Leysan yağışlar Şahbuz rayonunda dağıntılara səbəb olmuşdur

İyulun 9-da axşam saatlarından etibarən Şahbuz rayonunun ərazisində yağan leysan yağışlar Şahbuz şəhərində və Ayrınc kəndində dağıntılara səbəb olmuş, Badamlı qəsəbəsində və Kolanı kəndində qaz və elektrik təsərrüfatlarına, avtomobil yollarına ziyan vurmuşdur. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şahbuz rayonuna gəlmiş, yaranmış vəziyyətlə yerində tanış olmuşdur.
Məlumat verilmişdir ki, 45 dəqiqə davam edən leysan nəticəsində qaya və daş parçaları yolları tutmuş, Şahbuz-Kolanı avtomobil yolunun müəyyən hissələri qalın qum qatı ilə örtülmüş, istinad divarlarında uçqunlar əmələ gəlmişdir.
Şahbuz şəhərində və Ayrınc kəndində çay və selovların yaxınlığındakı yaşayış evlərinə, fərdi təsərrüfatlara, əkin sahələrinə, enerji və qaz xətlərinə, avtomobillərə ziyan dəymişdir. Şahbuz selovunda, "Ömər dərəsi"ndə, Naxçıvan çayının və onun qolu olan Kükü çayının müəyyən hissələrində güclü sel və külək ağacları aşırmış, çay yataqlarındakı tikili və hidrotexniki qurğularda dağıntılar əmələ gətirmişdir.
Təbii fəlakətin yaratdığı çətinlikləri aradan qaldırmaq məqsədilə təcili tədbirlər görülmüş, bərpa və təmizlik işlərinə kifayət qədər texnika və canlı qüvvə cəlb olunmuşdur.
Bildirilmişdir ki, hazırda Şahbuz-Kolanı avtomobil yolunda bərpa və təmizlik işləri aparılır, yol daş və qalın qum qatından təmizlənir, yararsız hala düşmüş elektrik və qaz xətləri yeniləri ilə əvəz olunur. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi yaranmış çətinliklərin aradan qaldırılmasında iştirak edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yaranmış vəziyyətlə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətində müşavirə keçirmişdir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev, Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov, "Naxçıvanqaz" İstehsalat Birliyinin direktoru Səxavət Abbasov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, təbii fəlakət zamanı yaranmış vəziyyət dərhal nəzarətə götürülmüş, sakinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində lazımi tədbirlər görülmüş, bunun nəticəsində də insan tələfatı olmamışdır.
Ali Məclisin sədri mövcud problemlərin qısa vaxtda tamamilə aradan qaldırılacağını bildirmiş, yaranmış vəziyyətlə əlaqədar aidiyyəti orqanların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında