fürsət axtarırmış kimi pusquda dayanıblar.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.