Azərbaycan dövləti humanizm siyasətini davam etdirir

Son 17 ildə imzalanan 52 əfv fərmanı ilə 5500-ə yaxın məhkum azadlığa buraxılıb
Ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə respublika rəhbərliyinə qayıtdıqdan dərhal sonra ölkədə demokratik pinsiplərin inkişafına xüsusi önəm verildi. Ulu öndər tədricən Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu.
Müdrik şəxsiyyət insan hüquq və azadlıqlarının müdafiəsini prioritet vəzifə kimi qarşıya qoymuş və əfvetmə institutunun fəaliyyətini bərpa etməklə vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmış, cəzanın müvafiqliyi və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşmış, bu məqsədlə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, habelə ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olmuşdur. 1998-ci ildə həm Şərqdə, həm də MDB məkanında ilk dəfə olaraq ölüm hökmünün ləğv edilməsi ulu öndərin yüksək humanizmini xarakterizə edən amillərdən biridir. Ölüm hökmünün ləğvi ilə ulu öndər bir daha təsdiqlədi ki, Azərbaycanda insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.
Bununla yanaşı, ölkəmizin demokratik prinsiplərə sadiqliyi də beynəlxalq aləmdə öz təsdiqini tapdı. Çünki ölüm cəzasının ləğv edilməsi nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı şəkildə əksini tapmışdır. Bu cəzanın ləğvi, nüfuzlu qurumun insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür
İnkişaf etmiş demokratik ölkələrdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və siyasi lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarlara şans verərək bağışlamağı, islah etməyi bacarırdı. Ulu öndərin bilavasitə rəhbərliyi ilə 1996-2003-cü illərdə amnistiya haqqında 7 qanun imzalanmış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə, 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir. Bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımış, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etmişdir. 1995-ci ildən başlayaraq ölkədə əfv fərmanları və amnistiya aktları imzalanmışdır. İnsanlara böyük sevinc bəxş edən, onlara səmimi, ülvi hisslər aşılayan əfv və amnistiya aktlarının imzalanması xalqın ulu öndərə olan etimadını daha da artırmışdır. Heydər Əliyev hakimiyyətdə olduğu illərdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını daim diqqət mərkəzində saxlamışdır. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlar kimi dəyərləndirilir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm ənənələri bu gün də yüksək səviyyədə davam etdirilir. Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin humanizm prinsipləri, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb. İndi hər bir Azərbaycan vətəndaşına bir daha məlum oldu ki, Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. Artıq Azərbaycan humanizm prinsiplərinə sədaqətli olan demokratik ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb.
Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu qısa müddətdə tam sübuta yetirmiş dövlətimizin başçısı İlham Əliyev hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə deyildir. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.
İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir.
Dövlətimizin başçısının 22 iyun 2012-ci il tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mahiyyətini əks etdirən daha bir humanist addımdır. Bu sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 58 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, islah işləri cəzasına məhkum edilmiş iki nəfər və cərimə cəzasına məhkum edilmiş 6 nəfər azad edilmişlər. Onu da qeyd edək ki, möhtərəm Prezidentimiz ölkəyə rəhbərlik etdiyi vaxtdan humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirmiş, bayram günləri ərəfəsində əfv fərmanları imzalamaqla minlərlə ailəyə sevinc, xoş bayram ovqatı bəxş etmişdir. Ölkəmizdə əfv sərəncamlarının imzalanması artıq ənənə halını alıb.
Bütün bunlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Prezident İlham Əliyevin bu humanist addımı həm azadlığa çıxanlar, həm də cərimə cəzasından azad olan şəxslər, onların ailə üzvləri, valideynləri, yaxınları tərəfindən böyük sevinclə qarşılanmışdır. Bu qətiyyətli addımı ilə möhtərəm Prezidentimiz bir daha təsdiqlədi ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzində saxladığı zəruri məsələlərdəndir.
Azərbaycan Prezidentinin növbəti humanist addımı bir daha təsdiqlədi ki, ölkəmiz bu sahədə siyasi xəttini uğurla davam etdirir. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları, ekspert və analitiklər bu faktları yüksək qiymətləndirir, Prezident İlham Əliyevin insanpərvər və humanist dövlət rəhbəri olduğunu xüsusi olaraq vurğulayırlar. Ölkəmizdə ardıcıl imzalanan əfv fərmanları Azərbaycanın demokratik imicinin daha da möhkəmləndirir, dövlətimizin insan hüquqları üzrə ixtisaslaşmış mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT, Avropa Şurası kimi nüfuzlu qurumlarla münasibətlərinin intensivləşdirilməsindən xəbər verir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu sahəsində uğurlarını şərtləndirən mühüm amillər kimi qiymətləndirilir. Əfv olunanların sırasında müxalifət təmsilçilərinin də olması bir daha onu göstərir ki, cənab Prezident sözün həqiqi mənasında bütün azərbaycanlıların lideri, rəhbəridir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında