- Neçə ildir ki, məzuniyyətə çıxmırsınız?
Sual bir nəfərə - Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Namiq Əhmədova verilmişdir. Ancaq iclas zalında oturanların hamısı eyni anda bu suala cavab axtarırdılar:
- Üç il olar...
- Niyə? Axı, mən eşitmişəm ki, sizin səhhətinizdə müəyyən problemlər var. Belə olan halda mane olan nədir? Bəlkə, evdən bir problem var?
- Xeyr, heç bir problem yoxdur. Sadəcə olaraq, başladığımız işləri yarımçıq qoymaq istəmirəm.
Namiq müəllim sözünə ara verdi. Sonra da bir qədər sakit tərzdə, təbəssümlə:
- Bir də ki, sizin özünüz də məzuniyyətdəsiniz - dedi, - ancaq hər gün işdəsiniz...
İclas zalında bayaqkı sorğu-sualla bağlı yaranan gərginlik səngidi. Hamının çöhrəsinə xoş bir təbəssüm yayıldı.
İcra başçısı, deyəsən, belə cavab gözləmirdi. Ancaq fikrindən də dönmədi.
- Mən heç olmasa 5-10 gün dincəlmişəm. Axı, siz 3 ildir ki, məzuniyyətə çıxmırsınız. Keçən dəfə də bu barədə sizə demişəm. Elə başqa yoldaşlar da qoy özləri üçün nəticə çıxartsınlar. İş də lazımdır, dincəlmək də, müalicə də.
Bəlkə də, ilk dəfə idi ki, idarə, müəssisə və təşkilat rəhbərləri əsasən hesabat, sorğu-sual, tənqid və giley eşitdikləri bu zaldan qayğı və diqqət görür, xoş söz eşidirdilər.
Bərdədən hazırladığımız növbəti yazını rayon icra hakimiyyətində şahidi olduğumuz bu epizodla başlamağımız heç də təsadüfü deyil. Mövzu, necə deyərlər, özü bizi tapmışdı. İstər-istəməz başqa bir epizodu - neçə ay bundan qabaq ixtiyar yaşlı Xalıqverdi kişi ilə olan görüşümüzü xatırladım. Xalıqverdi Əmirov rayonun Mirasəfli kəndində yaşayır. Onunla Novruz bayramı ərəfəsində görüşmüşdük. Həyacanlı idi, hiss olunurdu ki, ürəyi doludur. Üzünü rayon icra hakimiyyətinin nümayəndələrinə tutub dedi:
- Söhbət bir dəstə güldən, ya hansısa maddi yardımdan getmir.
Yaşı 80-ni keçmiş Xalıqverdi kişi ağır-ağır danışırdı. Elə bil ki, təkcə sözləri ilə yox, bütün qəlbi ilə minnətdarlıq edirdi:
- Mən həyatda çox şey görmüşəm, enişli-yoxuşlu yollarım çox olub, kasıbçılıq da görmüşəm, vəzifə də, var-dövlət də. Demək istəyirəm ki, insanların, xüsusilə, biz yaşlıların diqqətə, qayğıya daha çox ehtiyacı var. Axı, insanı yaşadan təkcə çörək, su, hava deyil. Bu əziz gündə məni yada salmaqla, qapımı açmaqla ömrümü bir neçə il uzatdınız.
Belə təsirli, insana diqqət və qayğıdan xəbər verən epizodların sayını artıra da bilərik. Söhbət onda deyil. Məsələ ondadır ki, son vaxtlar insan amili, onun vacib sosial ehtiyaclarının vaxtında yerinə yetirilməsi, qayğıkeş və həssas münasibət Bərdə Rayon İcra Hakimiyyətinin, onun yerli strukturlarının iş üslub və metodlarında, təşkilat-idarəetmə məsələlərində əsas və həlledici amilə çevrilmişdir. Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevə sualımız da elə bu barədə oldu:
- Tez-tez belə sözlər eşidirik: "İnsan yer üzünün əşrəfidir"; "Hər şey insan üçün". Bu sözlərdə böyük həqiqət var. Ancaq təəssüf ki, çox zaman bu məlum həqiqəti unuduruq. Özünüz təsəvvür edin: taxıl əkirik, bağ-bostan məhsulları yetişdiririk, parklar, xiyabanlar yaradırıq, evlər tikirik, yollar, körpülər salırıq. Kimlər üçün? Əlbəttə, insanlar üçün, onların rahat və xoşbəxt yaşamaları üçün. Ona görə hər bir rəhbər işçinin əsas vəzifəsi insan amili olmalıdır. Onların yaxşı yaşamaları və işləmələri üçün gözəl şərait yaradılmalı, diqqət və həssaslıq daim ön planda olmalıdır. Unutmaq olmaz ki, yalnız xoş bir sözlə, ilıq bir təbəssümlə, insani münasibətlə dağı dağ üstə qoymaq olar. Yersiz sərtlik, heç bir əxlaq normasına uyğun olmayan ifrat tələbkarlıq, süni hay-küy, amirlik dövrü çoxdan keçib.
- Bizcə, burada qayğı və tələbkarlığı hər hansı sahədə möhkəm icra intizamı, işə məsuliyyətli münasibətlə qarışdırmaq olmaz.
- Elədir. Əslində, bunlar ayrı-ayrı məsələlərdir və daha çox insan mənəviyyatı, onun qəlb aləmi, zənginliyi ilə bağlıdır. Qayğı və diqqət insanı ruhlandırır, onu daha yaxşı işləməyə sövq edir. Mən burada sizə çoxlu konkret misallar göstərə bilərəm. Əlbəttə, belə hallarla da rastlaşırıq ki, göstərilən xoş və həssas münasibətdən sui-istifadə edirlər. Bayaq dediyiniz məsuliyyətsizlik halları, hər hansı sahədə intizamın pozulması məhz bu zaman baş verir.
- Söhbət kadrlardan, onların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə olunmasından gedir. Axı həmişə belə deyirik: kadrlar hər şeyi həll edir. Siz təbiətən çevik, operativ, təşəbbüskar bir insansınız, sizi kabinetdə tapmaq, demək olar ki, mümkün deyil. İş vaxtının nə vaxt başlayıb, nə vaxt qutardığını müəyyənləşdirmək çətindir. Həmişə adamlar arasında, iş üstündəsiniz. Demək istəyirəm ki, belə yüksək tələblərə cavab verən kadrlar tapmaq, mobil bir komanda yaratmaq çətin olmadı ki?
- Əlbəttə, kadrlarla aparılan iş fəaliyyətimizin əsas istiqamətini təşkil edir. O da həqiqətdir ki, hazırlıqlı, təşəbbüskar, mənəvi cəhətdən təmiz kadr, necə deyərlər, birdən-birə yetişmir. Bunun üçün, ilk növbədə, müəyyən zaman, müvafiq ixtisas təhsili, savad və təcrübə lazımdır. Onu da əlavə edim ki, Bərdədə bu sahədə ardıcıl və sistemli iş qurulmuşdur. Bizdə iş və mənəvi keyfiyyətləri ilə fərqlənən kadrlar çoxdur. Əsas cəhət belələrini vaxtında görmək, qiymətləndirmək və etimad göstərməkdir.
Sözsüz ki, indi zaman başqadır və kadrlara verilən tələblər də başqadır. Təşəbbüskarlıq, daimi axtarış meyli, adamları inandırmaq, onları öz ardınca apara bilmək qabiliyyəti - kadrlardan tələb olunan, bax, bunlardır. Daha bir vacib cəhət. Biz kadrları irəli çəkərkən onların ölkəmizə, millətimizə sevgisi, ulu öndər Heydər Əliyevin ölməz və həmişəyaşar ideyalarına, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, qətiyyətli daxili və xarici siyasət xəttinə sonsuz sədaqətini həlledici amil kimi qəbul edirik.
Bu gün tam qətiyyətlə demək olar ki, Bərdədə çevik, yüksək peşəkarlığa malik bir komanda formalaşıb. Son vaxtlar bütün sahələrdə əldə edilmiş əsaslı inkişaf və irəliləyiş, gündən-günə vüsət alan tikinti-abadlıq və quruculuq işləri bir daha sübut edir ki, bu komanda ilə daha böyük uğurlar qazanmaq mümkündür.
- Həyat bir yerdə durub-dayanmır. Qarşıya, demək olar ki, hər gün yeni-yeni problemlər, həllivacib məsələlər çıxır. Təşkilat-idarəetmə məsələlərini, iş üslub və metodlarını daim təkmilləşdirmək, yeni maraqlı, müasir formalar tapmaq və onları əməli işdə tətbiq etmək tələb olunur. Rayon icra hakimiyyətinin başçısı kimi, sizcə, burada həlledici məqam, aparıcı amil nədir?
- Əvvəlcədən onu deyim ki, həyatımızın başqa sahələrində olduğu kimi, burada da bütün zamanlar üçün hamımıza canlı nümunə, parlaq örnək, əsl məktəb var. Bu, Heydər Əliyev məktəbi, Heydər Əliyev nümunəsi, Heydər Əliyev şəxsiyyətidir. Olduqca fərəhlidir ki, həmin zəngin ənənə bu gün daha böyük uğurla davam etməkdədir. Respublika Prezidenti İlham Əliyevin müdrik, qətiyyətli daxili və xarici siyasət xətti, böyük dövlət və siyasət adamlarını heyran qoyan geniş dünyagörüşü, dərin zəkası, regionlara müntəzəm xarakter alan səfərləri, adamlara gündəlik diqqət və qayğısı, sözün həqiqi mənasında, bizim üçün həyat dərsləridir. Biz bu zəngin və tükənməz xəzinədən mümkün qədər çox şey öyrənməliyik.
- Rayon icra hakimiyyətinin başçısı kimi, ötən il və bu ilin beş ayı ərzində yerlərdə 55 səyyar qəbul keçirmisiniz. Sizcə, məsələnin bu cür həlli, daha doğrusu, daim adamlar arasında olmaq, onların həyat şəraiti, gün-güzəranı, çətinlik və problemləri ilə hər hansı arayış və telefon zəngi ilə deyil, bilavasitə yerlərdə, şəxsən tanış olmaq, konkret olaraq, sizə nə verir?
- Bayaq adamlara göstərilən diqqət və qayğıdan danışdıq. Bu elə həmin qayğının bir nümunəsi deyilmi? Səyyar qəbullar, yerlərdə keçirilən görüş və söhbətlər hər hansı sahədə vəziyyəti olduğu kimi, tam obyektiv surətdə öyrənməyin, düzgün qərar qəbul etməyin, adamlara konkret diqqət və qayğının ən düzgün yoludur. Rəsmi statistikaya baxaq: ötən ilin eyni dövrü ilə müqayisədə yuxarı respublika təşkilatlarına, o cümlədən, rayon icra hakimiyyətinə daxil olan ərizə, şikayət və məktubların sayı xeyli azalmışdır. Daha maraqlı bir fakt: daxil olan məktubların, demək olar ki, yarısı son vaxtlar rayonda həyata keçirilən geniş tikinti, abadlıq və quruculuqla, əldə olunmuş inkişaf və irəliləyişlə bağlı sakinlərin təşəkkür və ürək sözlərindən ibarətdir.
Rayon icra hakimiyyəti başçısının kabinetində başlanan söhbəti şəhərin müxtəlif küçə və prospektlərində, park və xiyabanlarında, ayrı-ayrı kəndlərdə aparılan geniş tikinti, abadlıq, quruculuq işləri ilə tanış olarkən davam etdirdik. Bu, olduqca maraqlı idi. Ona görə ki, icra başçısının bayaq dedikləri gördüklərimizlə, şahidi olduqlarımızla öz əyani təsdiqini tapırdı. Ötən illərin sürətli dinamikası, rəsmi statistikası, fakt və rəqəmləri isə çox şeydən xəbər verirdi.
Əvvəlcədən onu deyək ki, təkcə ötən il 186,8 milyon manat dəyərində ümumi məhsul, 7,5 milyon manat dəyərində sənaye, 97,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 24,8 milyon manat dəyərində tikinti-quraşdırma işləri görülmüşdür. 2010-cu ilə nisbətən ümumi məhsul buraxılışının həcmi 11,9 faiz, sənaye məhsulunun həcmi 7,2 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 5,2 faiz, tikinti-quraşdırma işləri 32,6 faiz artmışdır. Belə bir fakt xüsusilə razılıq doğurur ki, hazırda rayonda istehsal olunan ümumi məhsulun 97,4 faizi qeyri-dövlət sektorunun payına düşür.
Şəhərin girəcəyində sahəsi 7 hektar olan ərazidə Bayraq meydanı inşa edilmiş, Azərbaycan Respublikasının bayrağı ucaldılmışdır. 6,5 hektar ərazidə "Qəhrəmanlar" parkı salınmış, Ana abidəsi ucaldılmış, qiymətli ağac və gül kolları əkilmişdir. Hazırda Heydər Əliyev prospektində sahəsi 9,6 hektar olan ərazidə rayonun mərkəzi meydanı tikilir.
Bunlarla yanaşı, şəhərin ərazisindən keçən mağistral avtomobil yolları boyunca abadlıq işləri aparılmışdır. Heydər Əliyev prospekti Yevlax şəhəri və Ağdam rayonu istiqamətində 4 kilometrdən çox, H.Aslanov küçəsi, Tərtər rayonu istiqamətində 1 kilometrdən çox uzadılmışdır. Heydər Əliyev prospektiindən Gərənə, Alpout, Divanlı, Şorəlli, Qaradəmirçi kəndlərinə ayrılan baş yolların giriş hissəsi yenidən qurulmuşdur. Küçələrə gecə işaqlandırılması verilmiş, piyada yolları tikilmiş, şəhərdən kənar yolların kənarlarına istinad divarları çəkilmişdir. Yenidən qurulan bütün küçələrdə mühəndis-kommunikasiya xətləri qaydaya salınmış və gecə işıqlandırması verilmişdir.
Aparılan tikinti, abadlıq və quruculuq işlərinə 1,9 milyon mişar daşı, 3500 ton sement, 25 min kubmetr qum, 12,5 min ton asfalt, 17,9 tondan çox yağlı boya, 1,4 min kubmetr çınqıl, 66 min kubmetr torpaq və s. işlənmişdir.
Qəsəbə və kəndlərdə də abadlıq işləri geniş vüsət almışdır. Məsələn, 7 kəndin giriş qapısı yenidən qurulmuş, 11,6 kilometr kəndlərarası, 149,4 kilometr kənddaxili yollar təmir edilmişdir. 10 kəndə içməli su xətti çəkilmiş, 39 bulaq tikilmiş, 137 həyətə su çəkilmişdir. Kəndlərin küçə və meydanlarında, yol kənarlarında 11600 ədəd ağac əkilmişdir.
Təkcə ötən il Baytarlıq və Qeydiyyat Miqrasiya xidmətinin inzibati binaları, 2 orta məktəb, Qarabağ müharibəsi əlilləri üçün 17 fərdi yaşayış evi, 14 mənzilli kommunal bina, gündəlik gücü 15 ton olan soyuduculu ətkəsmə müəssisəsi tikilmişdir. Elektrik şəbəkəsinin, Statistika və Mərkəzi poçtamatın inzibati binaları, 1 saylı orta məktəb, 6 saylı uşaq bağçası əsaslı təmir edilmişdir. Gündəlik gücü 30 ton olan çörək zavodu, 528 başlıq broyler fabriki yenidən qurulmuşdur. Hazırda Baytarlıq və Maliyyə idarələrinin inzibati binaları, Vergilər İdarəsinin terminalı, Soğanverdilər və Zümürxan kəndlərində yeni məktəblər, uşaq incəsənət məktəbi tikilir.
Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə 24 min nəfərdən çox əhali yaşayan 14 kəndi birləşdirən, uzunluğu 22 kilometr olan Alpoud-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolu müasir standartlar səviyyəsində tikilmişdir. Yol boyu bütün mühəndis-kommunikasiya xətləri yenidən qurulmuşdur. Ərazidə abadlıq işləri aparılmış, yolun keçdiyi kəndlərin siması gözəlləşdirilmişdir. Yol nişanları və avtobus dayanacaqları qurulmuş, ərazidə yaşıllıq zolaqları salınmışdır.
Cari ilin məhsulu üçün 12793 hektar sahədə yazlıq bitkilər, o cümlədən 2158 hektarda pambıq, 384 hektarda günəbaxan, 135 hektarda qarğıdalı, 2905 hektarda tərəvəz, 2415 hektarda bostan bitkiləri və s. əkilmişdir. Bu isə əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Hazırda taxıl biçininin, yem tədarükünün qızgın çağıdır. İşlərin gedişi göstərir ki, ümumi məhsul istehsalı nəzərdə tutulduğundan çox olacaqdır. Hazırda rayonda iri mal 83600 başa, qoyun, keçilər isə 132300 başa çatdırılmışdır. 13900 ton diri çəkidə ət, 50000 ton süd, 25,1 milyon ədəd yumurta, 400 ton yun istehsal edilmişdir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
Əhalinin vacib sosial ehtiyaclarının vaxtında yerinə yetirilməsi, o cümlədən əhalinin və iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində ciddi dönüş yaranmış, əsaslı tədbirlər işlənib həyata keçirilmişdir. 869 ədəd yararsız dayaqlar yenisi ilə əvəz edilmiş, 16,6 kilometr naqillər SİP kabellə əvəz edilmişdir. 1479 ədəd "Smart" tipli sayğac quraşdırılmış, 1226 transformatorlar təmir edilmişdir. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində elektrik enerjisi ilə təchizatın fasiləsizliyinə, sərfiyyatın aşağı salınmasına, istehlak haqqının ödənilməsi səviyyəsinin yüksəlməsinə nail olunmuşdur. Təbii qazla təminatı sahəsində də məqsədyönlü işlər görülmüşdür. 140,8 kilometr müxtəlif diametrli qaz xətləri çəkilmiş, şəhərdə 326, kəndlərdə 2394 mənzilə təbii qaz verilmişdir. İndiyə kimi 14 kənd qazlaşdırılmış, şəhərdə qazlaşdırma 99,4 faizə çatdırılmışdır.
Kətəlparaq və Qaradəmirçi kəndləri ərazisində yeni inşa edilən qazpaylayıcı stansiyalar rayonun daha 68 kəndinin qazlaşdırılmasına imkan verəcəkdir.
Hacallı və Şahvəlilər kəndlərinin hər birində 220 yerlik tam orta məktəblər tikilmiş, 6 saylı uşaq bağçası əsaslı təmir edilmişdir. Bərdə şəhər 1 saylı orta məktəbində əsaslı, Saatlı, Qarağacı, Mollagüllər, Şorəlli, Qaradəmirçi, Məmmədli, 1 saylı Nazırlı, Alpoud, Muğanlı, Lənbəran, Hacılar və Qaratəpə kənd orta məktəblərində cari təmir işləri aparılmışdır. 220 şagird yerlik Mirzalıbəyli və 180 yerlik Qurdlar kənd tam orta məktəblərinin tikintisinə başlanılmışdır. Rayon Təhsil Şöbəsinin inzibati binasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış, ümumtəhsil məktəblərinin həyətlərində 5 min ədəddən çox ağac əkilmişdir. Məzunlardan 300 nəfər ali məktəblərə qəbul olunmuş, 58 nəfər 500-600-dən yuxarı bal toplamışdır.
Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 117 otaqdan ibarət 2 korpus əsaslı təmir edilmişdir. Mərkəzi xəstəxananın yerləşdiyi 7 hektar ərazidə abadlıq işləri aparılmış, səkilər salınmış, yollar asfaltlaşdırılmışdır. 40 ton su tutumu olan hovuz tikilmiş, 2,5 mindən çox ağac və gül əkilmişdir.
İqtisadi-sosial və mədəni həyatın müxtəlif sahələrindən gətirdiyimiz fakt, rəqəm və göstəricilərdən də aydın surətdə görmək olar ki, Bərdə işıqlı yol üstədir. Bəli, bu gün Bərdə öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Burada sakit, rahat həyat, yaradıcı ab-hava, sağlam mənəvi-psixoloji mühit, sabaha dərin inam və ümid var. Bərdəlilər hər ay, hər gün, az qala, hər saat dəyişən, gözəlləşən, abadlaşan doğma şəhərləri ilə haqlı olaraq fəxr edir, gündəlik diqqət və qayğıya görə Prezident İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirirlər.
{nl}
Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.