Masallı Azərbaycanın gözəl turizm diyarına çevrilən guşələrindəndir. Bakıdan 232 kilometr cənubda yerləşir. Dağları, meşələri, müalicə suları bu qədim diyarın füsunkarlığını daha da artırır, burada turizmin inkişafını şərtləndirir. Təbiəti nağıla bənzəyir Masallının. "Nağıl"a Anadolu türkcəsində "masal" deyilir. Masallıya bu ad, bəlkə də elə gözəlliyinə görə verilib.
Hazırda Masallıda 28 turizm obyekti fəaliyyət göstərir. Onlardan biri də "Baba bulağı" Təbiət evidir. Bu dilbər guşə Mahmudavar kəndinin yaxınlığında yerləşir. Yaşıllıqlar qoynunda, balıq ovu üçün yaradılmış gölün sahilində, bulaqların əhatəsindədir. Ərazinin səliqə-sahmanı göz oxşayır. Kompleksdə bir neçə motel, qədim üslubda restoran-bar, nadir meşə zolağı, idman meydançaları var. Göldə üzən uzunboyun qazlar, sulardan boylanan balıqlar burada arın-arxayın yaşayırlar. Çınqıllı cığırların sağ və sol tərəflərində, bəzək və kol bitkilərinin dibində, ağacların çətiri altında tısbağadan tutmuş ceyrana, əjdahaya qədər ən müxtəlif heyvanların heykəl və fiqurları əsl canlı təbiət guşəsini xatırladır. Baxdıqca düşünürsən ki, biologiya müəllimləri şagirdlərinə bəzi dərsləri "Baba bulağı" Təbiət evində keçsələr, öyrədilənlər ömürlük yadda qalar. Yerli faunaya aid heykəllər qeyri-adi təsir bağışlayır. Sanki bir anlıq yerlərində donub qalıblar, indicə hərəkətə gəlib hərəsi bir yana qaçacaq...
İllərcə Masallıya gəlib-getsəm də, "Baba bulağı"ilə ötən il tanış olmuşam. Səbəbkarsa bu gözəl diyarın ziyalı oğlu, əməkdar müəllim Musarza Mirzəyev olub. Maraqlı kitablar müəllifi olan tarixçi dostumun dəvəti ilə Mahmudavar məktəbinə, onun yaratdığı Heydər Əliyev Muzeyinə getmişdim. Muzeylə tanışlıqdan sonra, axşamüstü Təbiət evinə istirahətə yollandıq. Orada gördüyüm gözəlliklərə heyran qaldım. Çay daşlarından hörülmüş divar-barılar, qədim el sənəti nümunələri - baba və nənələrimizin ruhunu yaşadan əntiq əşyalar, kənd təsərrüfatı alətləri, bulaq başı, gül-çiçəkli çəmənlər, təndir və sair adamı ilkinliyinə qovuşdurur. Ağız ləzzəti olan löyün-löyün milli mətbəx örnəkləri, bulaq suyundan pürrəngi samovar çayı, bülbüllərin cəhcəhi, başlıcası isə ruh oxşayan təmiz hava, sərinlik qeyri-adi təsir bağışlayır.
Musarza müəllim sonsuz marağımı duyaraq dedi ki, türk-talış çalpaşıq məişətini, adətlərini, xalqlarımızın məcmu etnik simasını, mədəni vəhdətini əks etdirən belə bir etnoqrafik turizm məkanı ilə fəxr etməyə dəyər.
Təbiət evində bu gözəlliyi yaradan Mahmudavar bələdiyyəsinin sədri, el-obanın dərin hörmətini qazanmış Əfqan Babayevdir. Onun rəhbərliyi ilə burada qonaqlara yüksək mədəni xidmət göstərilməsinə nail olunub. Xidmət heyəti çalışır ki, hamı "Baba bulağı"ndan xoş təəssüratla, hədsiz razılıqla getsin. Axı, belə olsa, gedənlərin yenidən gəlmək ehtimalı birə-beş çoxalar. Təbiət evinin inzibati binasının fasadında ilk tanışlıq üçün fotoslaydlardan ibarət lövhə yaradılıb. Bundan başqa, "Baba bulağı"nın reklam bukleti də var və müsafirlərə böyük məmnuniyyətlə paylanır.
May ayında Masallıda təşkil olunmuş turizm sərgisində "Baba bulağı" uğurla iştirak edib. Xəzər dənizinin də, Talış dağlarının da yaxın olduğu bu gözəl məkanın bütün üstünlükləri sərgiyə gələnlərə yüksək səviyyədə təqdim olunub, turizm potensialı gözlər önündə layiqincə canlandırılıb.
