Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Şurada ətraflı müzakirə olunmuşdur.
İclasda geniş məruzə ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası barədə məlumat verərək qeyd etmişdir ki, ölkədə 6 ay ərzində ümumi daxili məhsul 1,5 %, qeyri-neft sektoru 11,3 % artmış, inflyasiya cəmi 2,2 %, əhalinin pul gəlirləri təxminən 14,2 % olmuşdur. Kənd təsərrüfatı 10,4 %, qeyri-neft sənayesi isə 8,3 % artmışdır. Strateji valyuta ehtiyatları artaraq 44 milyard dollar təşkil edir ki, bu da ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan natiq bildirmişdir ki, 2012-ci ilin altı ayı ərzində sənaye müəssisələri 12709,9 milyon manatlıq məhsul istehsal etmişdir. Nəqliyyatda 310,6 milyon manatlıq, rabitədə 430,6 milyon manatlıq xidmətlər göstərilmişdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1420 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 47,7 % artmışdır. İlin əvvəlindən əhaliyə 33,6 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilmiş, bu da ötən illə müqayisədə 13,8 % çoxdur. Səbail rayonunda çalışan işçilərin sayı 98793 nəfər, orta aylıq əmək haqqının məbləği isə 938,2 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 4 dəfə çoxdur. 2012-ci ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 729 yeni iş yeri açılmışdır ki, bunların hamısı daimidir. Ümumiyyətlə, 2009-cu ilin yanvarından 2012-ci ilin iyul ayının 1-dək rayonda 6239 daimi iş yeri açılmışdır.
Cari ilin əvvəlindən rayonda yerləşən müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin ikinci rübü ərzində Prezident İlham Əliyevin iştirakı ilə Səbail rayonu ərazisində "CW Mariott Abşeron" otelinin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidəsinin, Bakı Funikulyorunun, "Hilton-Baku" otelinin qarşısındakı parkın, Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin, "Baku Kristall Hall"ın, Bakı - Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin, Azneft döngəsində inşa olunmuş yeraltı piyada keçidinin, Dənizkənarı Milli Parkda "Kiçik Venesiya şəhərciyi", Səadət sarayının və Badamdar qəsəbəsində Heydər Əliyev parkının açılış mərasimləri keçirilmişdir.
Hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri" kompleksinin, "Four seasons" mehmanxanasının, "İş Adamları mərkəzi"nin, MTN-nin yeni Hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, İncəsənət Muzeyi üçün əlavə keçid korpusunun, "Azadlıq" meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların tikintisi aparılır. Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının yerində 7 mərtəbəli yeni mehmanxananın, Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayon şöbəsinin yeni inzibati binası və deponun tikintisi aparılır. Artıq "Yeni Bayıl" və "Bayraq Meydanı" yarımstansiyaları istifadəyə verilmişdir. Mikayıl Müşviq küçəsində Botanika bağının hasarları yenidən tikilib üzlənmiş, Badamdar şossesi boyunca yeni istinad divarı çəkilmişdir.
20-ci yaşayış sahəsində "Bibiheybət" stadionu əsaslı şəkildə yenidən qurulur. Dövlət Filarmoniyasının binasındakı təmir başa çatmışdır. Dövlət Musiqili Komediya Teatrının, Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri aparılır. Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın inşası, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri davam etdirilir. Dağüstü parkın bir hissəsində əsaslı təmir-yenidənqurma işləri, Səbail rayonunun rəmzi olan "Qız qalası"nda mərhələlərlə bərpa və konservasiya işləri aparılır.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı"nın icrası böyük sürətlə davam etdirilmişdir. Artıq Proqramda Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş bir çox bəndlər həyata keçirilmiş, digərlərinin icrası ilə bağlı işlər aparılır. Ölkə başçısı İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6 bənd, əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd dövlət proqramına salınmışdır. Artıq həmin işlərin icrası ilə bağlı tədbirlər görülür.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, 11 binanın dam örtüyündə təmir işləri aparılmış, su və kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri görülmüşdür. Elektrik Təchizatı və Satış İdarəsi, Qaz İstismar Sahəsi, Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
Hesabat dövründə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ənənəvi "Gül bayramı" təşkil olunmuşdur.
Toplantıda Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, MKTB-nin rəisi Elbrus Əhmədov, Qaz İstismar Sahəsinin rəisi Sadıx Rəhimov, Sukanal Departamentinin rəisi Rauf Abaslı, Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Səbuhi Zeynalov, Badamdar qəsəbə nümayəndəsi Natiq Bağırov çıxış etmişlər.
Müzakirələrdə əldə olunmuş nailiyyətlərlə yanaşı, qarşıdakı vəzifələr, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də diqqət mərkəzində olunmuşdur.
{nl}
R.TAHİR, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.