Otto Bismarkın məşhur bir ifadəsi var: "Şəxsiyyəti olmayan xalqın azadlıq uğrunda mübarizəsi ağlasığmazdır". Heydər Əliyev fenomeni şəxsiyyətin, qüdrətin, müdrikliyin sintezidir. Onun böyüklüyü ondan ibarətdir ki, ona qədər Azərbaycanda cərəyan edən proseslər, həmin proseslərin meydana gətirdiyi bütün siyasətçiləri öz təsiri altına aldığı halda, Heydər Əliyev əksinə - hadisələrə öz iradəsini diqtə etmək qüdrətinə malik olan lider kimi özünü təsdiqlədi.
Bu gün biz bir həqiqəti hamılıqla dərk etməliyik ki, hazırda tərəqqi dövrünü yaşayan bütün xalqları, millətləri, ölkələri keçid dövrünün çətin labirintindən dahi şəxsiyyətlər: Atatürklər, Vaşinqtonlar, Nehrular, De Qollar çıxarmışlar. Heydər Əliyev də belə şəxsiyyətdir. Bunu bütün dünya qəbul edir. Bunu Azərbaycan cəmiyyətinin bütün üzvləri də dərk edir və qürur duyurlar. Təəsüflər olsun ki, zaman-zaman xarici düşmənlərin və daxildəki xainlərin havadarlıq etdikləri separatçılar müstəqilliyimiz möhkəmləndikcə ona kəskin qısqanclıqla yanaşaraq daha da azğınlaşmışlar. 1994-cü il sentyabrın 20-də ulu öndərin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan, qlobal əhəmiyyətli "Əsrin müqaviləsi" imzalandı. Bu hadisə müstəqilliyimizin əleyhdarlarını daha da qəzəbləndirdi. Cəmiyyətdə vahimə yaratmaq üçün milli satqınlar Milli Təhlükəsizlik Nazirliyi istintaq təcridxanasından dövləti cinayətdə ittiham olunan dörd dustağı qaçırmağa nail oldular. 1994-cü il sentyabrın 29-da Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildilər. Bu, dahi siyasətçinin əhatəsini zəiflətmək üçün siyasi terror aktı idi. Oktyabrın 2-də pozucu qüvvələrin təsiri ilə Xüsusi Təyinatlı Polis Dəstəsinin 30-a yaxın döyüşçüsü Respublika Prokurorluğunun binasını zəbt etdi. Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları icra hakimiyyətinin binasını tutdular. Oktyabrın 3-dən 4-nə keçən gecə ulu öndər dövlət müstəqilliyimizin xilası naminə radio və televiziya ilə xalqa müraciət etdi. Yüz minlərlə adam bir neçə saatın içərisində dövlətçiliyin müdafiəsinə qalxaraq Prezident Sarayı qarşısına toplaşdı. Xalq və Heydər Əliyev birliyini görən qiyamçılar geri çəkilməyə məcbur oldular. 1995-ci ilin martında milli satqınların daha bir dövlət çevrilişi cəhdi baş verdi. Martın 13-də Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşları Ağstafa və Qazax rayonlarında dövlət idarələrini ələ keçirdilər. Bakıda isə 8-ci Kilometrdə məskən salmış qiyamçılar hökumət idarələrini və Prezident Sarayını ələ keçirmək üçün şəhər istiqamətində hücuma cəhd etdilər. Hökumət qüvvələrinin çevik əməliyyatları nəticəsində onların da qarşısı alındı.
1995-ci ilin ortalarından başlayaraq, böyük siyasi iradə nümayiş etdirmiş Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan bütün qeyri-qanuni silahlı qruplaşmalardan xilas oldu, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu, dövlət quruculuğunda daha böyük işlərə başlamaq üçün ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı. Azərbaycan keçmiş sovet məkanında həyatın bütün sahələrində ən qabaqcıl mövqeyə çıxdı. Ölkəmiz daxili siyasətdəki və beynəlxalq aləmdəki uğurlarına görə dünya birliyində öz layiqli yerini tutdu. Belə bir şəraitdə, siyasi birliyə daha çox ehtiyac duyulan dövrdə yeni bir xain peyda oldu. Bu, ulu öndərin himayəsi sayəsində vəzifə pillələrində sürətlə irəliləyərək Milli Məclisin sədri vəzifəsinədək yüksələn R.Quliyev idi. 1996-cı ildə özünün qüsurlu iş metodu ilə ölkədə əldə olunan nəhəng quruculuq işlərinin bir araya sığmadığını görən bu şəxs xəstəliyi bəhanəsi ilə tutduğu vəzifədən istefa verərək ABŞ-a yollandı və orada siyasi sığınacaq əldə etdi. O, Azərbaycanda uzun müddət qanunsuz yollarla topladığı sərvətlərdən istədiyi kimi istifadə edə bilməyəcəyini dərk edərək bu addımı atdı. R.Quliyevin ABŞ-dakı fəaliyyətinə nəzər salsaq görərik ki, o, davamlı olaraq ölkəmizin daxilindəki ictimai-siyasi vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün canfəşanlıq edir. Rəsul Quliyev ulu öndərin və onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, sosial, mədəni, siyasi, hüquqi sahələrdə və xarici siyasətdə əldə olunan nəhəng uğurları görmək istəməyən qüvvələri təmsil edən bir nankordur.
R.Quliyev kimilərinin ölkədəki ictimai-siyası sabitliyi pozmaq taktikası yeni bir şey deyil. Tarixin müəyyən dövrlərində Azərbaycanı daxildən parçalamaq, xalq içərisində etnik və vətəndaş qarşıdurması yaratmaq, dini təfriqə salmaq taktikasından istifadəyə əbəs cəhdlər göstərilmişdir.
Adətdir, Vətənin sərvətlərini talamağa və bunun üçün də yurdun içərisində yüksək mövqelər ələ keçirməyə çalışan daxili dönüklər - "sapı özümüzdən olan baltalar" ölkənin bədxahları ilə əlbir olur, onlara canfəşanlıqla qulluq göstərirlər. İçərimizdə hələ də xarici ölkələrə muzdla qulluq edən, Vətən və millət əleyhinə əcnəbilərə saxta məlumatlar ötürən, nankorlar vardır. Amma onlar unudurlar ki, Azərbaycan iqtidarına, onun əldə etdiyi uğurlara kölgə salmaq, ara qarışdırmaq cəhdləri heç bir vaxt baş tutmayacaq, heç bir qüvvə bundan sonra xalqımızı öz yolundan döndərə bilməyəcək.
Azərbaycan dönməz inkişaf yolundadır. Bu yol işıqlı, parlaq sabahlardan xəbər verən yoldur. Bu inkişafı biz bütün ölkədə, həyatın bütün sahələrində görürük. Yaşadığım Sumqayıt şəhəri bunun canlı təcəssümüdür. Şəhərdə gedən quruculuq işləri, gözəlləşən və abadlaşan küçə və xiyabanlar, yeni yüksək texnologiyalar üzərində qurulan sənaye müəssisələri, şəhərdə hökm sürən sabitlik bunun canlı ifadəsidir.
Siyasi avantüristlər, xaricdəki müəyyən qüvvələrin əlində alətə çevrilən nankorlar dərk etməlidilər ki, nə zaman, nə xalq, nə də dünya 20 il bundan əvvəlki deyil. Artıq Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Sosial rifah halı, bir fərd və şəxsiyyət kimi mənəviyyatı xeyli zənginləşmiş, əsl vətəndaş cəmiyyətinin tam hüquqlu üzvü olan hər bir Azərbaycan vətəndaşı bundan sonra da heç vaxt belə populist çıxışların və qızışdırıcı müraciətlərin arxasınca getməyəcək. Belə çıxışlar xalqın ümummilli liderimiz Heydər Əliyev yoluna və onun ən layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyevə olan etibarını, inamını qıra bilməyəcək. Bədxahlarımız bunu qəti şəkildə anlamalı, bilməlidirlər ki, xalqın inamını heç nə sarsıda bilməz. Sabitlik, inkişaf, tərəqqi artıq Azərbaycanda dönməz xarakter daşıyır. Daha qüdrətli Azərbaycan yaratmaq siyasətimiz uğurla həyata keçir. Ulu Tanrı bu dəfə şəxsiyyət və zaman problemini Azərbaycan xalqının xeyrinə həll etmişdir.
{nl}
Vidadi BAĞIROV, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.