Kəlbəcərlilər 17 ildir ki, doğma yurda qayıtmaq ümidi ilə yaşayırlar

İki əsrdən çoxdur ki, ermənilər öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımları törədir, torpaqlarımızı qəsb edir, etnik təmizləmələr aparırlar. 1993-cü il mart ayının sonu-aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri təbiətin zümrüd qaşı hesab olunan Kəlbəcər rayonunu işğal etdilər. Bu qanlı cinayət Azərbaycan xalqına qarşı aparılan soyqırımının davamı idi.
Kəlbəcər işğal olunmazdan təqribən bir il əvvəl, yəni 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə erməni faşistləri Kəlbəcərin Ağdaban kəndində Xocalıdan sonra ikinci soyqırımı hadisəsi törətdilər. Azərbaycanlıları öz doğma torpaqlarından qovub çıxarmaq məqsədi ilə Kəlbəcər rayonunun 130 evdən ibarət olan Ağdaban və Çayqovuşan kəndlərini yandırdılar, 779 nəfər dinc əhaliyə qanlı divan tutdular, 32 nəfər mülki və hərbi şəxsi qətlə yetirdilər. Onların 8 nəfəri 90-100 yaşlı qocalar, 2 nəfəri azyaşlı uşaq, 7-si qadın idi. Kənddən 5 nəfər girov aparılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdi. 7 nəfər qarı və qoca kişi diri-diri odda yandırılmışdır. Erməni qəsbkarları Ağdabana hücum zamanı 8 yaşlı Alıyeva Ülviyyə Camal qızının atasını onun gözləri qarşısında gülləliyib, özünü isə kartof quyusunda diri-diri basdırmışdılar.
Ermənilər Hüseynov Saşa Saleh oğlunun dərisini soya- soya qətlə yetirmişdilər. Daşnaklar kənd sakinlərindən Mamedov Musa Qara oğlunu, Mamedova Həyat Həsən qızını, Hümbətova Fatma Qaraca qızını, Qocayev Bakir Qurban oğlunu, Qocayeva Zeynəb Məmməd qızını, Qurbanov Qulu Sabir oğlunu diri-diri yandırmışdılar. Erməni cəlladları Hümbətov Qorxmaz Qaraca oğlunun ürəyini çıxarmış, Məmmədov Ziyəddin Əlqəmə oğlunu, Məmmədov İsbəndiyar Lətif oğlunu tikə-tikə doğramış, Qasımov Rayət Behbud oğlunun üzərindən isə BTR keçirməklə onu tanınmaz hala salıb torpağa qarışdırmışdılar. Kərimova Qəmər İsa qızının sinəsinə güllələrlə xaç şəkli çəkmişdilər.
Nə qədər acı da olsa, bu müsibətlər tariximizin qanlı, faciəli səhifələridir və biz heç vaxt erməni vəhşiliyini unutmamalıyıq. Deyirlər keçmişini unudanın gələcəyi olmaz.
Ağdaban faciəsi Xocalıdan sonra azərbaycanlılara qarşı törədilmiş ən qanlı soyqırımı idi. Burada ən dəhşətlisi o idi ki, özlərini demokratiyanın beşiyi adlandıran super dövlətlər nəinki bu qanlı aksiyaya qarşı etiraz etdilər, əksinə, ağızlarına su alıb özlərini görməməzliyə vurdular. Bu idi özünü ədalətli, demokratik, humanist adlandıran ölkələrin Azərbaycana münasibəti!
Məhz buna görə də cəzasız qalan mənfur ermənilər bununla kifayətlənməyib, daha da azğınlaşdılar. Onlar 1993-cü il mart ayının sonu - aprel ayının əvvələrində Azərbaycandakı daxili çəkişmələrdən istifadə edərək Azərbaycanın qala qapısından Kəlbəcərə Ağdərə, Laçın və Ermənistan istiqamətlərindən genişmiqyaslı hərbi hücumlara başladılar. Martın 27-dən - aprelin 2-dək 50 min nəfərdən çox əhalisi və 1936 kvadratkilometr ərazisi olan Kəlbəcər rayonunu, o cümlədən 10 min nəfərə yaxın əhalisi olan Kəlbəcər şəhərini, dünya şöhrətli İstisu kurortunu, 130 kəndi işğal etdilər.
Ümummiyyətlə, erməni təcavücü nəticəsində ilkin hesabalamalara görə, rayona o vaxtkı qiymətlərlə 761 milyon ABŞ dolları və ya hazırkı qiymətlərlə 2 milyard 280 milyon manat dəyərində maddi ziyan dəymişdir. Kəlbəcərin işğalı zamanı 220 mülki vətəndaş qətlə yetirilmiş, 125 nəfər itkin düşmüş və ya girov götürülmüş, ümumiyyətlə, rayon üzrə 511 nəfər vətəndaş şəhid olmuşdur. Bunların 265 nəfəri hərbçilər, 246 nəfəri mülki vətəndaşlardır. İtkin düşmüş mülki vətəndaşlardan 6 nəfəri azyaşlı uşaqdır. Neçə-neçə qız-gəlinlərimiz düşmən əlinə keçməmək üçün özlərini qayadan atmış, çayda boğularaq intihar etmişlər. Burada düşmənin əlinə keçməmək üçün özünü Qamışlı körpüsündən axar çaya atmış Milli kənd sakini, namus, qeyrət mücəssəməsinə çevirilmiş Camalova Zərnişan Kazım qızının əziz xatirəsi yada düşür. Başlıbel kənd sakini Əmiralıyev Çingiz Məhəmməd oğlu bacısı Aygünün ermənilərin əlinə keçməməsi üçün onu özü güllələmişdir. Kəlbəcər oğullarının və qızlarının mətinliyinə aid çox misallar çəkmək mümkündür və onların hamısı bizim üçün əzizdir.
İstər 1992-1993-cü illərdə, istərsə də 1993-cü ilin sonu 1994-cü ilin əvvələrində Kəlbəcər uğrunda gedən döyüşlərdə hərbçilərimiz son nəfəslərinə qədər mənfur düşmənlə döyüşərək şəhid oldular. Neçə-neçə həmyerlimiz 1992-ci ildə Vəng, Narınclar, Yanşaq, Bağlıpəyə, Kəlbəcər döyüşlərində: 1994-cü ilin əvvələrində isə Qanlıkənd, Çəpli, Murovdağ döyüşlərində qəhrəmanlıqla vuruşaraq Vətən və millət yolunda canlarını qurban verdilər.
Hərbçi şəhidlərdən 3 nəfəri ölümündən sonra respublika Prezidentinin fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüş, 7 nəfərinə isə "İgidliyə görə" medalı verilmişdir.
Kəlbəcər aprelin 2-də süqut etdi. Əhalisi qarlı-çovğunlu hava şəraitində piyada Murovdağ yolu ilə aran rayonlarına axışdı. Murov yolu-xilas yolu kimi tarixə düşdü. Bu yolun çəkilişində böyük zəhməti olmuş bütün insanlara, xüsusən Kəlbəcərdə uzun illər rayon XDS İcraiyyə Komitəsinin sədri işləmiş və Murov yolunun çəkilməsində xususi xidmətləri olan el ağsaqqalı Qəmbər Qurbanova, Təhməz Cəfərova, həmin vaxt yol idarələrinin rəhbərləri olmuş Vidadi Məhərrəmova, Nizami Çıraqova, Şəmsi Kərimova və bütün yol işçilərinə minnətdarıq.
Ümummilli liderimiz Heydər Əliyev Kəlbəcər faciəsi haqqında danışarkən demişdir: "Bu faciəni heç vaxt unutmaq olmaz, faciə bizə nə qədər qəm-qüssə, kədər gətirsə də, onu daim yaşatmaq lazımdır ki, bu faciələrdən hərə özü üçün ibrət götürsün. Yaşatmaq lazımdır ki, dünya xalqları bilsin - Azərbaycannın başına nə kimi bəlalar gəlibdir və erməni qəsbkarları nə qədər vəhşidirlər ki, Azərbaycan xalqının başına bu cür bəlalar gətiriblər. Ona görə bunu yaşatmaq lazımdır, unutmaq olmaz, nəsillərdən-nəsilərə ötürmək lazımdır".
Kəlbəcər təbiətin zümrüd tacı, söz-sənət diyarı, gözəlliklər məskəni idi. Hazırda düşmən əlində olan Yer üzündə analoqu olmayan şəfa qaynağı İstisu, Narzan bulaqları, zəngin təbii sərvətlər, o cümlədən qızıl, civə, molibden, mərmər, travertin, uran, dəmir və digər mineral yataqlar, qalın meşələr, zəngin bitki ortüyü, regionun əvəzsiz flora və faunası düşmən tərəfindən talan olunur, xarici bazarlarda dəyər-dəyməzinə satılır.
Əgər o zaman xalqı bir yumruq kimi birləşdirib düşmən önünə çıxarmaq mümkün olsaydı, bu itkinlərin heç biri olmayacaqdı. 136 kilometr Ermənistanla, 96 kilometr Dağlıq Qarabağla sərhəd olan Kəlbəcərin hərbi-strateji əhəmiyyəti nəzərə alınsaydı, bəlkə Qarabağ itkisi də olmazdı.
Heç şübhəsiz ki, ulu öndərimiz, dahı siyasətçi Heydər Əliyev hakimiyyət başında olsaydı, faciələrin heç biri olmayacaqdı. Yalnız 1993-cü ildə ulu öndərin hakimiyyətə qaydışından sonra onun polad iradəsi nəticəsində Azəbaycan parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu. Ölkədə dövlətçilik, əmin-amanlıq bərqərar edildi.
İndi Dağlıq Qarabağın, o cümlədən işğal olunmuş Kəlbəcərin qaytarılması Azərbaycanın dövlət siyasətində prioritet məsələdir.
Hazırda kəlbəcərli məcburi köçkünlər respublikanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində müvvəqqəti məskulaşmışdır. Onların yeganə arzusu doğma torpaqlaına, el-obalarına qayıtmaqdır. Mənfur erməni təcavüzü nəticəsində övladlarını, yaxınlarını və hətta adi insani haqlarını itirmiş rayonun 68 minədək məcburi köçkün əhalisi bir nəfər kimi BMT-nin Təhlükəsizlik Şurasından, BMT-nin İnsan Hüquqlarının Müdafiəsi Təşkilatından və Avropa Şurasının Hüquq və İnsan Haqları Komitəsindən tələb edirlər ki, Kəlbəcərin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 30 aprel 2003-ci il 822 saylı, Azərbaycanın digər bölgələrinin işğalı ilə əlaqədar 853, 874 və 884 saylı qətnamələrinin təcavüzkar və işğalçı Ermənistan Respublikası tərəfindən qeyd-şərtsiz yerinə yetirilməsi, işğal etdiyi torpaqlardan geri çəkilməsi təmin edilsin, silah gücünə didərgin salınmış bütün məcburi köçkünlərin öz el-obasına qaytarılmasına kömək göstərilsin.
Biz ümid edirik ki, haqq səsimiz beynəlxalq təşkilatlarda eşidiləcək, təcavüzkar, qəsbkar və terrorçu Ermənistan geri oturdulacaq, azərbaycanlılara qarşı hərbi cinayət törətmiş cinayətkarlar öz layiqli cəzalarına çatdırılacaqlar.
Nə işğaldan əvvəlki 5 illik müharibə şəraiti, nə də ki 17 illik ağır məcburi köçkünlük həyatı rayonumuzun əhalisini sarsıda, əyə bilməmişdir. Biz bütün məhrumiyyətlərə, çətinliklərlə dözərək, tab gətirərək öz el-obamıza qayıtmaq ümidi ilə yaşayıb, işləyirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 iyun 2004-cü il tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar görülən çoxsaylı tədbirlər, çadır şəhərciklərinin, fin qəsəbələrin ləğvi ilə bağlı aparılan titanik işlər, məcburi köçkünlərə göstərilən hərtərəfli dövlət qayğısı bizim qurub-yaratmaq əzmimizi daha da gücləndirir, gələcəyə olan inamımızı artırır.
Xalqımızın və dövlətimizin səbri tükənməkdədir. Sülh danışıqları davam edir, ancaq cənab Prezidentimizin təbirincə desək, Ermənistanın qeyri-konstruktiv hərəkətləri ilə sülh danışıqları nəticəsiz qalmışdır. Biz sülh tərəfdarıyıq, qanlı müharibə istəmirik. Danışıqların nəticəsi olmasa, onda Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı ilə hamımız silaha sarılıb öz torpaqlarımızı Ermənistanın işğalçı qüvvələrindən silah gücünə təmizləməli olacağıq. Biz əminik ki, doğma torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyildir. Bu yerdə ulu öndərimiz Heydər Əliyevin bir kəlamını yada salmaq istərdim : Kəlbəcər öz gözəl keçmiş dövrünə qayıdacaq, gələcəkdə ondan da gözəl olacaqdır.

{nl}

Novruz ÇIRAQOV, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında