Şriftin ölçüsü:
26.06.2012 02:58 | Oxunma sayı: 475
Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilmiş, onlardan ümumilikdə 25 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşı Ruslan Arif oğlu Orucov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Rəsul adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə gətirmişlər. Müəyyən edilmişdir ki, cari ilin mayında Ruslan Orucov İran İslam Respublikasının Germi şəhərinə getmiş, orada tanışı Rəsul adlı iranlı ilə görüşmüş və ona üç min ABŞ dolları ödəyərək iki kiloqram tiryək sifariş vermişdir. Rəsul həmin narkotik vasitəni İrandan qaçaq yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə keçirmiş və gizlədərək bu barədə Ruslan Orucova məlumat vermişdir. Ruslan Orucov da həmin narkotik vasitəni əvvəlcədən müəyyən edilmiş gizli yerdən götürərək Bakı şəhərinə gətirərkən saxlanılmış, baxış nəticəsində ondan 1 kiloqram 750 qram tiryək aşkarlanmışdır.
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları Cavid Əliməmməd oğlu Kazımov və Şahbaz Əvəzağa oğlu Həmidov saxlanılmışlar.
Müəyyən edilmişdir ki, Cavid Kazımov, Şahbaz Həmidov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Abuzər adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə gətirmişlər. Qrupun üzvləri həmin narkotik vasitəni Lənkəran şəhəri istiqamətində gizli daşıyarkən yaxalanmış, keçirilmiş baxış zamanı onlardan 14 kiloqram 859 qram tiryək aşkar edilərək götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları Babək Abasxan oğlu İsayev, onun qardaşı Kənan Abasxan oğlu İsayev və Aris Əjdər oğlu Səfərov yaxalanmışlar.
Məlum olmuşdur ki, Babək və Kənan İsayevlər, eləcə də Aris Səfərov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Məhərrəm adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Yardımlı rayonunun Arvana kəndinin ərazisinə gətirmişlər. Qrupun üzvü Babək İsayev əvvəlcədən əldə edilmiş razılığa əsasən qardaşı Kənan İsayevdə saxlanılan həmin narkotik vasitənin bir hissəsini Bakı şəhərinə daşıyarkən Salyan rayonu ərazisində yaxalanmış, baxış zamanı ona məxsus idman çantasından 6 kiloqram 765,9 qram tiryək aşkar edilərək götürülmüşdür. Eyni vaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan İsayev Yardımlı rayonunda, Aris Səfərov isə Şirvan şəhərində saxlanılmışlar. Aris Səfərovun yaşadığı evə keçirilmiş baxış nəticəsində 1 kiloqramdan artıq tiryək aşkar edilərək götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində uzun müddət hüquq-mühafizə orqanlarından yayınmağa müvəffəq olan Azərbaycan Respublikasının vətəndaşı Fikrət Rəsul oğlu Quliyev Bakı şəhərində saxlanılmış, keçirilmiş baxış nəticəsində onun üzərindən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülmüşdür.
İyunun 22-də keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları İrmak Məhəmməd oğlu Əliyev və Fizzə Məhərrəm qızı Ələsgərova saxlanılmışlar. Baxış nəticəsində onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülmüşdür.
Müəyyən edilmişdir ki, İrmak Əliyev, Fizzə Ələsgərova və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Fuad adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətirmişlər.
Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır.
Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri davam edir.
AzərTAc
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.