Artıq 21 ildir ki, Azərbaycan xalqı öz taleyini müstəqil surətdə müəyyənləşdirmək imkanı əldə etmişdir. Bu gün respublikamız dünyanın ən inkişaf edən, stabil ölkələrindən biridir.
Azərbaycanın ağır siyasi-iqtisadi böhran keçirdiyi çətin bir dövrdə xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev özünün hərtərəfli təcrübəsinə güvənərək, xalqın etibarlı dəstəyinə arxalanaraq ölkənin siyasi, iqtisadi, sosial-mədəni sahələrdə inkişafı imkanlarını müəyyənləşdirmişdir. Elə bunun nəticəsi kimi, bugünkü nailiyyətlərimiz bir daha sübut edir ki, ulu öndər tərəfindən inkişaf istiqamətləri elə təyin edilmişdir ki, Azərbaycan artıq öz strateji seçimini etmiş, dünya birliyinə inteqrasiyanı gücləndirmiş, demokratik əsaslara sadiq olan müasir dünyəvi dövlət kimi inkişaf etmişdir və hazırda bu yolda qətiyyətlə irəliləyir.
Ulu öndər hakimiyyətə qayıtdıqdan bir qədər sonra, 1998-ci il prezident seçkilərinə qədər Azərbaycanda hərcmərclik və özbaşınalıqlar aradan qaldırılmış, cəmiyyətdə hərtərəfli sabitlik yaradılmışdır. 2003-cü ildən isə yeni seçilən Prezident İlham Əliyev tərəfindən ulu öndərin strateji kursu inamla davam etdirilərək, yaradılmış sosial-iqtisadi bazaya arxalanılaraq və zamanın tempinə uyğun olaraq yeni dövləti vəzifələr həyata keçirilməyə başlamışdır. Belə ki, Prezident İlham Əliyevin 2003-cü ildə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında", 2004-cü ildə "2004-2008-ci illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" fərmanları ölkənin tərəqqisinə böyük təkan vermişdir. Bununla da dünyanın ən çox inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün sahələrinin inkişafı prioritetə çevrilmişdir.
Ötən il respublikamızın müstəqilliyinin bərpasının 20 illiyini təntənə ilə qeyd etdik. Bu müddətdə Azərbaycanın qazandığı böyük uğurlar hər birimizi sevindirir, hər bir azərbaycanlıda böyük qürur hissi doğurur. Digər sahələrdəki inkişaf, innovasiya, tərəqqi ilə yanaşı, Azərbaycan bu gün möhtəşəm beynəlxalq tədbirlərin mərkəzi rolunda çıxış edir. Ölkəmiz idman və mədəniyyət sahəsində beynəlxalq tədbirlərin əsas təşkilatçısı kimi bütün dünyada nüfuz qazanıb. "Eurovision-2012" mahnı müsabiqəsi də ölkəmizin nə qədər inkişaf etdiyini, irəli getdiyini bütün dünyaya nümayiş etdirdi.
Biz fəxr edirik ki, Azərbaycan sürətli inkişaf yolundadır və gündən-günə qüdrətlənir. Əgər ölkəmizin ümumi sosial və iqtisadi göstəricilərini təhlil etsək, görərik ki, son 8-9 il ərzində dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bütün iqtisadi göstəricilər buna dəlalət edir. Ölkənin iqtisadiyyatı, sənaye potensialı dəfələrlə artmış, yoxsulluq beş dəfə aşağı enmiş, işsizlik əhəmiyyətli dərəcədə azalmışdır. Son 8-9 ildə ölkəmizdə bir milyondan artıq iş yeri açılmışdır.
Prezident İlham Əliyevin sərəncamları ilə ölkədə sosial-iqtisadi sahədə inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində bütün sektorlarda canlanma yaranmışdır. Bildiyimiz kimi, bir neçə ildir ki, dünyada maliyyə və iqtisadi böhran davam edir. Ancaq nə 2-3 il əvvəl, nə də ki hazırkı dövrdə Azərbaycanda bu böhranın fəsadları hiss edilmədi. Əksinə, ayrı-ayrı sahələrə güclü investisiyalar qoyuldu, möhtəşəm iqtisadi layihələr həyata keçirildi. Ölkəmizdə maaşlar, pensiyalar, sosialyönümlü təşəbbüslər ildən-ilə artır, sovet vaxtından qalmış əmanətlərin kompensasiya şəklində əhaliyə qaytarılması məsələsi reallaşdırılır.
Əlbəttə, bütün bu uğurların təməlində iqtisadi islahatlar dayanır. Ölkəmizdə artıq əldə edilmiş təcrübə və nəticələr deməyə əsas verir ki, gələcək iqtisadi inkişafımız, şəksiz, müsbət olacaqdır. "Azərbaycan: 2020" Proqramı və Dövlət konsepsiyası hazırlanmışdır, 2013-2023-cü illəri əhatə edən gələcək inkişaf proqramının konturları artıq müəyyən edilmişdir. Bu, bir daha sübut edir ki, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasi kurs, makroiqtisadi və sosial-mədəni inkişaf xətti Azərbaycan xalqının milli maraqlarına uyğunlaşdırılır, dövlət-xalq mənafeyinə əsaslanır.
Cəmiyyət, Azərbaycan vətəndaşları dövlətimizin, hökumətimizin təşəbbüslərini, apardığı siyasi, iqtisadi, sosial-mənəvi islahatları dəstəkləyir. Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi, vətəndaş birliyi dövlətimizin apardığı siyasətin təzahürüdür. Axı, siyasi sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz.
Bu il 28 May - Respublika Gününə həsr edilmiş tədbirdə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, Azərbaycanda sabit ictimai-siyasi vəziyyət mövcuddur: "Xalqla iqtidar arasında vəhdət vardır. Biz bundan sonra da yalnız və yalnız müstəqilliyimizi gücləndirəcəyik, azərbaycançılıq fəlsəfəsini rəhbər tutacağıq, iqtisadi islahatları davam etdirəcəyik və güclü dövlət yaradacağıq".
Bütün bunlarla yanaşı, xalq tərəfindən dəstəyi olmayan, xarici havadarlarına, Azərbaycanın düşmənlərinə güvənən bəzi müxalifətçilər dövlətimizin tərəqqisinə qəsdən, qərəzli şəkildə göz yumur, Azərbaycan xalqı ilə dövlət arasında olan vəhdətə, birliyə kölgə salmaq cəhdi göstərirlər. Neçə illərdir ki, heç bir xalq dəstəyinə nail ola bilməyən, daim qeyri-sabitlik yaratmaq istəyən bu qüvvələr, adətən, prezident seçkiləri ərəfəsində aktivləşir, əsası olmayan vədlərlə çıxış edirlər. Belə dırnaqarası siyasətçilərdən biri də Rəsul Quliyevdir. Hansı vəsait hesabına xaricdə oturması, öz əlaltılarını maliyyələşdirməsi hamıya məlumdur. İndi bu adamın qanunçuluqdan, demokratiyadan, sosial ədalətdən danışması təəccüb doğurur. Hesab edirik ki, hər bir siyasətçinin siyasi mədəniyyəti onun ifadə etdiyi fikirlər səviyyəsindədir. Ona görə də düşünürük ki, Rəsul Quliyevin ifadə etdiyi fikirlər onun daxili mənəviyyatının, siyasi əxlaqının əyani göstəricisidir. Xarici havadarlarına güvənən, xalq arasında dəstəyi olmayan, xarici mətbuatda ucuz böhtan, şəratma metodlarından istifadə edərək, heç bir məna kəsb etməyən dialoqlar, müsahibələr "yapan" bu "siyasətçi" Azərbaycanda nə baş verdiyini seyr etmir, yaxud bunu istəmir. Rəsul Quliyev siyasi proseslərə və baş verənlərə xəstə ambisiyaları prizmasından baxaraq ölkədə əldə edilən tarixi nailiyyətləri qaralamağa, üstünə kölgə salmağa çalışır. Hesab edirik ki, bu, Azərbaycan siyasi sistemində yolverilməzdir. Xalqımız Rəsul Quliyevə, ona bənzər avantüristlərə yaxşı bələddir və dövlətimizin gələcəyi naminə bütün istiqamətlərdə öz işləri və siyasi mübarizəsi ilə belələrinə layiqli cavab verəcəkdir.
Bu gün Azərbaycan Heydər Əliyev siyasəti nəticəsində, İlham Əliyevin qətiyyəti, cəsarəti və yorulmaz fəaliyyəti sayəsində sürətlə inkişaf edir, abadlaşır. Görülən işlər özünü bütün sahələrdə, bütün bölgələrdə açıq-aydın göstərir. Mənim yaşadığım Sumqayıt şəhərinin timsalında bunu gündəlik həyatımızda hiss edirik. Şəhər sürətlə inkişaf edir, göz önündə dəyişir, daha da müasirləşir. Həyat göstərir ki, cənab İlham Əliyev, doğrudan da, hər bir bölgənin, hər bir şəhərin, hər bir azərbaycanlının Prezidentidir. Xalqımız əmindir ki, görülən möhtəşəm işlər bizi daha uca zirvələrə və qələbələrə aparacaqdır. Sözün əsl mənasında xalqın birliyi dövlətin gücüdür. Dövlətin güclü olması isə xalqın daha xoşbəxt gələcəyi deməkdir.
{nl}
Sehri BABAYEV, Sumqayıt Şəhər Uşaq Xəstəxanasının şöbə müdiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.