Azərbaycan UNESCO-nun Dünya İrs Komitəsinin Sankt-Peterburqda keçirilmiş 36-cı sessiyasında geniş təmsil olunmuşdur

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 36-cı sessiyası keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iki həftəyə yaxın davam edən sessiyada UNESCO-nun Dünya İrs Komitəsinin 21 üzvü və bu qurumun Dünya İrs Konvensiyasına üzv ölkələrin nümayəndələri iştirak etmişlər.
Beynəlxalq tədbirdə ölkəmiz Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi ilə təmsil olunmuşdur.
Sessiyada Dünya İrs Komitəsinin 35-ci sessiyasının, Dünya İrs Mərkəzinin və məşvərətçi orqanların hesabatları dinlənilmişdir. Dünya İrs Konvensiyası və davamlı inkişaf, Təhlükədə olan Dünya İrs Siyahısı və Dünya İrs Siyahısına salınmış abidələrin saxlanma vəziyyəti, üzv ölkələr tərəfindən təqdim olunmuş tentativ siyahılar və siyahıya təqdim olunmuş nominasiyalar, İnventarizasiyanın tələblərinə uyğun olaraq abidələrin sərhəd və ölçülərinin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.
Sessiyada, həmçinin nümunəvi, balanslaşdırılmış və etibarlı Dünya İrs Siyahısı üçün qlobal strategiya, dövri maliyyə və inkişaf hesabatları, Konvensiyanın 40 illiyinin qeyd olunması, Komitənin 37-ci sessiyasının sədr, sədr müavini və məruzəçilərinin, gündəliyinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Sessiyaya Rusiya Federasiyasının UNESCO üzrə Milli Komissiyasının sədri Yelena Mitrofanova sədrlik etmişdir. Sessiya müddətində UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunması Konvensiyasının 40 illiyi də qeyd olunmuşdur.
Məlumat verilmişdir ki, bu il dünyanın 26 obyekti (20 mədəni, 5 təbii, 1 qarışıq) UNESCO-nun Dünya İrs Siyahısına salınmışdır. Türkiyənin eramızdan əvvəl VIII-VII minilliyinə aid Çatalhöyük ərazisinin də UNESCO-nun Dünya İrs Siyahısına salınan obyektlər sırasında olması təqdirəlayiq haldır. Bununla da UNESCO-nun Dünya İrs Siyahısına salınmış obyektlərin ümumi sayı 962-yə çatmışdır.
Azərbaycanın Şirvanşahlar sarayı, Qız qalası kompleksi və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Hazırda digər mədəni obyektlərin də siyahıya daxil edilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlər aparılır.
Sessiyanın sonunda Komitənin növbəti 37-ci sessiyasının 2013-cü il iyunun 17-dən 27-dək Kambocanın Phnom Penh şəhərində keçirilməsi haqqında qərar qəbul edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında