Gədəbəyin Novosaratovka kəndindəki körpüdən rayonun 20 min nəfərdən çox əhalisi istifadə edəcək
{nl}
Gədəbəyi körpülərsiz təsəvvür etmək mümkün deyil. Gur dağ çayları, qarlı aşırımları, sıx meşələri olan bu rayonda irili-xırdalı yüzlərlə körpü keçidi və körpü vardır. Onların bir çoxu sovetlər dönəmində salınmış, bəziləri müstəqillik illərində tikilmiş, bərpa olunmuş və ya təmir edilmişdir.
Amma körpülərin ömrü bəzən qısa olur ki, bunun da müxtəlif səbəbləri var. Ən vacib iş körpünün bünövrəsinin həddindən artıq keyfiyyətli və davamlı olmasıdır. Digər vacib şərt körpünün düzgün istismarı və ona lazımi nəzarət, qulluq göstərilməsidir. Təbii fəlakətlər, daşqınların olması, şübhəsiz ki, körpülərə təsir göstərir. Amma gərək işini bəri başdan ehtiyatlı görəsən. Yoxsa, cəmi 20-21 il qabaq, yəni 1991-ci ildə istifadəyə verilən uzunluğu 72 metr, eni 9 metr olan nəhəng bir körpü qısa bir zamanda uçub dağılmazdı. Söhbət Gədəbəyin Novosaratovka kəndindəki Fındıqlı çayı üzərindəki körpüdən gedir. Çox böyük strateji əhəmiyyətə malik bir körpüdür. Rayonun 32 kəndi və 20 min nəfərdən çox əhalisi istifadə edir. Eyni zamanda, rayon mərkəzini Ermənistanla həmsərhəd olan Şınıx bölgəsi ilə birləşdirir.
... Maraqlı, həm də fərəhləndirici bir faktdır ki, cəmi 10 ay ərzində yeni, əvvəlkindən qat-qat keyfiyyətli, yaraşıqlı bir körpü tikilib istifadəyə verildi. İnşasına ötən ilin avqustunda başlanılmış yeni körpü 5 aşırımlıdır. Onun uzunluğu 96 metr, eni 13 metr, hərəkət hissəsi isə 10 metrdir. Hündürlüyü 23 metr, istinad divarı 100 metr (bura 300 kubmetr beton vurulub), yükgötürmə qabiliyyəti 80 ton olan yeni körpü rayonun, o cümlədən respublikanın həyatında mühüm hadisədir. Yeri gəlmişkən, qeyd edək ki, Fındıqlı çayı üzərindəki körpü öz hündürlüyünə görə Azərbaycanda ikinci körpüdür.
Bu günlərdə Novosaratovka kəndində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə mitinq keçirildi. Mitinqi rayon icra hakimiyyətinin məsul işçisi Ləzgi Zeynalov açdı. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov mitinqdə çıxış edərək dedi:
- Yeni körpü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gədəbəyə və onun sakinlərinə göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür. Biz buna görə ölkə başçısına dərin minnətdarlığımızı bildirir və qayğıya əməli işimizlə cavab verəcəyik. Körpü Nəqliyyat Nazirliyinin sifarişi ilə "Gəncə Körpü-Tikinti-2" Səhmdar Cəmiyyəti tərəfindən inşa olunmuşdur. Vacib strateji obyekti belə qısa vaxt ərzində yüksək keyfiyyətlə istifadəyə verdikləri üçün Nəqliyyat Nazirliyinə, "Azəryolservis" SC və "Gəncə-Körpü-Tikinti-2" ASC-nin kollektivlərinə, o cümlədən burada çalışan bütün inşaatçılara rayonumuzun sakinləri adından dərin təşəkkürümüzü bildirirəm.
Daha sonra "Azəryolservis" SC idarə heyətinin sədr müavini Şaiq Bilalov çıxış edərək dedi ki, körpü regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuşdur və bu gün biz şadıq ki, qarşıya qoyulan daha bir vəzifənin öhdəsindən uğurla gəlmişik.
Novosaratovka kəndinin sakini Qərib Məhərrəmov mitinqdə çıxış edərək bildirdi:
- Mən rayonumuzun bütün sakinlərini təbrik edirəm. Çünki körpü təkcə 30-35 kənd üçün deyil, hamı üçündür. Rayonun ən ucqar kəndlərinin də sakinləri bu körpüdən keçirlər. Nə əziyyətlər çəkirdik, özünüz görürdünüz. Sağ olsun, ölkə Prezidentimiz İlham Əliyev. İnanın ki, ayrı-ayrı rayonlara, şəhərlərə, kənd və qəsəbələrə girəndə sevincimdən ağlamaq istəyirəm. Hara baxırsan inkişaf var, abadlıq, gözəllik var. Gərək biz bunları qiymətləndirməyi bacaraq.
Kənd ağsaqqalı Sahib Qasımov:
- "Gəncə-Körpü-Tikinti-2" Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aqibət Məmmədov bu torpağın oğludur. Onun təkcə Gədəbəydə inşa etdiyi obyektlər, körpülər, yollar kifayətdir ki, deyək "halal olsun". Sözünə bütöv adamdır. Keyfiyyətli iş görür. Yeni körpüyə baxmaqla bunu demək olar.
Qeyd edək ki, yuxarıda adı çəkilən Aqibət Məmmədovun rəhbərlik etdiyi səhmdar cəmiyyətinin kollektivini artıq Azərbaycanın, demək olar ki, əksər bölgələrində, o cümlədən Bakı şəhərində yaxşı tanıyırlar. Körpü və körpü keçidləri, yollar, digər obyektlər çox böyük həvəslə bu kollektivə etibar olunur. Çünki işlərində keyfiyyət var. Bir də ki, yüksək nizam-intizam, vədə vaxtında əməl etmək.
... Sonra körpünün açılışını bildirən qırmızı lent kəsildi. Alqış, musiqi sədaları bir-birinə qarışdı. Körpüdən ilk keçənlər rayon rəhbərliyinin nümayəndələri, qonaqlar və kənd sakinləri oldu. Ağırtonnajlı yük maşınları da körpünün üzərindən keçdilər. Adamların sevincinin həddi-hüdudu yox idi. Hamı ölkə rəhbərliyinə öz minnətdarlığını ifadə edirdi.
Körpünün girəcəyindəki ağaca söykənən ağsaqqal bir kişi adamların arxasınca baxaraq "körpü insan əlinin su üstündə, çay üstündə qoyduğu abidədir. Bu abidəni ucaldanlar cənnətə qovuşurlar"-dedi.
{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.