Vətəndaşların hüquqi maariflənməsinə yeni töhfə

İyulun 10-da Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan" qəzeti ilə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin birgə təşəbbüsü ilə nəşr olunmuş "Vəkil məsləhətləri toplusu" kitabının təqdimat mərasimi keçirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyinin nəticəsi olaraq işıq üzü görmüş bu nəşrin qayəsini əhalinin hüquqi maariflənməsi səviyyəsinin artırılması vasitəsilə onların məhkəmələr və digər dövlət orqanlarına çıxış imkanlarının asanlaşdırılması və müxtəlif vəziyyətlərdə hansı hüquqa uyğun davranışdan yararlanmalı olduqları təşkil edir. Kitabda "Azərbaycan" qəzetinin "Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir" rubrikası çərçivəsində son üç il ərzində işıq üzü görən sual-cavablar toplanmışdır.
Təqdimat mərasimini giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dedi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-siyasi formasiyanın və demokratik cəmiyyətin formalaşdırılması, azad bazar iqtisadiyyatına keçid yeni qanunların qəbulunu tələb edirdi. Çünki yeni cəmiyyət köhnə sovet qanunları ilə yaşaya bilməzdi. Bu mənada ulu öndər Heydər Əliyevin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının yeni Konstitusiyası həm də ölkəmizin yeni qanunvericiliyinin formalaşdırılması istiqamətində mühüm addım oldu. Yeni Konstitusiyanın əsasında müstəqil Azərbaycanın müasir standartlara cavab verən qanunları qəbul edildi. Artıq 2001-ci ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olduğu zaman Milli Məclis tərəfindən 1000-dən çox qanun və qərar qəbul olunmuşdu.
Təbii ki, qəbul edilən qanunların ictimaiyyətə çatdırılması, bu məqsədlə hüquqi maarifləndirmə işinin aparılması və yüksək səviyyədə qurulması hər bir cəmiyyətdə vacib məsələlərdən biridir. Əvvəla, insanlar öz hüquqlarını bilməli və ondan düzgün istifadə etməlidir. Digər tərəfdən, əgər biz hüquqi cəmiyyət qururuqsa, insanlar qanunlara riayət etməlidirlər. Eyni zamanda, hüquqi maarifləndirmənin ən mühüm cəhətlərindən biri cəmiyyətdəki mənfi halların aradan qaldırılmasına yardımdır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin ən mühüm tərəflərindən biri odur ki, vətəndaş öz hüququnu bilsin və tələb etsin. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2011-ci il dekabrın 27-də təsdiq etdiyi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda da əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi məsələsi dəqiqliklə qeyd olunmuşdur.
Bütün bunları, hüquqi maarifləndirmənin cəmiyyətdəki rolunu nəzərə alaraq "Azərbaycan" qəzetində Bakı Hüquq Mərkəzi ilə hüquqi maarifləndirmə mövzusunda artıq on ilə yaxındır ki, birgə layihə həyata keçirilməkdədir. Bildiyiniz kimi, "Azərbaycan" qəzetinə vətəndaşlar tərəfindən üzləşdikləri problemlərlə bağlı çoxsaylı oxucu məktubları daxil olur. Bunların arasında həm cinayət tərkibli, həm mülki işlərlə, həm məişət zəminində yaranan problemlərlə və s. məsələlərlə bağlı məktublara rast gəlinir. Bu məktublarda vətəndaşlar öz hüquqlarının nədən ibarət olduğunu bilmək istəyirlər. Təəssüf ki, ölkəmizdə vəkillik institutu hələ o səviyyəyə çatmayıb ki, insanlar problemlə üzləşəndə özlərinə qısa müddətdə vəkil tutsunlar. Ona görə biz hüquqi maarifləndirmə işinin vacibliyini nəzərə alaraq, oxucularımızdan hüquqi mövzuda məktublar aldıqda Bakı Hüquq Mərkəzinə müraciət edirik və aldığımız cavab məlum rubrikada işıqlandırılır.
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin sədri, vəkil, Hakimlərin Seçki Komitəsinin üzvü Anar Bağırov bildirdi ki, son illərdə ölkəmizdə hər bir sahədə islahatlar həyata keçirilir. Təbii ki, bu sırada məhkəmə-hüquq islahatları da beynəlxalq standartlara uyğun olaraq yüksək səviyyədə aparılır. Son dövrlərdə bölgələrdə yeni məhkəmələr yaradılıb, hakimlərin və vəkillərin sayı artıb, o cümlədən hüquq sahəsində beynəlxalq standartlara cavab verən normativ-hüquqi baza formalaşdırılıb. Sual yaranır, bütün bu islahatların məqsədi nədir? Təbii ki, əsas hədəf vətəndaşların hüquq və azadlıqlarını daha etibarlı müdafiəsidir. Bu istiqamətdə ən mühüm vəzifələrdən biri də hüquqi maarifləndirmədir. Təqdimatına toplaşdığımız "Vəkil məsləhətləri toplusu" kitabı da "Azərbaycan" qəzeti və Bakı Hüquq Mərkəzinin ölkəmizdə aparılan hüquqi islahatlara verdiyi çox böyük töhfədir.
Bu kitab bir sıra təşkilatlara, xüsusən sadə vətəndaşlara pulsuz paylanılıb. İki yüz nüsxə penitensiar müəssisələrə göndərilib. Biz kitabın çap versiyası ilə kifayətlənməyərək onun elektron versiyasını da hazırlayıb "Azərbaycan Hüquq İslahatları Mərkəzi"nin internet ünvanında və "Facebook"dakı səhifəsində yerləşdirmişik. Bu da hüquqi maarifləndirmə ilə bağlı informasiya texnologiyalarına müraciət edən vətəndaşlar üçün faydalı ola bilər. Bu mənada təqdimatına toplaşdığımız kitab vətəndaşlar üçün mayak funksiyasını yerinə yetirəcək.
Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Mehdi Əsədov dedi ki, ölkəmizdə aparılan demokratik, o cümlədən məhkəmə hüquq islahatları, hüququn aliliyinin təmini yalnız bir məsələyə - insan amilinə xidmət edir. Əgər biz demokratik dövlət qururuqsa, vətəndaşlar mütləq hüquqi cəhətdən savadlı olmalıdırlar. Etiraf etməliyik ki, vətəndaşlar hüquqi maarifləndirməyə o qədər də meylli deyillər. Problemlə rastlaşdıqda qanuna müraciət edib maddəyə baxmaqdansa, hüquq məsləhətxanasına üz tutmağa daha çox üstünlük verirlər. Bu zaman rastlarına yaxşı vəkil çıxanda işləri düzəlir, savadlı vəkil çıxmayanda isə öz hüquqlarını bilməyərək gileylənirlər. Belə halda problemlər yaranmağa başlayır. Vətəndaş öz hüququnu biləndə nə dövlət üçün problem yaranır, nə də məhkəmə üçün.
Hesab edirəm ki, bu cür kitabların dərc olunması hüquqi maarifləndirmə işinə çox böyük dəstəkdir. Ona görə toplunun ərsəyə gətirilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Bu kitabda çap olunan sual-cavablar gündəlik həyatda rast gəlinən məsələlərdir. Hər bir vətəndaş problemlə üzləşəndə bu kitab onun karına gələ bilər.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, hüquq elmləri doktoru Fuad Cavadov belə bir nəşrin işıq üzü görməsini həm vətəndaşlar, həm də hüquq ictimaiyyəti üçün əlamətdar hal olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran vəzifələrdən biri hüquqi və dünyəvi dövlət quruculuğu idi. Bu işə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra start verildi və ulu öndər Heydər Əliyevin siyasi səriştəsi, uzaqgörənliyi, dövlət idarəçiliyi sahəsindəki təcrübəsi sayəsində çox böyük uğurlar əldə edildi. Həyatın bütün sahələrini əhatə edən qanunlar qəbul olundu. Bütün bunlar Azərbaycanı hüquqi dövlət kimi dünyaya tanıtdı.
Lakin təkcə qanunların qəbulu qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün kifayət etmir. Əsas məsələlərdən biri də insanların bu qanunlar haqqında təsəvvürünün, məlumatının olmasıdır. Xüsusilə qeyd etməliyik ki, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesində çoxlu sayda yeni hüquqi münasibətlər yaranır, köhnə münasibətlər bu günün tələblərinə cavab vermir. Bu mənada əhalinin hüquqi maarifləndirilməsi istiqamətində daha böyük işlər görülməlidir.
Bu sahədə uğurlu fəaliyyət həyata keçirilir. Prezident İlham Əliyevin 2011-ci ilin dekabrında təsdiq etdiyi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda da hüquqi maarifləndirmə məsələsi öz əksini tapıb.
Hüquqi maarifləndirmə bütün məsələlərin sivil qaydada, məhkəmə yolu ilə həyata keçirilməsini zəruri edir. Hazırda təqdimatında iştirak etdiyimiz kitabın hazırlanması hüquqi maarifləndirmə istiqamətində atılan mühüm addımdır. Lakin həyat inkişafdadır, yeni hüquqi münasibətlər yaranır və odur ki, bu işin davam etdirilməsi olduqca zəruridir. Məhkəmə Ekspertiza Mərkəzi də bu istiqamətdə yardımçı olmağa hazırdır.
Bakı Dövlət Universitetinin kafedra müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımov çıxış edərək belə bir toplunun ərsəyə gətirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycan Konstitusiyasının 12-ci maddəsinə əsasən insan hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətimizin əsas məqsədidir. Bu məqsədi həyata keçirmək üçün həm təkmil qanunlar qəbul edilməli, həm də həmin qanunların işlək mexanizmi olmalıdır. Lakin bəzən qanunlar arasında ziddiyyətlərin olması hər hansı normanın praktikada tətbiqinə müəyyən çətinliklər yaranır ki, bu da istər-istəməz insanlarda sual doğurur. Təbii ki, bu işdə hüquqşünasların üzərinə böyük məsuliyyət düşür.
Alış Qasımovun sözlərinə görə, insanların hüquqi maarifləndirmə işində bu kitabın böyük əhəmiyyəti olacaq və hüquqi savadı olmayan şəxslər bundan bəhrələnəcəklər. Azərbaycanda ilk dəfədir ki, belə formatda kitab çap olunub və bu, təqdirəlayiq haldır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, istənilən islahatlar o zaman səmərəli nəticə verir ki, vətəndaşlarımız onu dərindən anlasınlar və onun tətbiqi prosesində bilavasitə iştirak etsinlər. Belə nəşrlər isə heç şübhəsiz qanunvericiliyin tətbiqində vətəndaşlara köməkdir və onların bu prosesdə iştirakını şərtləndirir. Bu baxımdan hüquqi maarifləndirməyə xidmət edən bu cür nəşrlər vətəndaşlarımıza böyük kömək göstərir. Belə kitablar davamlı şəkildə və daha çox çap edilməlidir. Əslində bizim fəaliyyətimizin bir istiqaməti də insan hüquq və azadlıqlarının müdafiəsidir.
Bakı Dövlət Universitetinin dosenti, vəkil Turqay Hüseynov bildirdi ki, belə bir kitabın işıq üzü görməsi hüquq elmində yenilikdir. Bu toplunun ərsəyə gəlməsi nəinki vətəndaşlar, həm də hər bir hüquqşünas, hakimlər və vəkillər üçün də faydalıdır. Bu kitab ən azından insanlar üçün yol göstəricisidir. İstənilən şəxs hüquqi məlumat almaq istəyirsə, kitabdan rahatlıqla istifadə edə bilər. Odur ki, belə bir kitabın işıq üzü görməsi yalnız müsbət qiymətləndirilməlidir. Düşünürəm ki, "Azərbaycan" qəzeti ilə birgə hazırlanan kitab cəmiyyətdə müsbət qarşılanacaq və oxuculara onların hüquqları ilə bağlı çox mühüm məlumatlar verəcək. Əhalinin maarifləndirilməsi istiqamətində atılan hər bir addım təqdirəlayiqdir və bu cür kitabların daha çox işıq üzü görməsi yalnız insanların öz hüquqları üzrə biliklərini artırmağa xidmət edir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında