"Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi" mövzusunda seminar

Vergilər Nazirliyinin Şamaxı rayonunun Pirqulu qəsəbəsində yerləşən Tədris Mərkəzində "Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi" mövzusunda seminar keçirilmişdir. Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, Azərbaycan Respublikasının Mərkəzi Bankının, respublikada fəaliyyət göstərən bankların və onların prosessinq mərkəzlərinin mütəxəssisləri, həmçinin biznes strukturlarının, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. 
Tədbiri giriş sözü ilə açan Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəhbəri Aysu Məmmədova seminar iştirakçılarını salamlayaraq, iyun ayında nazirliyin insan resurslarının inkişafı strategiyasının həyata keçirilməsində mühüm rol oynayan bu təhsil ocağının yaradılmasının 10 ilinin tamam olduğunu qeyd etdi, onun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verdi. Qeyd olundu ki, Tədris Mərkəzi nazirliyin kadrlarının bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi ilə bağlı elm və təhsil ocağı kimi fəaliyyət göstərir və ötən 10 il ərzində bu mərkəz vergi işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını, habelə vergi siyasətinə dair elmi-tədqiqatların aparılmasını təmin etmişdir.
Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev "Azərbaycan Respublikasında dövriyyədə olan nağd pul kütləsinin məhdudlaşdırılmasını zəruri edən amillər" mövzusunda geniş təqdimatla çıxış etdi, son 15 il ərzində ölkədə nağdsız pul dövriyyəsinin artırılması istiqamətində görülən işlər və milli ödəniş sisteminin inkişafı sahəsində aparılan qanunverici və inzibati islahatlar barədə danışdı. Qeyd olundu ki, ölkədə müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi və nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər biznes subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılması, habelə dövlət müəssisə və təşkilatları tərəfindən pul vəsaitlərinin daha səmərəli istifadəsinə xidmət edir. Təqdimatda Vergilər Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən tədbirlərdən və beynəlxalq təcrübədə rast gəlinən qanunvericilik məhdudiyyətlərindən danışıldı.
Sonra Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Vahid Qurbanlı "Hökumət ödənişlər portalı: görülmüş işlər və perspektivlər" mövzusunda çıxış etdi, Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin strukturu, inkişaf dinamikası, ödəniş imkanları və Hökumət Ödəniş Portalı layihəsi, cari ildə bu sistemə inteqrasiyası nəzərdə tutulan təşkilatlar, iştirakçı qurumlar və ödəyicilər üçün üstünlüklər barədə seminar iştirakçılarına məlumat verdi.
Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi İlqar Xəlilov "Vergi və rüsumların nağdsız qaydada ödənişi" barədə danışaraq, elektron ödənişlər sahəsində aparılan islahatlar, bu sistemin tətbiqi və onun aparılması qaydaları, elektron ödənişin tətbiqi nəticəsində əldə olunan uğurlar barədə məlumat verdi.
Daha sonra "Nağdsız ödənişlərin həcminin artırılmasında prosessinq mərkəzlərinin rolu" mövzusunda "Milli kart" MMC-nin əməliyyat şöbəsinin rəisi İlqar İbrahimovun, "Nağdsız hesablaşmaların stimullaşdırılması işində biznes ictimaiyyətinin mövqeyi" mövzusunda Amerika Ticarət Palatasının siyasət və hüquq məsələləri üzrə koordinatoru Şahid Şükürovun, "POS-terminallar vasitəsilə plastik kartlarla nağdsız ödənişlərin həyata keçirilməsi qaydaları" barədə "AtaBank" ASC-nin Bank kartları departamentinin direktor müavini Kamran Şıxəliyevin, "POS-terminalların tətbiqi: mövcud vəziyyət və perspektiv imkanlar" mövusunda Kapital Bank" ASC-nin mütəxəssisi Ramil Məcidovun, "Elektron ticarət: mövcud vəziyyət və perspektivlər" mövzusunda "Golden Pay" şirkətinin təsisçisi Fərid İsmayılzadənin, "Nağdsız hesablaşmaların tətbiqində vətəndaş cəmiyyətinin rolu" barədə Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyevin, "Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsində təbliğat işlərinin rolu" mövzusunda Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin əməkdaşı Rövşən Məmmədovun təqdimatları dinlənildi.
Çıxışlar ətrafında geniş müzakirələrdən sonra KİV nümayəndələrinin sualları cavablandırıldı, onlara sertifikatlar təqdim olundu.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında