Qobustan şəhəri və ətraf kəndlərin içməli su təchizatı yaxşılaşdırılır

Qobustan şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. Bu münasibətlə keçirilən açılış mərasimində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Açılış mərasimində çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Qobustan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikası regionlarının 2009-2913-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində 2014-cü ilin sonuna qədər Qobustan şəhərinin və 7 kəndin içməli su təchizatının yenidən qurulacağını diqqətə çatdıran natiq ötən il icrasına başlanmış layihənin artıq birinci mərhələsinin yekunlaşdırıldığını bildirmişdir. Bu da ilkin olaraq suyun Qobustan şəhərinin sakinlərinə verilməsinə inkan yaratmışdır. Qeyd olunmuşdur ki, növbəti mərhələdə Azərbaycan hökumətinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə həyata keçirəcəyi layihəyə uyğun olaraq Qobustan şəhərinin və 7 kəndin içməli su şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərdə kanalizasiya şəbəkəsi yaradılacaq, çirkab sutəmizləyici qurğu tikiləcək. Bildirilmişdir ki, artıq layihə çərçivəsində tender elan olunmuş, 2012-ci ilin ikinci yarısında isə tikinti işlərinə başlanacaq.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının rayonun sosial-iqtisadi inkişafına və əhalinin həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini qeyd etmiş və rayon sakinləri adından ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir. Yeri gəlmişkən, "Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi Qobustan şəhəri, Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərini əhatə edir və ümumilikdə 20 minə yaxın insanın içməli su təchizatının yaxşılaşmasına hesablanmışdır. Qobustan şəhərinin və rayonun 7 kəndinin keyfiyyətli və dayanıqlı su təchizatının aparılması üçün Təsi kəndi yaxınlığında - Qobustan şəhərindən 21 kilometr uzaqlıqda qazılmış subartezian quyularından istifadə olunacaq. Layihənin birinci mərhələsinə uyğun olaraq quyu sahəsində artıq 2 subartezian quyusu qazılaraq istismara verilmiş və onların suyu Qobustan şəhərinə nəql olunur. İçməli suyun nəqli və səmərəli paylanması məqsədilə Bədəlli və Daşarası kəndlərində hər birində tutumu min kubmetr olan iki su anbarı, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları tikilib istifadəyə verilmişdir. 2011 və 2012-ci ilin yanvar-may aylarında dövlət büdcəsindən ayrılan investisiya hesabına quyu zonasından Bədəlli su anbarı meydançasına qədər 5922 metr (325 millimetr diametrli), Bədəlli su anbarı meydançasından Daşarası su anbarına qədər 8962 metr (250 millimetr diametrli), Daşarası su anbarından Qobustan şəhərinə qədər isə 5300 metr (219 millimetr) uzunluğunda polad borularla magistral su xətti çəkilmişdir.
Layihənin növbəti mərhələsində 8 ədəd subartezian quyusu qazılacaq, ümumi tutumu 5 min kubmetrdən artıq 10 su anbarı inşa olunacaq. Bununla paralel olaraq Qobustan şəhərində 60 kilometr uzunluğunda paylayıcı su xətti, 60 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək, xlorator və Sukanal İdarəsi üçün inzibati bina və anbar tikiləcək. Bundan əlavə, kəndlərdə 30 kilometrdən artıq paylayıcı su xətti çəkiləcək. Layihə çərçivəsində hər bir evdə su sayğacının quraşdırılması da nəzərdə tutulur.
"Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin icrası 2014-cü ildə başa çatacaq. Bunun da nəticəsində Qobustan şəhəri və 7 kənddə 20 minə yaxın insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. Xatırladaq ki, "Azərsu" ASC hazırda Qobustan şəhərinin 8300 sakinindən cəmi 1960 nəfərə və ya təqribən 25 faizinə xidmət göstərir. Şəhər əhalisinin qalan hissəsi isə suyu fərdi qaydada maşınlarla alır. Qobustan şəhərində kanalizasiya şəbəkəsi isə, ümumiyyətlə, yoxdur.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında