Azərbaycanda dövlət qulluğu sistemi və onun hüquqi bazası beynəlxalq standartlara uyğunlaşdırılmışdır

Dövlət qulluğu dövlət idarəçiliyinin əsas istiqamətlərindən biridir. Dövlət qulluğu hələ dövlət idarəçilik elmi yaranmamışdan əvvəl mövcud olmuşdur və elə həmin andan da dövlət qulluğunun prinsipləri yaranmağa başlamışdır. Azərbaycanda dövlət idarəçiliyinin əsasını təşkil edən dövlət qulluğunun prinsipləri müasir dünya dövlətçilik prinsiplərinə uyğunluğu ilə diqqəti cəlb edir. Dövlət qulluğu prinsipləri dövlət qulluqçularının fəaliyyətinin əsas davranış qaydalarını müəyyən edir. Bu prinsiplər adətən dövlətin idarəçilik prinsipləri ilə ahəngdarlıq təşkil edir. Dövlət idarəçilik və dövlət qulluğu prinsiplərinin əsası hər bir dövlətin konstitusiyası ilə tənzimlənir. 
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilərkən hələ dövlət qulluğu ilə əlaqədar ayrıca bir qanun qəbul edilməmişdi. Lakin Azərbaycan Respublikasının Konstitusiyasında dövlət qulluğunun konstitusional prinsiplərinin əsasları əks olunmuşdur. Konstitusiyada Azərbaycan vətəndaşlarına dövlət idarəetməsində iştirak və dövlət qulluğuna qəbul hüququnu verən ayrıca maddə vardır. 55- ci maddədə deyilir:
- Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.
- Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.
Qeyd olunduğu kimi, konstitusional prinsiplər dövlətin konstitusiyasında əks olunur, digər normativ aktlarda isə konkretləşdirilir. Bunu nəzərə alaraq, dövlət qulluğu sahəsində Azərbaycanda islahatların, xüsusilə, hüquq sahəsində islahatların aparılması çox vacib idi. Dövlət qulluğu isə dövlət idarəçiliyinin bir hissəsi olduğu üçün dövlət idarəçilik sistemində kompleks islahatların aparılması daha məqsədəuyğun hesab edildi.
Müstəqil Azərbaycan dövlətində cəmiyyətin demokratikləşdirilməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün dövlət idarəetməsində köklü islahatların aparılması prinsipial əhəmiyyət kəsb etdiyi üçün tarixi şəxsiyyət Heydər Əliyev 1998-ci il dekabrın 29-da "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında" fərman imzalamışdır. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra dövlət qulluğu sistemi və onun hüquqi bazası formalaşdırılmışdır.
Ölkəmizdə aparılan dövlət qulluğu siyasətinin əsas qayəsini məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması təşkil edir.
Dövlət idarəetmə fəaliyyətinin bir istiqaməti olan dövlət qulluğunun idarə edilməsində əsas faktor ümumi idarəetmə fəaliyyətində olduğu kimi insan faktorudur. Yəni dövlət qulluqçularının seçilməsi, inkişafı, attestasiyası, ümumiyyətlə, dövlət qulluğunda kadrların idarə edilməsinin səmərəli təşkil edilməsi məsələləri mühüm əhəmiyyət kəsb edir. Dövlət qulluğu kadrlarının idarə edilməsinin elmi əsaslarını nəzərdən keçirmək, məqsəd, funksiya və prinsiplərini müəyyən etmək və ən optimal idarəetmə metodlarından istifadə etmək vacib dövlət idarəçilik fəaliyyətidir.
Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan edilib. Sərəncamda bildirilir ki, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu nəzərə alaraq, eləcə də BMT-nin 23 iyun tarixini "Dövlət qulluqçularının peşə bayramı günü" elan etməsi faktı ilə əlaqədar bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınır. Həmin vaxtdan başlayaraq hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir.
Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları indi öz peşə bayramlarını altıncı dəfə təntənəli şəkildə keçirməyə hazırlaşırlar. Ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000 - ci il iyulun 21- də qəbul edilən "Dövlət qulluğu haqqında" Qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub.Bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlarda əsas məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiya prosesinin sürətləndirilməsindən ibarətdir. Prezident İlham Əliyevin 2005- ci il 19 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb və Əsasnaməsi təsdiq edilib. Bu komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsinə qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, qanunvericilikdə nəzərdə tutulan siyasətin həyata keçirilməsini təmin etməkdir. Ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçilik sisteminin qurulmasında da mühüm rol oynayır.
Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük ardıcıllıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər bir kəsin yaxşı yaşayıb işləməsi üçün müvafiq şərait yaradılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə dövlət qulluğu sisteminin formalaşdırılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq demişdir: "Müstəqil Azərbaycan Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun ali siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısı alındı, sabit dövlət idarəçiliyi bərpa edildi, demokratik, hüquqi dövlət quruculuğu prosesi başlandı. Onun rəhbərliyi altında həyata keçirilən idarəçilik fəaliyyəti insanlarda dövlətçilik şüurunu möhkəmləndirdi, hakimiyyət və idarəetmə orqanlarının işinə inamı artırdı. Son illərdə dövlət idarəetmə orqanlarının işinin dövrün tələblərinə uyğun yenidən qurulması, keyfiyyətli kadr korpusunun yaradılması, nazirlik və komitələrin müvafiq istiqamətlər üzrə vahid dövlət siyasətini həyata keçirən hakimiyyət orqanlarına çevrilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. Həyata keçirilən islahatlar nəticəsində dövlət orqanlarının səlahiyyətləri dəqiqləşdirilmiş, onların öz vəzifələrini daha dəqiq və dürüst icra etmələri üçün imkanlar genişləndirilmiş və məsuliyyət artırılmışdır. Dövlət qulluğunun qanunvericilik bazası yaradılmış, "Dövlət qulluğu haqqında" Qanun və digər hüquqi-normativ sənədlər qəbul edilmişdir".
"Dövlət qulluğu haqqında" Qanun qəbul edildikdən ötən müddət ərzində 53 qanun, 79 fərman, 32 sərəncam qəbul edilmiş, eləcə də Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılmışdır. Dövlət qulluqçularının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hər bir hərəkəti sıravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, bütövlükdə hər bir vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir və onlar bu ümidləri mütləq doğrultmalıdırlar. Vətəndaşlar, ilk növbədə, dövlət qulluqçusunun gündəlik davranışına, onun saflıq və təmizliyinə diqqət yetirir, müraciət etdiyi hər bir vəzifəli şəxsdən öz vəzifəsinə daha vicdanla yanaşmasını tələb edir.
Müasir dövrdə dövlətlərin beynəlxalq aləmə inteqrasiya prosesinin sürətləndirilməsi üçün hər bir dövlətin idarə edilməsinin təşkilinin yüksək səviyyədə olması çox əhəmiyyətlidir. Azərbaycan Respublikası da müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını davam etdirir. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında