Son illər Bakı şəhərində və ətraf ərazilərdə, həmçinin Abşeron yarımadasında, eləcə də ölkənin bir çox rayonlarında yaşayış evlərinin tikilməsi ilə bağlı ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, son zamanlar yüksək gərginlikli elektrik xətlərinin, magistral neft, qaz və su kəmərlərinin, dövlət əhəmiyyətli, tranzit avtomobil və dəmir yollarının mühafizə zolaqlarında çoxsaylı yaşayış evləri və ictimai-iaşə obyektləri inşa olunmuşdur.
Hətta iş o yerə çatmışdır ki, bəzən vətəndaş və ya səlahiyyət həddini aşan vəzifəli şəxs həmin obyektlərin yüksək gərginlikli elektrik xətlərinin, yaxud da magistral neft, qaz və su borularının üstündə inşa edilməsinin fərqinə belə varmaq istəmirlər. Bu da son nəticədə dövlətin enerji təhlükəsizliyinə, kommunal sektora, elə həmin ərazidə ev-eşik quran vətəndaşın, onun ailə üzvlərinin həyatına təhdid və təhlükədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bununla bağlı narahatlığını ifadə edərək demişdir: "...Yerli icra orqanları harada gəldi, kimə gəldi torpaq sahələri ayırırlar və vətəndaşlar orada evlər tikirlər. O evlər orada yaşayanlar üçün təhlükə mənbəyidir. Çünki yüksək gərginlikli xətlərin altında tikilmiş evlər insanların sağlamlığına çox böyük ziyandır. Eyni zamanda, operativ təmir-tikinti işlərinin aparılması üçün bizə problem yaradır... Qanunsuz sərəncamları verən şəxslər müəyyən edilməlidir, onlara qarşı tədbirlər görülməlidir... ".
Doğrudan da, ölkə üçün çox ciddi problemə və əlavə yükə çevrilmiş sözügedən məsələnin ictimai və sosial mahiyyəti getdikcə böyük aktuallıq kəsb etməyə başlamışdır. Hər şeydən əvvəl, qanunsuz tikililər ayrı-ayrı təsərrüfat subyektlərində baş verən qəza hallarının aradan qaldırılmasına və ya kommunikasiya xətlərinin dəyişdirilməsinə, həmçinin lazımi təmir-bərpa işlərinin aparılmasına ciddi əngəl törədir. Hamımız yaxşı xatırlayırıq, bir neçə il bundan əvvəl, qış günlərinin birində güclü küləyin və çovğunun təsirindən qırılıb yerə tökülmüş elektrik naqillərinin, yıxılmış dirəklərin bərpası, qəza hallarının aradan qaldırılması zamanı "Azərenerji" ASC-nin ağır texnikası və əməkdaşları əraziyə daxil olmaqda, lazımi təmir-bərpa işlərinin aparılmasında çox ciddi çətinliklərlə və maneələrlə üzləşdilər. Bununla da bir daha sübut olundu ki, qanunsuz tikililər qəza hallarının aradan qaldırılmasına, təmir və yenidənqurma işlərinin aparılmasına imkan vermir. Məhz buna görə də hökumət tərəfindən yüksək gərginlikli elektrik xətlərinin, neft, qaz və su kəmərlərinin mühafizə zolaqlarında, eləcə də avtomobil və dəmir yollarının yaxınlığında yerləşən qanunsuz tikililərin müəyyən edilməsi və bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün komissiya yaradıldı. Ötən müddətdə aidiyyətı qurumların və yerli icra hakimiyyətlərinin nümayəndələri tərəfindən qadağan olunmuş ərazilərdə inşa olunmuş fərdi yaşayış evləri və ictimai-iaşə obyektlərinin siyahısı dəqiqləşdirilərək Nazirlər Kabinetinə təqdim olundu.
Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 30 avqust 2007-ci il tarixli fərmanına əsasən, neft və qaz kəmərlərinin keçdiyi sahələrdə, həmçinin mədən ərazilərində yaşayış evlərinin və digər obyektlərin tikintisi qadağan olunmuşdur. Çünki bu, ilk növbədə, həmin ərazilərdə yaşayan insanların təhlükəsizliyi və sağlamlığı baxımından olduqca vacibdir. Digər tərəfdən isə qadağan olunmuş ərazilərdə inşa edilmiş evlər dövlət əhəmiyyətli kommunikasiya xətlərinin təmir və bərpasında, infrastrukturun təkmilləşdirilməsində, eləcə də yolların genişləndirilməsində ciddi çətinliklərə səbəb olur. Məhz buna görə də ölkə Prezidenti İlham Əliyev qanunsuz tikililərə kompleks şəkildə yanaşılması, belə tikililərin yığışdırılması və insanlara lazımi səviyyədə kompensasiya ödənilməsi ilə bağlı müvafiq qurumlara konkret tapşırıqlarını vermişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu il iyunun 27-də isə magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında Sərəncam imzalamışdır. Xatırladaq ki, ölkə Prezidentin bu komissiyanı yaratmaqda məqsədi ölkə səviyyəsində sözügedən məsələnin nizamlanması, vahid taktikanın, habelə köçürmə ilə bağlı ayrı-ayrı ərazilər üzrə differensial yanaşmanın metodikasının müəyyənləşdirilməsi və bunların reallaşdırılmasıdır.
Qeyd edək ki, bu gün qanunsuz tikintilər ən çox neft mədən ərazilərində müşahidə edilir. Özü də elə ərazilərdə ki, onlarda güclü neft ehtiyatları mövcuddur. Məsələn, Buzovna qəsəbəsində H.Z.Tağıyev adına NQÇİ-nin ərazisindəki yataqlardan çıxarıla bilən neft ehtiyatları 7 milyon tondur. İdarənin ərazisinin 200 hektarı qanunsuz olaraq zəbt olunmuşdur. Burada 2000-ci illərin əvvəlindən başlanan tikinti son vaxtlara qədər davam etmişdir. Ərazidə yüzlərlə qanunsuz tikinti işləri aparılmışdır. Bu tikililər arasında bilavasitə neft quyularının yaxınlığında yerləşəni də var. ARDNŞ yaşayış olmayan tikililəri artıq sökmüş, yaşayış olan evlər isə məlum səbəblər üzündən toxunulmamışdır. Xatırladaq ki, qanunsuz tikililərin sahibləri olan yerli sakinlər bu torpaqların onlara yerli bələdiyyələr tərəfindən ayrıldığını və buna görə ödəniş etdiklərini, əllərində müvafiq sənədlərin olduğunu bildirirlər. Yeri gəlmişkən, ARDNŞ-ə məxsus torpaqları qanunsuz olaraq əhaliyə satdığına görə Bakının bəzi bələdiyyələri şirkət tərəfindən məhkəməyə verilmişdir.
Balaxanı NQÇİ ərazisində isə 5 minə qədər qanunsuz ev tikilmişdir. NQÇİ-dən bildirildiyinə görə, idarənin əhatə etdiyi 1894 hektarın 570 hektarı və ya 30-35 faizi vətəndaşlar tərəfindən zəbt olunmuşdur. Tikililərin böyük əksəriyyəti 1989-1995-ci illərdə inşa edilmişdir, 99 faizi sənədsizdir, 1 faizinin isə sənədləri saxtadır. İdarənin əhatə etdiyi yataqlardan çıxarıla bilən neft ehtiyatları 7 milyon tondur.
"Binəqədi Oyl"Əməliyyat Şirkətinin ərazisində də vəziyyət ciddi narahatlıq doğurur. Şirkətin hüquqşünası Anar Qurbanovun bildirdiyinə görə, qanunsuz tikililər olmasaydı, hasilat daha çox ola bilərdi. Bəzən quyuya yaxınlaşa, təmir işləri apara bilmirik. Ora texnika da yaxınlaşa bilmir. Əgər bu, olmasaydı, hasilatın 1,5 faizlik artımını vaxtında təmin etmək mümkün olardı.
"Binəqədi Oyl" Əməliyyat Şirkəti bununla bağlı bir neçə dəfə ARDNŞ-ə və Azərbaycan hökumətinə müraciət etmişdir. Müraciətlərdə Azərbaycan tərəfinə müqavilədəki öhdəlikləri, o cümlədən müqavilə ərazisində işlərin aparılması üçün lazımi şəraitin yaradılması təminatı xatırladılmış, ərazidə yerləşən qanunsuz tikililərin işə mane olduğu bildirilmişdir. Bundan başqa, qanunsuz tikililərin olması konsorsiumun xərclərini də artırmışdır. Bu, həm məhkəmə, həm ərazinin yeni tikililərdən qorunması üçün təşkil olunan mühafizənin, həm də qanunsuz tikililərin yaxınlığında olan, sakinlər tərəfindən korlanan avadanlığın təmiri xərclərini əhatə edir.
Müqavilə ərazisində vəziyyət və onun səbəbləri Azərbaycan tərəfinə də aydın olduğuna görə şirkətə bu öhdəliyi yerinə yetirmək üçün daha 3 il vaxt verilmişdir. Hazırda bu vaxtın da başa çatmasına az qalmasına baxmayaraq, hələlik hasilatı lazımi həddə qaldırmaq mümkün deyil. Doğrudur, indi şirkət vəziyyəti düzəltmək üçün yeni hasilat quyularının qazılmasına hazırlaşır. Amma öhdəliyi bu müddət ərzində də yerinə yetirmək mümkün olmasa, müddətin bir daha artırılması üçün Azərbaycan tərəfinə müraciət ediləcək.
Mütəxəssislərin bildirdiyinə görə, bu ərazilərdə inşa edilmiş tikililər neft-qaz əməliyyatlarının, hasilat işlərinin aparılmasına çətinlik törədir və təhlükəsizlik texnikası baxımından yolverilməzdir. Lakin buna baxmayaraq, neft-qaz əməliyyatlarının icrası məqsədi ilə hökumət tərəfindən ARDNŞ-in daimi istifadəsinə verilmiş mədən ərazilərində, habelə magistral neft və qaz kəmərlərinin mühafizə zonalarında qanunsuz zəbtetmə və tikintilərin aparılmasına qarşı mübarizə şirkətin müvafiq strukturları tərəfindən son vaxtlar nə qədər gücləndirilsə, belə cəhdlərin qarşısı nə qədər qətiyyətlə alınsa da analoji faktlar getdikcə artmaqda davam edir.
İstər vətəndaşların müraciətlərində, istərsə də mətbuatda dərc olunan yazılarda kompensasiya məsələsinin qabarıq qoyulması nəzərə alınaraq, bu məsələ vətəndaşları daim düşündürür. Mütəxəssislər vurğulayırlar ki, ARDNŞ-in müəssisə və təşkilatlarının daimi istifadəsində olan, o cümlədən Hasilatın Pay Bölgüsü Sazişlərinin kontrakt sahəsi hüdudları daxilində, eləcə də neft-qaz kəmərlərinin mühafizə zonalarında yerləşən torpaq sahələrində inşa olunmuş tikililər məhkəmə qətnaməsi ilə qanunsuz hesab olunduğu hallarda mülki qanunvericiliyə əsasən onların sökülməsi ilə bağlı hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmur. Kompensasiyanın verilməsi qaydaları, onun şərtləri qanunvericilikdə aydın şəkildə nəzərdə tutulmuşdur. Müvafiq qurumun qanunsuz qərarı ilə torpaq əldə etmiş vətəndaş həmin alqı-satqının qanuni olduğuna ümid bəsləyir, xərc çəkərək ev inşa edir. Lakin sonradan bəlli olur ki, o həmin torpaq sahəsini qanunsuz yolla əldə etmişdir. Bu zaman vətəndaş öz ziyanına çıxarılmış məhkəmə qətnaməsi əsasında ona qanunsuz sənəd vermiş orqana qarşı məhkəmə qaydasında iddia qaldırmaq və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.