Şriftin ölçüsü:
11.06.2010 03:26 | Oxunma sayı: 387
Hollandiyalı ekspert azərbaycanlılara qarşı törədilmiş soyqırımından dəhşətə gəldiyini bildirdi
Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoyması dünyanın diqqət mərkəzindədir. Beynəlxalq aləmdə tanınmış ekspertlərin ölkəmizin son illər sürətlə inkişaf etməsini, iqtisadiyyatın sürət tempinə görə dünyada lider dövlət olmasını, ən islahatçı ölkə elan edilməsini, demokratik prinsiplərə xüsusi önəm yetirməsini siyasi və iqitsadi strategiyanın düzgün müəyyənləşdirilməsi ilə əlaqələndirirlər. Ekspertlərin fikrincə, bütün bunlar bir daha ondan xəbər verir ki, Azərbaycan dövləti öz iradəsini reallaşdırmaq üçün yüksək siyasi potensiala malikdir.
Bu günlərdə ölkəmizdə olmuş hollandiyalı ekspert Jan vam Amstel təmasda olduğu azərbaycanlıların xoş münasibətindən, burada azad sahibkarlıq fəaliyyətinə yaradılan şəraitdən, müasir memarlıq üslubunda tikilmiş binalardan, gördüyü səliqə-sahmandan heyrətləndiyini bildirdi. Hollandiyalı qonaq Şəhidlər Xiyabanında olarkən azərbaycanlılara qarşı törədilmiş soyqırımından dəhşətə gəldiyini dedi.
"Qrant - İnşaat" LTD MMC-nin rəhbərləri Rövşən Abdullayevin və Mehman Əhmədovun dəvəti ilə Azərbaycana gəlmiş Jan van Amstel Bakı ilə tanışlığına Şəhidlər Xiyabanına gül dəstələri qoymaqla başlayıb. O, şəhid məzarlarını göstərərək deyib:
- Burada əbədiyyətə qovuşanların Vətənin azadlığı, istiqlaliyyəti, doğma torpaqlarının müdafiəsi uğrunda canlarını qurban verdiklərini bildirdilər. Mən azərbaycanlılara qarşı törədilən bu vəhşilikdən, soyqırımıdan dəhşətə gəldim. Mənə ermənilərin Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etdiklərini, dinc əhalini amansızcasına qətlə yetirmələrini, uşaqları, hamilə qadınları süngünün ucuna keçirmələri haqqında məlumat verdilər. Bu mənzərəni əks etdirən fotolara baxdım. Mənim 70-dən çox yaşım var. Hələ bu vaxta qədər bu cür qəddarlıq görməmişdim. Faşistlərin amansız olduğunu eşitmişdim. Ancaq ermənilərin törətdikləri ağlasığmaz faciələri gördükdə, düşünürsən ki, doğrudanmı insan insana qarşı bu bu qədər qəddar olarmış. Dünyanın inkişaf etmiş demokratik dövlətlərinin, nüfuzlu qurumların bu vaxta qədər belə dəhşətli hadisələrə niyə ciddi münasibət bildirmədiyinə təəccüb edirəm.
Hollandiyalı ekspert Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini, həmin ərazilərdə yaşayan insanların öz ata-baba torpaqlarından didərgin salındığını, tarixi mədəni abidələrin, qəbirstanlıqların darmadağın edildiyini eşidəndə xeyli mütəəssir olduğunu söylədi:
- Mən Azərbaycanda birinci dəfədir oluram. Ölkəniz haqqında yalnız internet vasitəsilə məlumat əldə etmişdim. İndi isə hər şeyin şahidiyəm. Bu gün dünyada nüfuzlu beynəlxalq qurumlar çoxdur. Əksəriyyəti də insan hüquq və azadlıqlarının qorunması, regionlarda sülhün, haqq-ədalətin, demokratiyanın təntənəsi ilə məşğul olduqlarını deyirlər. Bundan ötrü kifayət qədər qrant da alırlar. Məgər onlar Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bu gün də işğal altında saxlanıldığını, insanların öz ev-eşiklərindən didərgin salındıqlarını görmürlərmi? Bu böyüklükdə faciəni də görməmək olar? Bəs onda bu qurumlar kimlərin hüquqlarını qoruyur? Mən birinci dəfədir ki, bu böyüklükdə biganəlik, ayrı-seçkilik görürəm.
Jan van Amstel ixtisasca memardır. O, Bakıda müasir memarlıq üslubunda tikilmiş çoxmərtəbəli binaları gördükdən sonra deyib ki, burada elə binalar var ki, inkişaf etmiş ölkələrdə beləsi yoxdur. Özü ilə bir neçə layihə gətirdiyini bildirən hollandiyalı qonaq Bakıda bundan da yaxşılarının olduğunu bildirib. O, Bakını geniş tikinti meydanına bənzədib və bu meydanda bir-birindən gözəl binalar tikildiyini, şəhərə xüsusi yaraşıq verdiyini deyib.
Şəhərimizdəki tarixi abidələrlə, İçərişəhər, Qız qalası ilə yaxından tanış olan hollandiyalı ekspert Azərbaycanın qədim tarixə malik olduğunu qeyd edib və bu abidələrin qorunmasının vacibliyini vurğulayıb. Dövlət Filarmoniyasında Azərbaycan incəsənət ustalarının konsertini dinləyən və ölkəmizin iqtisadi inkişafı ilə yaxından tanış olan Jan van Amstel deyib ki, Azərbaycan bu gün keçmiş sovet respublikaları arasında ən inkişaf etmiş müstəqil dövlətdir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.