İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ölkəmizin sürətli inkişaf və tərəqqi yolunda olduğunu bir daha sübut etdi. Sevindirici haldır ki, keçid iqtisadiyyatı dövrünü arxada qoymuş Azərbaycan Respublikası artıq dünyanın inkişaf etməkdə olan dövlətləri ilə bir sırada inamla irəliləyir. İndi ölkəmizin sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, orada sürətli inkişaf və tərəqqi meyilləri nəzərə çarpmasın. Azərbaycan Respublikasında son dərəcə nəhəng infrastruktur layihələri həyata keçirilir, ölkənin regionları sürətlə inkişaf edir. Bir neçə il əvvəl investisiya cəlb edən Azərbaycan indi artıq investisiya qoyan ölkəyə çevrilmişdir.
Nazirlər Kabinetinin iclasında bütün bu məsələlər barəsində geniş danışan dövlətimizin başçısı İlham Əliyev demişdir: "Biz 20 il ərzində həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə gətirib çıxarmışıq. Azərbaycan artıq ortagəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin". Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizin maliyyə imkanları getdikcə genişlənir, valyuta ehtiyatlarımız ilbəil artır. Bu da iqtisadiyyatın şaxələndirilməsi üçün geniş imkanlar yaradır.
Artıq Azərbaycan iqtisadiyyatının neftdən asılılığı getdikcə azaldılır. Bir neçə ildir ki, neft-qaz satışından əldə olunan gəlirlər iqtisadiyyatın digər vacib sahələrinin inkişafına yönəldilir. Bunun da müsbət nəticələri getdikcə daha çox hiss olunur. Əhalisinin təqribən yarısı bölgələrdə, kənd yerlərində yaşayan Azərbaycanda aqrar sahənin böhrandan çıxarılması, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi müstəsna əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, kənd təsərrüfatı artıq ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı müstəsna əhəmiyyət kəsb edir. Proqramın icrasına başlandığı ötən dövr ərzində ölkədə vacib kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı mühüm işlər görülmüşdür. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin məlum iclasında bu məsələyə toxunan dövlətimizin başçısı İlham Əliyev demişdir: "Altı ayda kənd təsərrüfatı 10, 4 faiz artmışdır. Hesab edirəm ki, bu da son illər üçün rekord göstəricidir. Biz bu göstəricini gözləyirdik, bilirdik. Çünki son müddət ərzində kənd təsərrüfatının inkişafına göstərilən diqqət, qoyulan investisiyalar, aparılan islahatlar məhsuldarlığı artırır. Dövriyyəyə buraxılan və buraxılacaq yeni əkin sahələri, əlbəttə ki, gələcək illərdə kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcəkdir".
Göründüyü kimi, kənd təsərrüfatının inkişafı ilə bağlı görülən tədbirlər öz nəticəsini verir. Prezidentimiz bir daha bəyan etdi ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir və məşğulluğun təmin edilməsi üçün, demək olar ki, əsas sahədir. Ölkə əhalisinin təxminən yarısı bölgələrdə, yəni kənd yerlərində yaşadığından burada həm yeni təşəbbüslərin icra edilməsi, eyni zamanda, təkmilləşmə proseslərinin sürətlə getməsi daha gözəl nəticələr verəcəkdir. Təşəbbüslərdən söhbət düşmüşkən, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün iri fermer təsərrüfatlarının yaradılması ideyasını xüsusi qeyd etmək lazım gəlir. Nazirlər Kabinetinin iclasında bu vacib məqama toxunan dövlət başçısı İlham Əliyev qeyd etdi ki, iri fermer təsərrüfatlarının yaradılması məqsədilə yerlər müəyyən edilmişdir. Artıq birinci beş min hektar sahə hazırlanmış və orada iri fermer təsərrüfatının yaradılmasına başlanacaq. Düşünürük ki, bu təşəbbüs yaxın illərdə müsbət nəticələr verəcəkdir. Əvvəla, iri fermer təsərrüfatlarının yaradılması məqsədilə ayrılacaq sahələrin rentabelliyi nəzərə alınacaq. Digər tərəfdən, həmin sahələrdə lazımi aqrotexniki və meliorativ tədbirlər həyata keçiriləcək. Prezidentimizin qeyd etdiyi kimi, artıq ölkə üzrə meliorativ tədbirlərin həyata keçirilməsi prosesləri gedir. Bu məqsədlə hazırda iki böyük layihə icra edilir.Yaxın illərdə istifadəyə veriləcək Samur-Abşeron kanalı-Taxtakörpü su anbarı və Şəmkirçay dəryaçası fermer təsərrüfatlarının suvarma suyuna olan tələbatının ödənilməsində müstəsna rol oynayacaq.
Təsadüfi deyil ki, bu layihələrin xüsusi əhəmiyyətini önə çəkən möhtərəm Prezidentimiz demişdir: "Hər iki layihə qlobal layihədir. Ölkə iqtisadiyyatına, yəni bir layihəyə qoyulan investisiya baxımından bəlkə də ən böyük layihələrdir. Bu layihələrin icrası nəticəsində on minlərlə, bəlkə də yüz minlərlə hektar yeni əkin sahələri dövriyyəyə buraxılacaq, yeni iş yerləri, yeni istehsal sahələri yaranacaq, yəni, o bölgələrdə böyük canlanma müşahidə olunacaqdır".
Bütün bunlarla yanaşı, bu məsələ dövlətin xüsusi nəzarəti altında olduğundan fermer təsərrüfatlarına güzəştli kreditlər ayrılacaq. Ən başlıcası isə yerlərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi üçün zəngin təcrübə və xüsusi maraq vardır. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə fermerləri lazımi texnika və gübrələrlə təmin etmək məqsədilə yerlərdə aqrolizinq təşkilatlarının yaradılması prosesi də sürətlə davam etdirilir. Bundan əlavə, aqrar sahədə məhsul istehsalını stimullaşdırmaq, daxili bazarı ilboyu keyfiyyətli meyvə və tərəvəzlə təmin etmək üçün bölgələrdə saxlama kameralarının yaradılması prosesi getdikcə intensivləşir. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, bu məqsədlə regional sahibkarlığa güzəştli kreditlər ayrılır.
Yeri gəlmişkən, son illər ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın vacib kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bunun üçün isə ölkəmizdə hər cür imkan vardır. Bu əminlik ölkə Prezidenti möhtərəm İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı proqram xarakterli yekun nitqində bir daha diqqətə çatdırıldı. Dövlətimizin başçısı böyük əminliklə demişdir: "Kənd təsərrüfatı məhsullarının istehsalında özümüzü yüz faiz təminetmə prinsipi tətbiq edilir. Yaxın illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə yüz faiz təmin edəcəyik".
{nl}
Sübhan ƏSGƏROV, İkinci Kənd İnvestisiya Layihəsinin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.