Gəncədə "Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzədək" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

İyulun 14-də Gəncədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, Mətbuat Şurasının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan milli mətbuatı: Zərdabidən günümüzədək" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Prezident İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 4 iyun tarixli Sərəncamına uyğun olaraq təşkil edilmiş konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, respublikanın nüfuzlu mətbuat orqanlarının və bölgə qəzetlərinin rəhbərləri iştirak etmişlər.
Konfransın iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Sonra Gəncə şəhərində inşa olunacaq mətbuat evinin təməlqoyma mərasimi keçirilmişdir. Bir il müddətinə tikilməsi nəzərdə tutulmuş dördmərtəbəli binanın ümumi sahəsi 2600 kvadratmetrdir. Mətbuat evində konfrans zalları, inzibati otaqlar, qonaq evi və s. fəaliyyət göstərəcəkdir. Bina müasir avadanlıqla təchiz olunacaqdır.
Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə fəaliyyət göstərdiyi binada (hazırda burada Azərbaycan Dövlət Aqrar Universiteti yerləşir) öz işinə başlayan konfransı giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq, Həsən bəy Zərdabinin "Əkinçi" qəzetindən başlanan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışmışdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dövlət müstəqilliyimizin bərpasından ötən müddət ərzində qazanılan uğurlardan bəhs etmişdir. O, son illər Gəncədə aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən layihələrdən söz açmışdır.
Konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatımızın tarixindən və müasir mərhələdə inkişafından bəhs edən geniş məruzə ilə çıxış etmişdir.
Gəncənin Azərbaycanın milli dövlətçilik tarixindəki əvəzsiz rolundan söz açan Əli Həsənov demişdir ki, Həsən bəy Zərdabinin 170 illik yubileyi tədbirlərindən birincisinin məhz burada keçirilməsi təsadüfi deyildir. Milli mətbuatımızın banisi, görkəmli ictimai xadim və böyük təbiətşünas alim Həsən bəy Zərdabinin yubileyinə həsr olunmuş tədbirlər Gəncədən sonra digər bölgələrdə də keçiriləcəkdir.
Azərbaycan milli mətbuatının çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçdiyini vurğulayan Əli Həsənov demişdir ki, 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşrinə başlayan "Əkinçi" qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmış, dini mövhumata və cəhalətə qarşı kəskin çıxışlar etmişdir. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir.
Həsən bəy Zərdabi öz dövrünün ən böyük Azərbaycanlısı idi. O, millətinin inkişafı, maariflənməsi naminə bütün ömrünü şam kimi əritmişdir.
Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda fikir və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Fərəhləndirici haldır ki, Azərbaycanda milli mətbuatımızın yubileyi ilə bağlı tədbirlərin keçirilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Bu ənənənin də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin mətbuata dövlət qayğısı siyasətinin bu gün də davam etdirildiyini söyləyən Əli Həsənov bildirmişdir ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət, sözün həqiqi mənasında, azad, demokratik mətbuatın formalaşmasına yönəlmişdir. Biz azad, demokratik mətbuatı Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət edən mühüm amil kimi dəyərləndiririk.
Tədbirdə "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı Jalə Əliyeva, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədov və "Azərbaycan" qəzetinin Gəncə üzrə bölgə müxbiri Əhməd İsayev çıxış edərək, Həsən bəy Zərdabinin milli mətbuatımızın yaranması və yeni dəyərlərlə zənginləşdirilməsi istiqamətində gördüyü əvəzsiz işlərdən danışmışlar. Həsən bəy Zərdabinin 170 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirən natiqlər, ölkə rəhbərliyinin hər zaman mətbuatımıza xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulamışlar.
Konfransa yekun vuran Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri çıxışlarda səslənən fikirləri yüksək dəyərləndirmiş, dövlətimizin hər zaman Həsən bəy Zərdabi irsinə böyük diqqətlə yanaşdığını bildirmiş və bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında