Qədim Nizami yurdunda ilin birinci yarısına yekun vuruldu
Gəncədə adamların əhval-ruhiyyəsi yüksəkdir. Bunu şəhərə gələn qonaqlar da deyir, sakinlərin özləri də. Maraqlıdır ki, şəhərdə baş verən ən kiçik yenilik belə diqqətdən kənarda qalmır, müzakirə olunur, rəy söylənilir, başqa sözlə, ətrafda baş verənlərə biganəlik, laqeydlik hissləri aradan qalxıb. Adamlar şəhərin inkişafı ilə bağlı həyata keçirilən işlərin nəinki gedişini izləyir, həm də özləri bu işlərdə yaxından iştirak edirlər. Elə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin bu ilin birinci yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsinə böyük maraq da onu göstərirdi ki, Gəncədə həyata keçirilən işlərə laqeyd qalmaq olmaz. Axı, qədim Nizami yurdu daim çiçəklənməli, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir.
Fəallar yığıncağında belə bir fikir dönə-dönə səsləndi ki, istər Gəncədə, istərsə də digər şəhər və rayonlarda həyata keçirilən işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar yaratmışdır. Bu vacib sənədlərin uğurla reallaşması Gəncə şəhərinin də potensial imkanlarından səmərəli istifadə olunmasına, iqtisadi fəallığın artmasına səbəb olmuşdur.
Ölkə Prezidentinin Gəncəyə son səfəri zamanı şəhərdə qısa müddət ərzində aparılan geniş abadlıq-quruculuq işləri ilə tanış olması, bir sıra vacib tikililərin təməlqoyma mərasimində iştirakı və görülmüş işlərə yüksək qiymət verməsi şəhər sakinlərində yüksək əhval-ruhiyyə yaratmışdır. Bu bir daha dövlət başçısının Gəncəyə və gəncəlilərə davamlı qayğısının və diqqətinin təzahürüdür.
Sənayedə artım yüksəkdir
Son vaxtlar sənayenin inkişafındakı sürət açıq-aşkar hiss olunur. Şəhərin inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici - ümumi daxili məhsulun həcmi 342,1 milyon manata çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə onun həcmi 44,0 faiz artmışdır. Ümumi daxili məhsulun adambaşına düşən həcmi 43,7 faiz artaraq, 1062,1 manat və ya 1352 ABŞ dolları olmuşdur. Ümumi daxili məhsulun 67,9 faizini qeyri-dövlət bölməsi təşkil edir. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
2012-ci ilin 6 ayı ərzində şəhərdə 150,0 milyon manatlıq və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənayenin qeyri-dövlət müəssisələrində istehsalın həcmi 6,5 dəfə artmışdır. Bu, ümumi sənaye məhsulunun 63,2 faizi deməkdir. İstehsal edilmiş sənaye məhsulunun 104,0 faizi istehlakçılara göndərilmişdir.
Şəhərdə yeni sənaye müəssisələrinin işə düşməsi istehsalı xeyli artırmışdır. Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin martında təməli qoyulan Gəncə DET.Al Alüminium zavodu kompleksinin illik alüminium istehsal olunan birinci fazası 2012-ci ilin yanvarın 21-də istifadəyə verilmiş, 640 nəfər işlə təmin edilmişdir. Kompleksin ikinci fazasında 50 min ton alüminium istehsal edəcək 84 vannadan ibarət elektroliz korpuslarının, gil-torpaq qəbulu anbarının tikintisi davam etdirilir. Cari ilin mart ayında illik istehsal gücü 850 min ton olan yeni "DRI" zavodunun və istehsal gücü 750 min ton olan yeni Polad zavodunun tikintisinə başlanılmış, 2013-cü ildə isə yeni Pelet zavodunun tikintisinə başlanılacaq və başa çatdırılacaqdır. Beləliklə, 2012-2016-cı illərdə həyata keçirilən layihələrə 630 milyon dollar investisiya qoyulacaqdır. İllik istehsal gücü 67 min baş iri və xırda buynuzlu heyvan və 3 milyon 600 min ədəd quş ətini emal edən "ELBA kəsim və emal fabriki"nin tikintisi davam etdirilir. "İnter-Pak" MMC-də illik istehsal gücü 0,6 min ton meyvə şirəsi və 0,4 min ton mürəbbə istehsal edən müəssisəsinin inşası başa çatdırılaraq istifadəyə verilmiş, hazırda müəssisədə 65 nəfər işçi çalışır.
Hər gün abadlıq, hər gün yenidənqurma
Bu, artıq bir devizə çevrilib. Şəhərdə hər gün abadlıq, yenidənqurma, tikinti, yaşıllaşdırma işləri aparılır. 2012-ci ilin birinci yarısında da belə olmuşdur. İqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi 56 milyon 313.9 min manat təşkil etmişdir. Bu vəsaitin 95,8 faizi və ya 53 milyon 948.7 manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 1,1 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait isə 1,2 faiz çox olmuşdur. İstehsal təyinatlı obyektlərin inşasına 14 milyon 186.7 min manat, qeyri-istehsal təyinatlı obyektlərin inşasına 42 milyon 127.2 min manat investisiya qoyulmuşdur. Dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat işlərinə 42 milyon 339.4 min manat, qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələr isə 13 milyon 974.5 min manat vəsait sərf etmişlər.
Prezident İlham Əliyevin qayğısını daim öz üzərində hiss edən Gəncə şəhər sakinləri ölkə başçısının şəhərimizə son səfərindən üç gün sonra Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı 5,0 milyon manat vəsait ayrılması haqqında verdiyi sərəncamı bu qayğının yeni təzahürü kimi qiymətləndirirlər.
Şəhərdə hara baxırsan yeni obyektlərin ucaldılmasının şahidi olursan. Ölkə Prezidenti İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş ümummilli liderin adına Heydər Əliyev Mərkəzinin, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi muzeyinin və Gəncə Dövlət Filarmoniyasının tikintisi davam etdirilir. Cavad xan, Atatürk prospektində və digər ünvanlarda qəzalı vəziyyətdə olan yaşayış evləri sökülmüş, bu binalarda yaşayan sakinlər üçün müasir memarlıq üslubunda, tam təmirli, geniş və yaraşıqlı 50 mənzilli yaşayış evinin təməli qoyulmuşdur. Şəhərdə müntəzəm olaraq tarixi-mədəni abidələrin qorunması ilə əlaqədar görülən işlərdən biri də faşizm üzərində qələbəyə həsr olunmuş "Böyük Vətən Müharibəsi" abidə kompleksinin qısa vaxt ərzində əsaslı şəkildə yenidən qurulması və ətrafının abadlaşdırılmasıdır.
Yeni Gəncə yaşayış massivində yerləşən Novruz meydanı da yenidən qurularaq, əsaslı təmir edilmiş və bayram ərəfəsində istifadəyə verilmişdir. Təhsil, səhiyyə, mədəniyyət və digər sosial tipli obyektlərin tikintisində, təmirində və yenidən qurulmasında böyük canlanma var. Belə bir fakt diqqət doğurur ki, təkcə bir ildə şəhərdə 21 məktəb və məktəbəqədər müəssisədə tam əsaslı təmir işləri aparılmış və aparılır. 15, 30, 32 və 42 nömrəli məktəblər tam əsaslı təmir olunaraq, yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcəkdir.
Maraqlıdır ki, obyektlərdə aparılan təmir-tikinti, abadlıq və quruculuq işlərinin demək olar ki, hamısı yerli ustalar, fəhlələr tərəfindən görülür və onların sayı 800 nəfərə yaxındır. Azərbaycan Prezidentinin 2011-ci il 13 dekabr tarixli "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Qanuna müvafiq olaraq Gəncə şəhərində "Cavad xan, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı yaşayış məntəqələrinə qəsəbə statusu verilmişdir. Ölkə başçısının 5 iyun 2012-ci il tarixli "Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamı ilə Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı və Cavad xan qəsəbələrini birləşdirən, ümumi uzunluğu 21 km olan avtomobil yollarının tikintisi məqsədi ilə ilkin olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdır.
Artıq yeni yaradılmış qəsəbələrin mərkəzləri müəyyənləşdirilmiş, bütün infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda bu qəsəbələrdə 640 şagird yerlik 3 məktəbin, 140 yerlik 5 və 280 yerlik 2 məktəbəqədər tədris müəssisələrinin tikintisi nəzərdə tutulmuşdur. Şəhərin 5 hektara yaxın ərazisində yeni müasir Avtovağzal kompleksinin inşasına başlanılmışdır. Avtovağzal üç mərtəbəli, ümumi sahəsi 3 min kvadratmetr olacaq. Burada ana və uşaq, tibbi xidmət, ibadət otaqları, iaşə və ticarət obyektləri xidmət göstərəcəkdir. Eyni zamanda vağzalda 4 mərtəbəli mehmanxananın və ticarət mərkəzinin inşası da nəzərdə tutulur. Şəhərdə binaların 5 min 500 kvadratmetrdən çox dam örtükləri təmir olunmuş, məhəllə və kvartallarda abadlıq, səliqə-sahman işləri aparılır.
Ayrı-ayrı çoxmərtəbəli yaşayış binalarının fasadlarının klassik memarlıq üslubunda, dam örtüklərinin metal keramiklə üzlənərək mansard formasında yenidən qurulmasına başlanılmış və işlərin sürəti günü-gündən artmaqdadır.
Nizami prospektində geniş abadlıq-quruculuq işləri görülür. Burada da binaların fasadları qaydaya salınır, müasir üslubda yenidən qurulur. 3 min 500 kvadratmetrə yaxın kərpicdən inşa olunmuş 8 qədim tikilinin və məhəllə hasarının bərpasına başlanılmışdır. Prospektin darısqal, yol nəqliyyat vasitələrinin hərəkəti üçün əlverişli olmayan yerləri genişləndirilir, evlər müasir üslubda yenidən qurulur. Çoxmənzilli binalarda liftlərin işçi vəziyyətdə saxlanılması, onların vaxtlı-vaxtında təmiri və profilaktikası, yeniləri ilə əvəz edilməsi davam etdirilmişdir. Şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin əsas istiqamətlərindən biri də şəhərdaxili yolların genişləndirilməsi, təmiri və yenidənqurulması ilə bağlıdır.
Şəhərin ayrı-ayrı küçə və prospektləri genişləndirilməklə yanaşı, səkiləri düzəldilir, tikililərin milli ornamentləri bərpa olunur, işıq sistemi yeniləşir, mozaika və qranit bardür daşları quraşdırılmışdır. Bütövlükdə, ayrı-ayrı küçələrə və prospektlərə 22 min 150 kvadratmetrdən çox tamet döşənmişdir.
Şəhərin işıqlandırma sisteminə ciddi fikir verilir və onun yenidən qurulması istiqamətində ardıcıl iş aparılır. Bu ilin birinci yarısında 240 ədəddən çox yeni işıqlandırıcı sistem quraşdırılmışdır. Şəhərə giriş avtomobil yolları genişləndirilmiş, yaşıllıqların salınması, yeni müasir obyektlərin tikinti işləri davam etdirilir. Şəhər ərazisində 120 min ədəddən çox ağac, 60 minə yaxın dekorativ gül və çiçək əkilmiş, 9 ədəd yeni subartezian quyusu təmir olunaraq yaşıllıqların suvarılması üçün istifadəyə verilmişdir. Qazon-çəmənlik sahələri genişləndirilmiş, ilin əvvəlindən 7,2 hektar yeni qazon salınmışdır.
Hacıkənd ikinci həyatını yaşayır
Gəncəlilərin və şəhərə gələn qonaqların ən çox sevdikləri yerlərdən birinin Hacıkənd olmasını hamı bilir. Təəssüf ki, son illər Hacıkənddə dözülməz bir vəziyyət yaranmışdı. Amma, bu gün Respublikanın ən səfalı guşələrindən biri olan və uzun illər abadlaşdırılmasına fikir verilməyən Hacıkənd qəsəbəsində hazırda geniş miqyasda tikinti, abadlıq-quruculuq işləri davam edir. Qəsəbədə kommunal infrastruktur - qaz, işıq, su və rabitə xətləri yenidən qurulur. Burada böyük xeyriyyəçi Zeynalabdin Tağıyev adına parkda yenidənqurma işləri aparılır, yeni səki daşları qoyulur, bəzək işləri görülür, yaşıllıqlar salınır. Qəsəbədə 3 kilometrdən çox yol genişləndirilir, piyadalar üçün səkilər yenidən qurulur, yol kənarında 4 kilometr uzunluğunda torpaq sürüşməsinin qarşısının alınması məqsədi ilə istinad divarları hörülür, sel suları təhlükə yarada biləcək yerlərdə iri diametrdə yeni borular quraşdırılır. Hacıkəndin 5 küçəsində abadlıq işləri ilə yanaşı, 3 kilometr uzunluğunda qəsəbədaxili işıqlandırma sistemi quraşdırılır, 40 ədəd bina əsaslı təmir olunur, binaların fasadları, dam örtükləri yeniləşdirilir. Başqa sözlə, tezliklə Hacıkənd öz gözəlliyi, abadlığı, əsrarəngizliyi ilə diqqəti cəlb edəcəkdir.
Bütün sahələrdə inkişaf, tərəqqi var
Şəhərdə aparılan quruculuq və yenilik bütün sahələri əhatə etdiyi kimi, nəqliyyat sektoruna da öz təsirini göstərməkdədir. 2012-ci ilin birinci yarısında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 36 milyon 898 manatlıq və ya ötən illə müqayisədə 1,6 faiz çox nəqliyyat xidmətləri göstərmişdir. Avtomobil nəqliyyatı ilə yük daşınması 10,9 faiz, sərnişin daşınması 8,3 faiz artmışdır. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərə təklif edilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə istismar müddətini keçmiş kiçik avtobusların yenisi ilə əvəz edilməsi cari ildə də davam etdirilmişdir. Ötən dövrdə Cənubi Koreya istehsalı olan 11 ədəd "Hunday" markalı avtobus gətirilərək xəttə buraxılmışdır. İlin sonuna kimi bu cür avtobusların sayının 100 ədədə çatdırılması nəzərdə tutulur. Müasir nəqliyyat infrastrukturuna uyğun olaraq elektron tablolu dayanacaqların quraşdırılması və marşrutlar üzrə optimal variantların seçilməsi sahəsində işlər aparılır. Dəmiryolu nəqliyyatı ilə yük daşınması 2011-ci ilin birinci yarısı ilə müqayisədə 47,9 faiz artmış, başqa sözlə, 6 min 84 ton yük daşınmışdır. Bu dövrdə orta hesabla gün ərzində 108,6 vaqon yüklənmiş, 107 vaqon boşaldılmışdır ki, bu da 2011-ci ilin birinci yarısı ilə müqayisədə müvafiq olaraq 48,8 faiz və 7,3 faiz çoxdur. Gəncə Beynəlxalq Hava limanı ilin birinci yarısında hava nəqliyyatı ilə 73 min 717 nəfər sərnişin, 563,5 ton yük daşınmışdır. Sərnişin daşınması ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz, yük göndərilməsi 11,0 faiz artmışdır. Türkiyənin "Onur Air" aviaşirkəti İstanbul-Gəncə-İstanbul marşrutu üzrə birbaşa uçuşlara başlayıb. Hazırda Gəncədən Moskva, Sankt-Peterburq, Tümen və Naxçıvana uçuşlar yerinə yetirilir.
Təhsil, səhiyyə, mədəniyyət
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi, təhsilə münasibətdə müasir düşüncə tərzinin formalaşması və təhsillə bağlı digər məsələlər şəhər icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Yeni təhsil konsepsiyasının tətbiqi kompyuter texnologiyalarından istifadəni ön plana çəkir. Hazırda şəhərin ümumtəhsil məktəblərində 978 ədəd kompyuter şagirdlərin istifadəsindədir ki, bu da V-IX siniflərdə oxuyan hər şagirdə bir kompyuter deməkdir.
Şəhər Təhsil İdarəsi üçün yeni inzibati binasının inşasına başlanıb.Ötən ildən şəhərin 15, 30, 32, 43 və cari ildə 3, 8, 16, 22 və 31 nömrəli tam orta məktəblərində başlanan əsaslı təmir işləri sürətləndirilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncə şəhər uşaq evində başlanan əsaslı təmir və tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. Yeni korpusun tikintisinə başlanılmışdır. 2 saylı uşaq bağçasının tikintisi üçün hazırlıq işləri aparılır.
Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını və səhiyyə sahəsində islahatların başlıca istiqamətlərini təşkil edir. Şəhər Səhiyyə İdarəsi səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yeniləşdirilməsi sahəsində müəyyən işlər görmüşdür.
Şəhərin A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında, 80 çarpayılıq Yoluxucu xəstəliklər xəstəxanasında əsaslı, Təcili Tibbi Yardım xəstəxanasının müştərək travmalar və daxili xəstəliklər şöbələrində təmir işləri davam edir, Psixiatriya xəstəxanasında, Uşaq Stomatoloji poliklinikasında, 1,2,3 və 4 saylı poliklinikalarda, Kardioloji və Göz xəstəxanalarında görülən təmir işləri başa çatdırılmışdır. Vərəmlə mübarizə üzrə tədbirlər proqramı çərçivəsində Vərəm əleyhinə xəstəxanada rayonlararası bakterioloji laboratoriyanın tikintisi, Gəncə şəhər Onkoloji xəstəxanasında şüa müalicə kabinetində yenidənqurma və əsaslı təmir işləri başa çatmış, hər iki xəstəxananın ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilməsi üçün tədbirlər görülür. Hazırda Onkoloji xəstəxanada Almaniyanın "Simens" şirkətinin istehsal etdiyi "Somatom emotium 6" müayinə aparatı quraşdırılmışdır. Ümumiyyətlə, 6 ay ərzində Gəncə şəhərinin bir sıra tibb müəssisələri 2 ədəd 3 kanallı "EKQ" aparatı, 1 ədəd "İFA" analizator, "Rum 7" rentgen müalicə aparatı, "Tredmil" və digər tibb müayinə aparatları və avadanlıqlarla təmin edilmişdir.
Keçən il olduğu kimi, bu il də tarixi-memarlıq abidələrinin qorunmasına, bərpasına ciddi fikir verilir. Şah Abbas və Uğurlu xan karvansaraylarında tarixi əsaslı təmir-bərpa işləri aparılır, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzinin inşası davam etdirilir.
Dahi bəstəkar Fikrət Əmirovun adını daşıyan parkda, Nizami guşəsində, Hacı Zeynalabdin Tağıyev parkında aparılan yenidənqurma və bərpa işləri başa çatmaq üzrədir. C.Cabbarlı, A.Səhhət, M.Hadi, İstiqlal parkları yenidən qurulacaq, Əziz Əliyev və Məhsəti Gəncəvi adına yeni parklar salınacaqdır.
Şəhərin girişində Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən "Qala" və "İmamzadə" komplekslərində aparılan tikinti, təmir-bərpa işləri sürətlə davam etdirilir.
Yuxarı orqanlara müraciətlərin sayı azalıb
Şəhər icra hakimiyyətinin fəaliyyətinin əsas istiqamətlərindən birini də vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, vətəndaşların qaldırdıqları məsələlərin qanunvericiliyə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsidir.
Bu vacib məsələni Gəncə Şəhər İcra Hakimiyyəti və şəxsən onun başçısı daim diqqət mərkəzində saxlayır, aparatın hər bir işçisindən bu sahədə məsuliyyət və ciddilik tələb edir. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, problemlərin yaranma səbəbi araşdırılır, müzakirə və təhlil edilməklə onları törədən səbəblər aradan qaldırılır. 2012-ci ilin birinci yarısında şəhər icra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 3 min 9 ədəd müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin sayı 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz azalmışdır. Bu müraciətlər əsasən sosial-müdafiə məsələləri, ticarət və xidmət obyektlərinin, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması, tikililərin sənədləşdirilməsi, yaşayış sahəsi ilə təmin edilməsi, kommunal xidmətlər barədə məsələlər olmuşdur.
Şəhər icra hakimiyyətinin elektron ünvanına və saytına daxil olan müraciətlərin təhlili onu deməyə imkan verir ki, şəhər vətəndaşlarının ictimai fəallığı ilə bərabər, ictimai məzmunlu müraciətlərin və təkliflərin sayı da artmışdır. Aparılan işlər nəticəsində vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu sahəsində obyektivliyin, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir.
...Gəncə günbəgün inkişaf edir, gözəlləşir. Şəhərin dünəni, bu günü, sabahı göz qabağındadır.
{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.