Bakıda "Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il və onun dərsləri" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

İyunun 28-də "Hilton Baku" otelində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), "Caucasus International" və "Turkish Policy Quarterly" jurnallarının birgə təşkilatçılığı ilə "Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il və onun dərsləri" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, Cənubi Qafqaz ölkələrini və Türkiyə Respublikasını təmsil edən ekspertlər, ziyalılar iştirak etmişlər.
SAM-ın direktoru Fərhad Məmmədov bildirmişdir ki, Cənubi Qafqaz regionu olduqca həssas bir məkanda yerləşir. Bu regionun gələcəyi ilə bağlı məsələlər bizim üçün çox vacibdir. Tarix göstərmişdir ki, Cənubi Qafqaz zaman-zaman böyük dövlətlərin müdaxiləsinə və işğalına məruz qalmışdır. Regiondakı respublikalar 20 il əvvəl öz müstəqilliklərinə qovuşmuşlar. Bu 20 illik müddətdən sonra biz qazandıqlarımız və itirdiklərimizlə bağlı ilk nəticələri çıxara bilərik. Zənnimcə, regiondakı üç dövlətin yenidən öz müstəqilliyinə qovuşması ötən 20 ilin ən böyük nəticəsi və nailiyyətidir. Əldə olunmuş müstəqilliyi qorumaq növbəti 20 ildə də ümdə vəzifəmizdir. Çünki məhz müstəqil dövlətlər öz ölkələrini gələcəyə apara bilərlər.
F.Məmmədov demişdir ki, bölgədə həll edilməmiş münaqişələrin, qapalı sərhədlərin olması bir çox işlərimizə və təşəbbüslərimizə əngəl törədir. Biz istəyirik ki, Cənubi Qafqazda qapalı sərhədlər qalmasın, ən böyük təhlükə hesab edilən münaqişələr tezliklə öz həllini tapsın və hər üç region ölkəsi yüksək inkişafa nail olsun.
Konfransda "Turkish Policy Quarterly" jurnalının baş redaktoru Nigar Gökselin moderatorluğu ilə keçirilmiş "Müstəqilliyin vədləri və çağırışları" mövzusunda panel iclasında üç Qafqaz ölkəsinin iqtisadi və siyasi baxışlarının inkişafı, mövcud tarazlığın dəyişməsi perspektivləri, Rusiya, Avropa İttifaqı, Türkiyə və ABŞ-ın regiondakı münaqişələrin həllində gələcək fəaliyyətləri müzakirə olunmuşdur.
İclasda Milli Məclisin deputatı Rasim Musabəyovun, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun prezidenti Aleksandr Rondelinin, tarixçi, Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyanın sabiq baş müşaviri və 1991-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə nümayəndəsi olmuş Jerar Libardiyanın mövzuya dair çıxışları dinlənilmişdir.
Jerar Libardiyan demişdir: "Biz elə zənn edirdik ki, Sovet İttifaqı dağıldıqdan sonra "soyuq müharibə" başa çatacaqdır. Lakin çox təəssüflər olsun ki, SSRİ-nin süqutundan sonra Qafqazda "soyuq müharibə" bitmədi. Regionumuzda kənar qüvvələr vasitəsilə "soyuq müharibə" bu gün də davam edir. Bu mini "soyuq müharibə"nin nə qədər davam edəcəyini bilmirik. Lakin müstəqilliklə bağlı bir məsələ artıq bəllidir. Müstəqillik o demək deyil ki, sən necə istəyirsən elə də ola bilərsən. Cənubi Qafqazda "soyuq müharibə"ni dayandırmaq vacibdir, xüsusilə də Dağlıq Qarabağ münaqişəsini. Bu münaqişə təkcə Ermənistan və Azərbaycan arasında olan məsələ deyildir, həm də bütövlükdə regionun problemidir. Çünki belə vəziyyətdə birgə layihələri həyata keçirmək çox çətindir".
Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyanın sabiq baş müşaviri sözünə davam edərək demişdir: "Dağlıq Qarabağ münaqişəsi həll edilməsə, Ermənistan regionda ən zəif ölkə olaraq qalacaqdır, Azərbaycan və Gürcüstan isə inkişaf edəcəkdir. Biz iki qonşu dövlətlər - Türkiyə və Azərbaycan ilə münaqişədəyik. Nə qədər ki, bu münaqişələr həll edilməyib, Ermənistan inkişaf edə bilməyəcəkdir.
Biz problemin həllini kənardan gözləyirik. Mən ATƏT-in Minsk qrupunun vasitəçiliyinə etibar etmirəm. Hesab edirəm ki, danışıqlar birbaşa aparılmalıdır. Münaqişənin həlli üçün tərəflər maksimum tələblərdən imtina etməli, güzəştə getməlidirlər".
Jerar Libardiyan daha sonra demişdir: "Levon Ter-Petrosyan istefa verdi, çünki o, sülh istəyirdi. Şübhəsiz, Ter-Petrosyanın da səhvləri var idi. Bununla belə, Ter-Petrosyan da, biz də deyirdik ki, Ermənistan zəif dövlətdir, biz qonşularla normal münasibət qurmadan onun inkişafına nail ola bilmərik. Lakin kimlərsə Ter-Petrosyanın istefasını tələb etdi ki, Ermənistanın siyasi kursunda dəyişikliklər yaransın. Bu gün zaman Azərbaycanın xeyrinə işləyir".
Region dövlətlərində müstəqilliyin əldə edilməsinin şahidi olmuş natiqlər ötən əsrin 90-cı illərinin əvvəllərinə aid hadisələrin açıq və səmimi təsvirini verməyə çalışmış, regional və qlobal səviyyədə milli identikliyin, yenidən iqtisadi strukturlaşmanın, təmsil etdikləri ölkələrin regional və qlobal miqyasda məqsəd və strategiyaları barədə fikirlərini bölüşmüşlər. Bildirilmişdir ki, Sovet İttifaqının süqutu Cənubi Qafqaz regionunda uzun müddət gözlənilən dövlət müstəqilliyinin bərpası ilə yanaşı, buraya yeni dövrün çağırışlarını da gətirmişdir.
Tədbirdə SAM ilə Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondu arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır.
İki qurum arasında əlaqələrin genişlənməsini və möhkəmlənməsini nəzərdə tutan sənədi F.Məmmədov və A.Rondeli imzalamışlar.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında