Şriftin ölçüsü:
11.06.2010 05:29 | Oxunma sayı: 378
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzi 2008-ci il dekabrın 15-də əməliyyat tədbirləri nəticəsində İran-Azərbaycan marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslərin yaxalanması və onlardan 90 kiloqrama yaxın narkotik vasitə götürülməsi barədə məlumat açıqlamışdır.
Nazirliyin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, həmin məlumatda 2008-ci il dekabrın 11-də İran İslam Respublikasının vətəndaşı Qulizade İlxıcısofla Əhməd Əbülqasım, Azərbaycan vətəndaşları - Rahib Zeynalov, İlham Mirzəyev, Ağaşükür İbişov, Nadir Çıqqarov və qeyrilərinin qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, külli miqdarda pul müqabilində sövdələşərək satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş 90 kiloqrama yaxın narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaq yolla İrandan Azərbaycanın Cəlilabad rayonunun Gülməmmədli kəndinə gətirdikləri, buradan isə Biləsuvar rayonu Ağalıkənd kəndinin ərazisinə apararaq orada gizlətdikləri bildirilmişdir. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri çevik əməliyyat tədbirləri nəticəsində 2008-ci il dekabrın 12-də mütəşəkkil dəstənin adları çəkilən üzvləri saxlanılmış və onlardan 82 kiloqram 500 qrama yaxın həşiş, 5 kiloqramdan artıq heroin və təxminən 2 kiloqram tiryək aşkar edilərək götürülmüşdür.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv ibtidai istintaq aparılaraq başa çatdırılmış və cinayət işi məhkəməyə təqdim olunmuşdur. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il dekabrın 29-da çıxardığı hökm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və digər maddələrlə mütəşəkkil dəstənin üzvləri təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir.
İstintaqın gedişində mütəşəkkil dəstənin üzvü olduğu, satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və satması müəyyənləşdirilmiş Azərbaycan vətəndaşı Səfər Abdullayevin 2009-cu il iyunun 10-da təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilmişdir. Lakin Səfər Abdullayevin 2009-cu il fevralın 21-də Azərbaycan Respublikasından kənara, yəni İrana və oradan da Rusiya Federasiyasının Moskva şəhərinə gedərək gizləndiyi müəyyən edildiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdur. 2010-cu il mayın 1-də təqsirləndirilən şəxs Səfər Abdullayev Moskvada saxlanılmış və iyunun 8-də Azərbaycan Respublikasına ekstradisiya edilmişdir.
Bundan başqa, bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində İran-Azərbaycan-Rusiya marşrutu ilə qaçaq yolla narkotik vasitələrin daşınması üzrə daha iki fakt aşkarlanmışdır. Azərbaycan vətəndaşları - Süleymanov Cavanşir Suliddin oğlu, Novruzov Habil Kamran oğlu, Əzimov Vüsal Səyyaf oğlu, Məlikov Aydın Bəhram oğlu və Nuriyev Ruslan Tərlan oğlu yaxalanmış, ümumilikdə 56 kiloqram 500 qrama yaxın həşiş və heroin aşkar edilərək götürülmüşdür.
Faktlar üzrə Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanılmışdır.
Bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.