"Baba bulağı"nda müdrik bir baba ilə tanış olmaq sevincini də yaşadım. Bu, yaşına görə qıvraq təsir bağışlayan Qurban kişi idi. Əslən Miyankü kəndindən olsa da, qonşu Mahmudavarda gözaltıladığı Zümrüd xanımla ailə qurub şad-xürrəm ömür sürən Qurban kişi həm də baməzə söhbətləri ilə ürəklərə yol tapan aqildir. Səksən iki yaşlı ağsaqqalın zəngin həyat təcrübəsi var, ibrətli söhbətləri yaddan çıxan deyil. Onu da əlavə edim ki, Qurban kişi hazırda İstanbulda yaşayan, məşhur "Palmali" şirkətinin ünlü sahibi Mübariz Məsimovun atasıdır. Sözarası zarafatla söylədi ki, futbolu o qədər də sevmir, amma oğlu Mübarizin xatirinə, onun sponsorluq etdiyi "Xəzər-Lənkəran" klubunun buradakı bütün oyunlarına tamaşa etmək üçün stadiona gedir...
"Baba bulağı"na qrup halında, ailəvi istirahətə gələnlər çox olur. Burada həm böyüklərin, həm də uşaqların ürəkdən dincəlmələri üçün hər cür şərait yaradılıb. Masallının sakinləri də bir neçə saatlığa bu istirahət məkanına gəlməkdən məmnunluq duyurlar. Mahmudavarın şöhrətli oğlu, Prezident təqaüdçüsü Şirvan Əbilovla "Baba bulağı"nda çay süfrəsi arxasında həmsöhbət olmaq, onun ulu öndərlə bağlı xatirələrini dinləmək maraqlıdır. Başqa bir Prezident təqaüdçüsü, "Dövlət qulluğu" ordenli Əliəşrəf Niftiyev də dostları ilə ara-sıra "Baba bulağı"na gələrək buranı əsl babalar bulağı kimi urvatlandıranlardandır. Ağsaqqalların gözəl istirahət məkanı barədə dedikləri hər kəsin ürəyindən xəbər verir.
Şirvan Əbilov:
- Mənim yaşım səksəni ötüb. Hər dəfə buraya gələndə sanki cavanlaşıram. Çünki "Baba bulağı"nın hər cığırında, hər talasında gəncliyimin bir izini görürəm. Yurdumuzun dilbər guşələri çoxdur, amma belə zövqlə yaradılan, qayğı ilə qorunan, hüsnünə sığal çəkilən yerlər azdır. Halal olsun bu gözəlliyin qədir-qiymətini uca tutanlara!
Əliəşrəf Niftiyev:
- "Baba bulağı"nın hər guşəsi bir naxışdır. Burada insanın ruhu dincəlir, əsəbləri sakitləşir. Şəhər bürküsündən sıyrılıb təbiətin qoynuna, belə ecazkar bir guşəyə üz tutmağın özü bir aləmdir. Mübaliğəsiz deyirəm ki, əgər "Baba bulağı" bir qədər də genişləndirilsə, əsl beynəlxalq turizm obyektinə çevrilə bilər. Bu, həm də Azərbaycanın misilsiz təbiətinin, xalqımızın qədim mədəniyyətinin təbliği baxımından önəmli olardı.
Gənclər də Təbiət evini çox sevirlər. Biz orada Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bir qrup tələbəsi ilə də tanış olduq. Gənclər mənalı istirahət etmələrindən, həmçinin böyük bir dinozavr heykəli yaratmaqla məşğul olmalarından həvəslə söhbət açdılar. "Baba bulağı"nda keçirdikləri günləri heç zaman unutmayacaqlarını söylədilər. Gölün üzərindən boy göstərən nəhəng "dinozavr" isə onlardan bir xatirə kimi burada qalacaq.
Nəhayət, onu da əlavə edim ki, "Turizm ili" kimi tarixə düşmüş 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılmış 3,5 milyon manatlıq vəsaitlə Masallının Ərkivan-Boradigah-Rudəkənar avtomobil yolunun çəkilişi reallaşdırılıb. Yol və digər infrastruktur layihələr həm adamların rahatlığına xidmət edən, həm də bölgəyə turist axınını gücləndirən amillərdir. Bu gün rahat asfalt yolla "Baba bulağı"na gəlib çıxmaq nə qədər asandırsa, buradakı gözəlliklərdən, unudulmaz təsir bağışlayan istirahətdən ayrılıb getmək bir o qədər çətindir.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.