Xeyirxahlıq daim yaddaşlarda yaşayır

Həyatı mənalı yaşamaq, elin, xalqın yaddaşında qurub-yaradan, xeyirxah insan kimi iz qoymaq hər şəxsə nəsib olmur. Abşeron rayonunun qədim Digah kəndində Böyükağa Ələkbərov gözəl ziyalı, həqiqi el ağsaqqalı idi. Öz səmimi münasibəti, sadə, xoş rəftarı ilə Böyükağa müəllim hamının qəlbinə yol tapmağı bacarmışdı. Bu gün həyatda olmasa da, adı, xatirəsi onu tanıyanlar üçün çox əzizdir. 
Digahda, qonşu kəndlərdə böyükdən kiçiyə qədər hər kəs onu görəndə, sadəcə həmsöhbət olanda çox sevinirdi. Adamlar sidq-ürəklə arzularını da, problemlərini də onunla bölüşürdülər. Bilirdilər ki, o, mümkün olan köməyi edəcək, ən ağıllı, ən düzgün məsləhətlər verəcək. Bir ildir ki, el ağsaqqalı Böyükağa Ələkbərov həyatda yoxdur. Bu ağır itki onun ailə üzvləri, doğmaları, bütün kənd camaatı üçün nə qədər ağır olsa da, yeganə təsəlli odur ki, belə insanlar dünyalarını dəyişdikdən sonra da uzun zaman yaddaşlarda yaşayırlar. Bunlar həyatlarını mənalı yaşayan, ömürlərinin hər bir anını el-obasına xidmətdə keçirən, yer üzünə xeyir toxumu səpən insanlardır.
Böyükağa müəllim çox mənalı bir ömür yolu keçib. 1961-1964-cü illərdə hərbi xidmətdə olub. 1964-1969-cu illərdə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Pedaqoji Universitet) ali təhsil alıb. Doğma qəsəbəsindəki orta məktəbdə müəllim işləyib. 1958-1969-cu illərdə qəsəbədəki mədəniyyət evinin müdiri vəzifəsində çalışıb. İctimai işlərə böyük marağını və bu sahədə bacarığını, səriştəsini nəzərə alaraq onu 1969-cu ilin avqustunda Digah qəsəbə soveti icraiyyə komitəsinin sədri vəzifəsinə seçiblər və 1992-ci ilə, sovet quruluşu dağılandan sonrakı dövrə qədər tam 23 il bu vəzifədə çalışıb, doğma qəsəbənin problemlərinin həlli ilə məşğul olub. Respublikamızın müstəqillik qazandığı ilk illərdə böyük həyat və iş təcrübəsi nəzərə alınaraq Abşeron Rayon İcra Hakimiyyəti başçısının Digah qəsəbə ərazi vahidi üzrə nümayəndəsi təyin edilib. Təbii ki, müstəqilliyin ilk illərində ölkəmizin qarşılaşdığı bütün sosial-iqtisadi çətinliklər Digahdan da yan keçməmişdi. Uzun zamandan bəri fəaliyyətdə olan elektrik xətləri köhnəldiyinə görə işıqlar tez-tez söndüyündən, bütün çətinliklərə sinə gərən B.Ələkbərov 1992-1993-cü illərdə bu problemin həllinə girişir və tezliklə qəsəbəyə yeni işıq xəttinin çəkilməsinə nail olur. Hələ sovet dövründə, 1970-ci ildə o, su qıtlığı problemindən əziyyət çəkən digahlılar üçün "2-ci sovxoz" deyilən ərazidən su xətti çəkdirmiş, sakinlərin əziyyətlərinə son qoymuşdu. Bütün bunlar onun el-oba üçün gördüyü vacib və savab işlərin çox kiçik bir qismidir.
Böyükağa Ələkbərov Abşeron rayonunda hörmətli, sayılıb-seçilən şəxslərdən biri idi. O, rayonun ictimai həyatında da daim fəallıq göstərmiş, öz şəxsi nüfuzundan istifadə edərək doğma Digahın sosial-iqtisadi inkişafı üçün yorulmadan çalışmış, həmyerlilərinin gündəlik məişət və təsərrüfat problemlərinin həlli üçün müvafiq icra strukturları ilə işgüzar əlaqələr qurmuşdur. Dövlət bütün şüurlu həyatını doğma kəndinin, el-obanın tərəqqisinə həsr etmiş Böyükağa Ələkbərovun xidmətlərini layiqincə qiymətləndirmişdir. O, 1986-cı ildə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuş, bir neçə dəfə fəxri fərmanlarla mükafatlandırılmışdır.
Bir vaxtlar Böyükağa müəllimlə birgə çalışan insanlar onun barəsində böyük həvəslə, ürək dolusu söz açırlar. Qəsəbə sakini, Oruc Məmmədov deyir:
- Böyükağa müəllimi 40 ildən çox idi ki, tanıyırdım. O, özünün yaxşı işləri, xeyirxah əməlləri ilə qəsəbəmizdə əsl el ağsaqqalı kimi ad qazanmışdı. Onu daim bu və ya digər problemin həllində, iş üstündə görmüşük. El-obası üçün həmişə yorulmadan çalışar, faydalı bir iş görməyə can atardı. Su sarıdan korluq çəkən qəsəbəyə su, işıq xətlərinin çəkilməsində, yol problemlərinin həllində, kənd küçələrinin asfaltlaşdırılıb abadlaşdırılmasında, yeni qaz xəttinin çəkilməsində onun xidmətləri danılmaz idi.
Digah sakini Zahir Ağayev isə Böyükağa Ələkbərovdan söz düşəndə bunları deməyi özünə borc bildi:
- Çox işgüzar, yaradıcı bir şəxsiyyət idi. Qəsəbəmizdəki əksər sosial obyektlər üçün binaların tikilməsində onun bu və ya digər dərəcədə əməyi olub. Onun rəhbərliyi dövründə qəsəbədə yeni poçt, ATS binaları tikilib, orta məktəb binası üçün 10 otaqdan ibarət yeni korpus inşa edilib. Həkim ambulatoriyası yenidən əsaslı şəkildə təmir olunub və zəruri tibbi avadanlıqlarla təmin edilib. Uşaq bağçasında əsaslı təmir işləri görülüb.
Digahın əksər sakinləri Böyükağa müəllimin əsl Allah adamı, qəlbi imanlı bir insan olmasını da dərin ehtiram hissi ilə xatırlayırlar. Kənd sakinlərinin demək olar ki, hamısı söhbət zamanı təsdiqlədilər ki, Böyükağa müəllim dağılıb məhv olmaq təhlükəsi ilə üzləşən kənd məscidini əsaslı təmir etdirərək sakinlərin ixtiyarına vermişdir. Burada 16 metr hündürlüyü olan minarə inşa olunmuşdur. Digahda Böyükağa Ələkbərovun hədsiz dərəcədə xeyirxah insan olduğunu, qəsəbə və rayon ərazisində yaşayan Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, kimsəsizlərə daim kömək əli uzatdığını, onlara maddi və mənəvi dayaq durduğunu da heç kəs unutmur, bu barədə yeri düşdükcə qədirbilənliklə söz açırlar, xatirəsini anırlar.
Sonda qeyd etmək istərdim ki, bu sətirlərin müəllifinə də el ağsaqqalı Böyükağa müəllimlə bir neçə dəfə ünsiyyətdə olmaq nəsib olub. İl yarım bundan əvvəlin söhbətidir. Böyükağa müəllim son illər Abşeronda baş verən müsbət dəyişikliklərdən, ölkə başçısı İlham Əliyevin rayona xüsusi qayğısından hədsiz minnətdarlıq və qürurla danışırdı. İftixarla deyirdi ki, o, xoşbəxt insandır. Ona görə xoşbəxtdir ki, dahi siyasətçi Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ona görə xoşbəxtdir ki, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyinin daha parlaq olacağına qəlbən inanır...

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında