Vatikanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş imzalanmışdır

Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir
İyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" imzalanmışdır. İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravazi bu səfərinə və Roma katakombalarının bərpası ilə bağlı layihənin reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.
Bugünkü görüşün səbirsizliklə gözlənildiyini deyən kardinal onun xüsusi əhəmiyyətini qeyd etdi. Kardinal Ravazi vurğuladı ki, bu gün imzalanacaq sənəd dinlər və mədəniyyətlərarası dialoqun parlaq nümunəsidir və İtaliya mətbuatında geniş əks-səda doğurmuşdur.
Ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə toxunan kardinal dedi ki, bu günə qədər aramızda olan əməkdaşlıq onu göstərir ki, Azərbaycan açıq ölkədir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdən məmnunluq duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, 20 ili tamam olan diplomatik əlaqələrimiz gündən-günə inkişaf edir və Azərbaycan bu əməkdaşlığın genişlənməsində maraqlıdır. "Mən ümidvaram ki, biz diplomatik əlaqələrimizin 20-ci ildönümünü Vatikanda xüsusi mərasimlə qeyd edəcəyik və təşkil olunacaq böyük sərgi Azərbaycan mədəniyyətinin nümunələrini izləyənləri yenə də heyran qoyacaqdır", - deyən Azərbaycanın birinci xanımı bu tədbirin Heydər Əliyev Fondu və Vatikanın təşəbbüsü ilə reallaşacağını vurğuladı.
* * *
Sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpasına dair sazişin imzalanma mərasimi oldu.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi Covanni KARRU bu layihənin icrasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirərək dedi:
- Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası məqsədi ilə aparılacaq işlərə öz dəstəyini verəcək və həmçinin maliyyələşməni təmin edəcək, çox mərhəmətli iş aparacaq Heydər Əliyev Fondunun prezidenti, doktor Mehriban xanım Əliyevaya Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi kimi dərin təşəkkürümü bildirmək istəyirəm. Bu addım İtaliya ərazisində yerləşən xristian katakombalarının qorunması və onların dəyərinin təmin edilməsi ilə məşğul olan Şuramızın nümayəndələri tərəfindən çox böyük yardım rəmzi kimi qəbul olunur. Əslində Azərbaycan Respublikası tərəfindən atılan bu addım bizdə çox böyük iftixar hissi yaradan bir işdir. Şuramızın üzvləri bundan böyük şərəf hissi duyur. Hələ ki tam tədqiq edilməmiş və çox zəngin olan ən qədimi xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasının həyata keçirilməsi nəzərdə tutulur. Aparılacaq bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini artıracaqdır. Biz görülən işlər barədə Fondun nümayəndələrinə daim məlumat verəcəyik. Bizi çox məmnun edən və həddən artıq böyük təşəkkürümüzə layiq olan bu əla və mühüm təşəbbüsə görə Heydər Əliyev Fonduna və onun prezidenti doktor Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirmək istərdim. Çox sağ olun, xanım Əliyeva.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının səlahiyyətli nümayəndəsi Fabrisio BİSKONTİ də mərasimdə çıxış edərək dedi:
- Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və Lavikano küçəsində yerləşir. Öz məzarının və anası imperatriçə Yelenanın şərəfinə tikdirdiyi mavzoleyin yerləşdiyi bu katakomba imperator Konstantinin tolerantlığa verdiyi dəyərin göstəricisidir. Qeyd edim ki, saysız-hesabsız rəsm əsərləri də burada saxlanılır. Onların arasında 100-ə yaxın əsər var ki, bunların kiçik bir hissəsini məhz Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurası öz vəsaiti hesabına bərpa etmişdir.
Bu baxımdan hazırda Heydər Əliyev Fondunun bizə göstərdiyi yardım tərəfimizdən olduqca yüksək dəyərləndirilir. Biz bundan böyük şərəf hissi duyuruq. Buna görə mən Fondun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm ki, bu cür böyük xeyirxahlıq göstərib, bizim nüfuzlu arxeoloji abidəmizin bərpasına öz töhfəsini vermək qərarına gəlmişdir. Eyni zamanda, bildirmək istəyirəm ki, bərpa olunacaq əsərlər arasında Orfeyi əks etdirən şəkil də vardır. Bildiyiniz kimi, Orfey tarixdə xüsusi iz qoymuş bir şəxsiyyət olmuşdur. O, hətta müəyyən xəstəliklərdən əziyyət çəkən heyvanları öz hikməti ilə sağaldırdı. Hətta xristian aləminin Romada tam təşəkkül tapmasından öncə o, insanlar arasında həmin vaxtlar mövcud olan münasibətlərdən xəbər verən bir məqamdır, əslində bir dövrdür. O vaxt artıq açıq dini dialoqun mövcud olması müxtəlif mədəniyyətlər arasında sıx münasibətlərin təşəkkül tapdığı mühiti xarakterizə edir. Beləliklə, bu mühit məhz Fondun atdığı xeyirxah addım nəticəsində daha da möhkəmlənəcəkdir. Orfeyin çox ahəngdar melodiyası bizim hamımız üçün bir daha səslənəcəkdir. Orfey tarixi dövrlərdən başlayaraq insanlar arasında daha geniş, daha əhatəli dialoqun qurulmasına çalışırdı. Beləliklə, o, fikir və idraki ideyaların, inamın tarixini göz qabağında bir daha canlandırırdı. Bu da məhz Romada mövcud olan polietnik və çoxdinli mühiti lap ilkin vaxtlardan əks etdirirdi.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko RAVAZİ isə Heydər Əliyev Fondunun əməyi sayəsində baş tutacaq bu hadisəni müsəlman dünyasının xristian aləminə hədiyyəsi kimi xarakterizə edərək dedi:
- Mən burada professor Biskontinin çıxışını dəstəkləyirəm. Bir daha bildirmək istəyirəm ki, bu abidə bizim üçün çox böyük rəmzi əhəmiyyət daşıyır. Əslində bu rəmz, bu abidə hətta kardinal səviyyəsinə ucalmağımda əsas səbəb kimi mənim fəaliyyətimdə böyük rol oynamışdır. Mən bundan çox böyük məmnunluq hissi duyuram. Bu gün məhz Orfeyin abidəsinin iki mühüm cəhəti vardır. Bunun biri ondan ibarətdir ki, bizim aramızda mövcud olan əməkdaşlıq daha da genişlənir. Əslində digər tərəfdən bu abidə yunan, Roma və xristian mədəniyyətlərinin bir-birinə qovuşmasını özündə əks etdirir, onların arasında müxtəlif səslərin bir araya gətirilməsinə, ahəngdar vəhdətin yaradılmasına imkan verir.
Aparılacaq bu iş məhz Heydər Əliyev Fondunun yardımı sayəsində baş tutacaqdır. Bu addımın atılması xristian aləminin mühüm abidəsinə müsəlman dünyasının töhfəsidir. Əslində Roma şəhərində, ümumiyyətlə Romanın tarixində ilk hadisədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondu xristian aləminin incəsənəti, mənəvi dəyərləri, onun mədəniyyətinin daha da yaxşı şəkildə parlamasına öz töhfəsini verir. Digər tərəfdən isə bədii əhəmiyyət daşıyan əl işləri arasında bir vəhdət yaranır.
Azərbaycana səfərim zamanı mən böyük məmnunluq hissi ilə bu ölkənin gözəlliyini və orada olan abidələri gördüm. Beləliklə, bundan sonra azərbaycanlılar da Romaya səfər edərkən nəinki bu şəhərin gözəlliyini, həmçinin öz ölkələrinin dəstəyi ilə bərpa edilən mühüm bir abidəni görmək imkanına malik olacaqlar. Əlbəttə, ümidvarıq ki, bu abidə bərpa olunandan sonra onu ilk görəcək Azərbaycan vətəndaşı məhz Mehriban xanım Əliyeva olacaqdır. Eyni zamanda, bu münasibətlə keçiriləcək mərasimdə istərdik ki, Sizin həyat yoldaşınız, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev də iştirak etsin. Xanım Mehriban Əliyeva, Sizə təşəkkür edirəm.
* * *
Azərbaycanın birinci xanımı mərasimdə çıxış etdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında