Şriftin ölçüsü:
04.07.2012 04:24 | Oxunma sayı: 520
Mərkəzi iqamətgahı Vyana şəhərində yerləşən Avstriya Mətbuat Agentliyi (Austria Presse Agentur - APA) ölkənin ən böyük və aparıcı xəbər agentliyidir. APA Avstriyada gündəlik nəşr olunan "Tageszeitung" və Avstriya radioverilişləri yayım şirkəti olan "ORF"-nin (Österreichischer Rundfunk) tabeliyində fəaliyyət göstərir. Bu agentlik 1849-cu ildə fəaliyyətə başlamışdır. APA-nın direktoru AzərTAc-ın rəhbəri ilə beynəlxalq tədbirlər çərçivəsində sıx əməkdaşlıq edən və şəxsi münasibətləri olan Peter Kropşdur. Agentlik özündə təxminən 403 əməkdaşı birləşdirir. Onun 2010-cu ildə illik gəliri 65,37 milyon, 2011-ci ildə 62,66 milyon avro təşkil etmişdir.
Peter Kropş Avstriya Mətbuat Agentliyinin 2011-ci ildəki fəaliyyəti ilə bağlı dərc olunmuş illik hesabatında nəzərə çatdırır ki, ötən ilin ilk aylarının nəticələri dünyada hökm sürməkdə davam edən dərin maliyyə böhranı özəl, dövlət və ictimai əsaslarla fəaliyyət göstərən müəssisələrdə vəziyyətin heç də ürəkaçan olmadığını deməyə əsas verir. O, maliyyə böhranının milli mediaya da təsirsiz ötüşmədiyini xüsusi qeyd edir. APA-nın baş direktoru bildirir ki, yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün kollektiv cari ildə səylərin artırılmasına və prosesin optimallaşdırılmasına nail olmağı qarşıya məqsəd qoymuşdur. Milli və beynəlxalq media bazarlarında yaranmış vəziyyət, qlobal çağırışlar fonunda APA-nın rəhbəri büdcə planlaşdırması məsələsində kapital qoyuluşunun perspektivli layihələrlə yanaşı, eyni zamanda, menecment, texniki innovasiyalar və texnologiyalar kimi vacib sahələrə, infrastruktur layihələrinə və biznes modellərinə yönəldilməsini zəruri hesab edir. O bildirir ki, innovasiya məsələsi aktual olduğundan media məkanında bu sahəyə investisiya qoyuluşu ötən il xeyli artmışdır.
Müasir informasiya texnologiyalarının tətbiqində APA Avstriya kütləvi informasiya vasitələri arasında birinci yerdədir. Avropa media məkanında ilk elektron rəqəmsal qəzet köşkü 2011-ci ilin noyabrında Avstriyada həyata vəsiqə almışdır. Bununla da, Avstriyada dərc olunan bütün qəzetlər, jurnallar və dərgilər ödənişli rəqəmsal sistemə keçmişdir. Peter Kropş xatırladır ki, Avstriya milli mediası oxuculara www.austria-kiosk.at linki ilə təqdim olunur.
APA agentliyi ölkə daxilində və xaricdə siyasət, iqtisadiyyat, elm, hadisələrin xronikası, idman, mədəniyyət kimi sahələrə dair son məlumatları informasiya, şəkil, qrafika, eləcə də, video vasitəsilə oxucularına operativ çatdırır, müştərilərini maliyyə bazarları haqqında son vacib məlumatlarla təmin edir. Bundan əlavə, agentlik öz fəaliyyətində multimedia xidmətlərinə, sosial şəbəkə ilə əlaqələrə və eyni zamanda, infoqrafikaya geniş yer verir.
APA-nın nəzdində fəaliyyət göstərən DeFacto operatoru zəngin məlumat bankına malikdir. Bu bankda yerləşdirilmiş təhlillər və araşdırmalar məzmun etibarilə beynəlxalq səviyyədə qəbul olunan metodlara və sosial tədqiqatlara əsaslanır.
AzərTAc-la əməkdaşlığın genişləndirilməsində maraqlı olan Avstriya Mətbuat Agentliyinin direktoru Peter Kropş bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumda iştirak etmək arzusunda olduğunu bildirmişdir.
Qeyd edək ki, Avstriya Mətbuat Agentliyinin xarici siyasət redaktoru Viola Bauer və agentliyin iqtisadi redaktoru Sigrid Brandştatter avstriyalı jurnalistlərin bu ilin may ayında Azərbaycana səfəri çərçivəsində Şəkinin tarixi abidələri, gəzməli və görməli yerləri ilə tanış olmuşlar. Bölgə ilə tanışlıq avstriyalı jurnalistlərdə xoş təəssürat yaratmışdır. Avstriyalı jurnalistlər Şəkini çox bəyəndiklərini bildirmişlər: "Gözəl Şəki bizə qədim və müasir şəhər təsiri bağışladı. Onun əsrarəngiz təbiəti, qədim tarixi, gülərüz insanları bizi gördüklərimizi qələmə almağa və yenidən bu gözəl diyara səfər etməyə sövq etmişdir".
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.