Goranboy: taxıl zəmiləri bol məhsuldan xəbər verir

Goranboy rayonunun qəribə coğrafi şəraiti var: Bir tərəfi arana - Yevlaxa, bir tərəfi isə başı qarlı dağlara - Murova söykənir. Bu, əlbəttə, kənd təsərrüfatı işlərinin təşkilində müəyyən problemlər yaratsa da, hər halda, yayda dincəlməyə yaylağı, qışda isə üz tutmağa qışlağı var. Elə ona görədir ki, düzən və dağlıq ərazidə taxıl və başqa bitkiçilik məhsulları yığımı müxtəlif vaxtlarda başlanır.
Ancaq bu il nisbətən fərqlidir. Daha dəqiq desək, taxıl biçini rayonda, demək olar ki, bütün kəndlərdə eyni zamanda başlanmışdır. Goranboy Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Rauf Teyyubov taxıl biçini ilə bağlı sualımıza belə cavab verdi:
- Bu il havalar kənd təsərrüfatı üçün çox əlverişli keçir. Səpindən tutmuş biçinə qədər heç bir ciddi çətinliyimiz olmayıb. Bu isə tələb olunan bütün aqrotexniki tədbirlərə vaxtında əməl etməyə imkan verdi. Biçinə də vaxtında və mütəşəkkil qaydada başlamışıq.
Öyrəndik ki, artıq arpa biçini başa çatmaq üzrədir. İndiyə kimi 27 min tondan çox məhsul yığılmışdır. Bu isə ötən illə müqayisədə xeyli çoxdur. Buğda sahələrində də bol məhsul yetişdirilmişdir. İlkin nəticələr göstərir ki, rayon üzrə ümumi məhsuldarlıq 31 sentnerdən yuxarıdır.
Məlumdur ki, biçinin tez və itkisiz başa çatdırılması istifadə olunan texnikanın mövsümə vaxtında və keyfiyyətlə hazırlanmasından çox asılıdır. "Aqroservis"in rayon filialının rəisi Ağa Nağıyev bu barədə danışarkən dedi:
- Biçinə 100-dən artıq taxılyığan kombayn cəlb olunmuşdur. Bunun da 41-i "Aqroservis"in rayon təşkilatına məxsusdur. Bundan başqa, 200 özüboşaldan avtomobil və yedəkli traktordan istifadə olunur.
Goranboy rayonu sudan korluq çəkən bölgələrdən biridir. Ona görə də burada təsərrüfat suyundan qənaətlə istifadə etməyə, su itkisinə yol verməməyə çalışırlar. Rayonun su mənbələri Suvarma Sistemləri İdarəsinin balansında olan Kürəkçay, Qara - Gorançay, İncəçay çayları və sol sahil Tərtər kanalıdır. Bundan başqa, 762 subartezian qusuyu və mənbəyni Yuxarı Qarabağ kanalından götürən 4 nasos stansiyası kənd əməkçilərinə, fermerlərə və sahibkarlara xidmət göstərir.
Taxıl biçinini nəzərdə tutulmuş müddətdə və itkisiz başa vurmaq üçün rayon icra hakimiyyətində xüsusi qərargah yaradılmışdır. Burada gün ərzində görülmüş işlər yekunlaşdırılır, ortaya çıxan çətinlikləri qısa müddətdə aradan qaldırmaq üçün konkret tədbirlər görülür.
Yazı çapa gedərkən biz rayon qərargahı ilə əlaqə saxladıq, biçinin gedişi, əldə olunmuş nəticələrlə maraqlandıq. Aldığımız son məlumata görə, rayonda kənd təsərrüfatı işlərinin gedişində, o cümlədən taxıl biçinində heç bir çətinlik yoxdur. Rayonun qabaqcıl fermerlərindən Zaur Musayevin, Rauf Məmmədovun və Niyaz Məmmədovun, Ziya Şükürovun əldə etdikləri nəticələr daha yüksəkdir.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında