Lənkəran şəhəri öz cazibəsi ilə hər zaman səyyahların maraq dairəsində olub. Avropadan, Rusiyadan, Yaxın Şərqdən buraya zaman-zaman çoxlu müsafir gəlmiş, gedəndə unudulmaz təəssüratlar aparmışdır. Dünya arxivlərində Lənkəranla bağlı maraqlı sənədlər qorunub saxlanır. Əsrlərin dumanından boylanan tarix bizə yadigar gözəl biçimli memarlıq abidələri saxlayıb.
{nl}
XVI əsrdə ingilis ticarət müvəkkili Lorens Çeplen, XVII əsrdə alman diplomat Stefan Kakaş fon Zalokemen, holland dəniz səyyahı Yan Streys, rus zadəganlarından İvan Brexov, Stepan Afanasyev, Mixail Tixonov, XVIII əsrdə şotlandiyalı B.Bel, XIX əsrdə fransalı səyyah Qaspar Druvil, habelə İraqda yaşamış soydaşımız Hacı Zeynalabdin Şirvani, ötən əsrin əvvəllərində fransalı Jak və Henri Morqan qardaşları Lənkəranı görmək fürsəti əldə etmiş və bu barədə tarixi-coğrafi, həmçinin ədəbi qeydlərini yazmışlar.
Mülayim subtropik iqlim qurşağında yerləşməsi, Xəzər sahilinin zümrüd üzük qaşına bənzəməsi, zəngin flora və faunası bu diyarın öyünməli cəhətləridir. Kürəyini yamyaşıl dağlara söykəmiş, ayağını qocaman Xəzərin ləpələri yuyan bir gözələ bənzəyir Lənkəran. Sakinləri həvəslə onun hüsnünə zəhmət sığalı çəkirlər. Ümumi ərazisi 1539 kvadratkilometr, dənizlə sahil xəttinin uzunluğu 137,1 kilometrdir. Rayonda 213200 nəfər əhali yaşayır.
Lənkəranda 41 inzibati ərazi nümayəndəliyi, 34 bələdiyyə, 1 dövlət universiteti, 1 humanitar kollec, 1 tibb kolleci, peşə liseyi, 89 orta ümumtəhsil məktəbi, rəssamlıq və musiqi məktəbləri var. Rayonda Dövlət Dram Teatrı, regional televiziya, beynəlxalq hava limanı, beynəlxalq avtovağzal, dəmiryol vağzalı fəaliyyət göstərir. Dəniz gəmiçiliyi üçün də imkanlar genişdir.
Yeni əsrin əvvəllərindən Lənkəranda hava limanı, Olimpiya İdman Kompleksi, Regional Diaqnostika Mərkəzi, müasir Uşaq Poliklinikası, Əlillərin Reabilitasiya Mərkəzi, Qarabağ əlilləri və şəhid ailələri üçün 30, 36, 40 mənzilli 3 yaşayış binası, evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün 16 və 40 mənzilli 2 yaşayış binası, Xalq Sənətkarlığı Şəhərciyi, ümummilli liderin adını daşıyan Mərkəz tikilmiş, Heydər Əliyev Xatirə Parkı, Dənizkənarı bulvar, Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə park-abidə kompleksi salınmış, Milli Qəhrəman Əsgər Əliyevin və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan parklar yenidən qurulmuşdur. Bunlardan başqa, mərkəzi şəhər stadionu, Dövlət Dram Teatrının binası, Regional Boks Mərkəzi, Uşaq evi, general-mayor Həzi Aslanovun ev-muzeyi əsaslı şəkildə yenidən qurulmuş, "Dairəvi qala" tarixi abidə kompleksi bərpa olunmuşdur.
Rayonda 5 çay fabriki, 2 balıq məhsulları istehsalı müəssisəsi, 2 meyvə-tərəvəz konservi zavodu, hazır məhsulları saxlamaq üçün soyuducu kameralar, illik istehsalı 15500 dekalitr olan pivə zavodu, 54 min ton süd emal edən "Nur-süd" müəssisəsi, illik gücü 500 ton olan "Pal-dad" dondurma zavodu, kərpic zavodu, qum-çınqıl istehsalı müəssisələri fəaliyyət göstərir.
Lənkəranda turizm infrastrukturu getdikcə yaxşılaşır. Xəzərsahili ərazilər turizm üçün çox əlverişlidir. Meşə cığırları, təbii fauna və flora da turizmin inkişafına geniş imkanlar açır. Rayonda 7 otel, 6 istirahət mərkəzi fəaliyyət göstərir. Son illərdə istifadəyə verilmiş "Qafqaz-Sahil" oteli, "Palıdlı sahil", "Palmalayf", "Dalğa", "Xan-Lənkəran", "Bəşəru", "ABQala" otel və istirahət mərkəzlərinə həm ölkə daxilindən, həm də xarici ölkələrdən hər il çoxlu turist gəlir.
Şəhərdə yaradılmış idman qurğuları - Olimpiya İdman Kompleksi, "Xəzər-Lənkəran" futbol klubunun stadionu, Regional boks mərkəzi burada istedadlı idmançıların hazırlanmasına, ən yüksək səviyyəli mötəbər yarışların keçirilməsinə imkan verir. Bu yaxınlarda Lənkəran şəhərində kişi veteran ağır atletlər arasında XII və qadın veteran ağır atletlər arasında XX Avropa çempionatı keçirilmişdir. Dünyanın 26 ölkəsini təmsil edən 250-dən çox müxtəlif yaşlı idmançı və Avropa Veteran Ağır Atletlər Federasiyasının rəhbərliyi çempionat üçün yaradılmış ideal şəraitdən razılıq ifadə etmişlər. Sentyabrda FİFA-nın qərarı ilə Azərbaycanda keçiriləcək qızlar arasında futbol üzrə dünya birinciliyinin bir neçə oyununun Lənkəran şəhərində keçirilməsi ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir.
Son səkkiz-doqquz ildə Lənkəranda 6320 şagird yerlik 21 məktəb tikilərək istifadəyə verilmişdir. Bunlardan 3024 şagird yerlik 9 məktəb və Osman Mirzəyev adına qarışıq tipli uşaq evi Heydər Əliyev Fondunun vəsaiti hesabına, digərləri isə dövlət vəsaiti hesabına tikilmişdir. Hazırda rayonda 5 təzə məktəbin və 1 uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.
Eyni zamanda, Lənkəran şəhərində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün 24 mənzilli yaşayış evi tikilir.
Şəhərin ən ciddi problemi istismar müddətini başa vurmuş su-kanalizasiya sistemidir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə artıq Lənkəranda bu sistemin yenidən qurulmasına başlanmışdır. Smeta dəyəri 180 milyon dollar olan su-kanalizasiya sistemi istifadəyə veriləndən sonra problem tam həllini tapacaq.
Hazırda Lənkəranda qazlaşdırma işləri sürətlə aparılır. Rayonun yeni rəhbərliyi bu sahəyə diqqəti xeyli artırmışdır. 2013-cü ilin sonlarına qədər Lənkəran şəhəri, qəsəbə və kəndlər qazlaşdırılacaq. Elektrik təsərrüfatında da yenidənqurma işləri aparılır.
İcra hakimiyyətinin yeni başçısı Taleh Qaraşovun gəlişi ilə rayonda xüsusi bir canlanma yaranmış, adamların dövlətimizin sosialyönümlü iqtisadi siyasətinin real nəticələrinə inamı qat-qat artmışdır. Yeni rəhbərliyin təşəbbüsü ilə hazırda Lənkəran şəhərinin küçə və meydanlarında, səkilərdə geniş yenidənqurma işləri aparılır, küçələr və magistral yollar boyunca yaşayış evləri, inzibati binalar, hasarlar, qapılar əsaslı şəkildə suvaqlanır və rənglənir, binaların fasad və dam örtükləri dəyişdirilir. Şəhərin Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Hənifə Abdullayev, Səttarxan, Şirəli Axundov, Nizami, Mirzə Məmmədhüseyn Axund, Mirmustafa xan, Paşa Təhməzov, Tofiq İsmayılov, Şəhidlər, Fizuli, Mirsalayev küçələrində, Həzi Aslanov xiyabanında bu işlər tam başa çatdırılmışdır. Hazırda digər küçələrdə səkilərə tamet düzülür, yolkənarı daşlar təzələnir. Rayonun Liman şəhərində, qəsəbə və kəndlərdə frontal təmir-bərpa işləri davam etdirilir.
Onu da deyək ki, Lənkəranda vaxtaşırı keçirilən ümumrayon iməciliklərinə adamlar indi daha böyük həvəslə qoşulurlar. Elə son iməciliklərdə camaat elliklə iştirak etmişdir. Gün ərzində park və bağlarda təmizlik işləri aparılmış, ağacların gövdəsi ağardılmış, səki və yollar alaq otlarından, kol-kosdan təmizlənmiş, suötürücü arxlar açılmış, tullantılar daşınmış, ərazilərə yeni gül kolları əkilmişdir. Kənd və qəsəbələrdə də iməciliklərin əhəmiyyəti artmaqdadır. Yay mövsümü ilə əlaqədar olaraq rayon ərazisində abadlıq-təmizlik işlərinin mütəmadi olaraq davam etdirilməsi qərara alınmışdır. İcra hakimiyyətində keçirilən operativ müşavirədə bu işlər təqdir olunsa da, rəhbərlik hər bir iməciliyə əvvəlcədən texniki-təşkilati hazırlıq tədbirləri görülməsinin vacibliyini diqqətə çatdırmış, şəhər təsərrüfatına cavabdeh olan şəxslərə bəzi iradlarını bildirmişdir.
Lənkəranda yolların əsaslı şəkildə bərpası və asfaltlaşdırılması işləri də xeyli sürətlənmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə ilkin olaraq ayrılmış 4 milyon manatlıq vəsait hesabına çətin keçilən dağlıq ərazilərdə yerləşən kəndlərə yeni yollar çəkilir. Artıq Vilvan-Osakücə-Türkəncil yolunun tikintisinə başlanmışdır. Həmin ərazilərin sosial-iqtisadi inkişafında bu yolların böyük rolu olacaq. Xüsusilə həmin ərazilərdə ekoturizmin inkişafı üçün daha əlverişli şərait yaradılacaq.
Aqrar-sənaye rayonu olan Lənkəranda kənd təsərrüfatının inkişafına diqqət artırılıb. Burada tərəvəzçilik, çayçılıq, meyvəçilik, heyvandarlıq, balıqçılıq kimi təsərrüfat növləri zəngin ənənələrə malikdir. Sovetlər dövründə Lənkəranın faraş tərəvəzi keçmiş İttifaqın 600-dən çox şəhərinə göndərilirdi. İndi rayonun aqrar şöhrəti bərpa olunur. Bu il torpaq sahibləri bol tərəvəz yetişdiriblər. Artıq emal müəssisələri məhsulu qəbul etməyə başlamışdır.
Rayonda güclü emal sənayesi yaradılıb. "Gilan-Lənkəran" konserv zavodu, yenidən qurulmuş Lənkəran konserv zavodu, "Pal-süd" zavodu, "Pal-dad" dondurma zavodu, yeni çay emalı fabriki emal sənayesinin aparıcı sahələridir. Lənkəranın buket çayı keyfiyyət tərkibinə görə dünyanın ən yaxşı çaylarından sayılır. Hazırda çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramının icrası sahəsində görülmüş işlər nəticəsində rayonun Hirkan qəsəbəsi, Girdəni, Vilvan, Veravul kəndləri ərazisində çay plantasiyalarının bərpası genişlənmiş, çayçılığa diqqət daha da artmış, bu sahəyə qoyulan investisiyanın həcmi dəfələrlə çoxalmışdır.
Lənkəranın sitrus meyvələri də geniş tanınır. Son illərdə bu sahəyə də maraq çoxalmış, yeni bağlar salınmağa başlanmışdır. Rayonda istehsal olunan limon, narıngi, feyxoa daxili bazarlarla bərabər, MDB ölkələrinə də ixrac olunur.
Rayonda ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2011-ci ildə 2,5 dəfə artaraq 276,3 milyon manata, kənd təsərrüfatı məhsulunun həcmi 1,2 dəfə artaraq 99,3 milyon manata və sənaye məhsulunun həcmi 4,7 dəfə artaraq 20,6 milyon manata çatmışdır. Əsas kapitala yönəldilən investisiyalar 8,8 dəfə artaraq 74,2 milyon manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 68,2 milyon manat təşkil etmişdir.
Ölkəmizin gündən-günə genişlənən beynəlxalq əlaqələri, dünya birliyinə sürətli inteqrasiyası, qonşu dövlətlərlə ticari-iqtisadi münasibətlərinin artdığı bir zamanda regionların da bu əlaqələrə qoşulmasına əlverişli imkanlar yaranır. Bu sahədə artıq müəyyən təcrübə da var. Belə ki, Lənkəran şəhəri 2004-cü ildə Türkiyənin İsgəndərun, 2011-ci ildə isə ABŞ-ın Kaliforniya ştatının Monterey şəhəri ilə qardaşlaşmışdır. Xəzər hövzəsi ölkələrinin əməkdaşlığı çərçivəsində də bu imkanlardan istifadə edilməsi daha yaxşı səmərə verə bilər.
Sürətlə inkişaf edib gözəlləşən Lənkəranda idarəetmənin təkmilləşdirilməsi, təşəbbüslərə əməli dəstək verilməsi, insan resurslarının səmərəli yönləndirilməsi sayəsində mövcud potensial tam hərəkətə gələcək. Hazırlanan sosial inkişaf planlarından, yeni iqtisadi layihələrdən, real işgüzar proqramların ilk konturlarından da göründüyü kimi, Lənkəranın sabahı daha gözəl və cəlbedici olacaq.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.